26.12.2024, 20:56
AZ EN
03.03.2023, 10:07

Mayanın bənzərsiz həyat hekayəti

Şərif AĞAYAR

  • 44 günlük müharibənin bitməsinə bir neçə gün qalmış daha bir nur üzlü soydaşımız şəhadət zirvəsinə ucaldı. Onun anası övladının tabutuna girdi. Ananın o hüzn içindəki məğrur duruşu hamının diqqətini çəkdi və fotoları sosial şəbəkələrdə və mətbuatda böyük sayğı ilə yayılmağa başladı.

Mən bu qadını tanıyırdım!

Feysbuk platformasında mənimlə də dost olan Maya Quliyeva daim vətənpərvərlik mövzusunda paylaşımlar edir, səhifəsini əsgər və bayraq fotoları bəzəyirdi. Qarabağ haqda istənilən fakta yüksək həssaslıq göstərirdi. Mən onun Ağdamdan məcburi köçkün olduğunu bilirdim, lakin çox da yaxından tanımırdım.

“Murov qartalı” kimi əfsanələşən Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucov haqqında roman yazıb çap edəndən sonra onunla münasibətimiz daha da yaxınlaşdı. Kitaba görə mənə minnətdarlığını bildirir, durmadan öz sayğı və ehtiramını ifadə edirdi. Açığı, əvvəlcə onu Raquf Oricovun qohumu zənn etdim. Şəhidləri hamımız sevir və adlarını könlümüzün ən məhrəm yerində gəzdiririk, lakin Maya Quliyevanınkı təkcə sevgi deyildi, o həm də Raquf Orucova qarşı xüsusi bir doğmalıq, yaxınlıq göstərirdi. Kitabı necə əldə edə biləcəyi haqqında soruşanda bildim ki, Orucovlar ailəsi ilə heç bir qohumluq bağı yoxdur.

Ağdamın Quzanlı qəsəbəsində keçirilən təqdimat mərasimində ona da kitab imzaladım. Bir müddət sonra Maya xanım romanla bağlı fikirlərini yazdı, çox təsirləndiyini bildirdi və mənə bir müəllif kimi xoş sözlərini çatdırdı. Təbii, bütün bu diqqət məndən artıq Raquf Orucova görə idi. Çünki bir çox qarabağlılar kimi Maya xanım da bizim dəyərli komandirimizi lazımınca tanıyırdı.

Daha sonra mənə səmimi vətənpərvərlik duyğuları ilə dolu olan bir təklif etdi: istər Azərbaycanda, istərsə də xaricdə yaşayan bir çox dostları və qohumları ondan kitab istəyirdilər, əgər icazə versəm, kitabın fotolarını çəkib feysbukda paylaşmaq arzusunda idi.

Təsəvvür edirsiniz?

Üç yüz səhifəlik kitabın bütün səhifələrini telefonla çəkmək və paylaşmaq!

Dəhşətə gəldim!

Maya xanımın bu fədakarlığı məni kitabın “pdf” variantını hazırlayıb internet resurslarında yerləşdirməyə vadar etdi. Onun sayəsində roman kitabı əldə edə bilməyənlər üçün əlçatmaz olacaqdı.

Şuşanın düşmən işğalından azad edilməsinə bir neçə gün qalmış Maya xanımın könüllü cəbhəyə yollanan oğlu Xalid Hassan şəhid oldu, ana qürurla, göz yaşı axıtmadan doğma övladının tabutuna girərək bütün Azərbaycana nümunə göstərdi.

Bu fədakar qadınla dəfə Nizami Kino Mərkəzində qarşılaşdım. O həm zalda oturmuşdu, həm də ekranda göstərilən “Maya” adlı sənədli filmin baş qəhrəmanı idi.

Oğlunu vətən yolunda qurban verən və bununla sözün həqiqi mənasında qürur duyan keçmiş həmsöhbətimi afişa şəklində tanımamışdım...

Maya xanımın unikal həyatı, nəhayət, kinokameranın diqqətini çəkmişdi. Bu nəcib təşəbbüs dostumuz Xəyal Rzadan gəlmişdi. Biz Xəyalı daha çox şair kimi tanıyırıq. Sən demə, o, Mədəniyyət və İncəsənət Universitetindı ikinci təhsilini alırmış, “Maya” filmi isə onun diplom işi imiş. Filmin bədii rəhbəri Xəyalın müəllimi Oqtay Mirqasımovdur.

Mayanı tanıyırdım, bəli, lakin onun Azərbaycan dilində bu qədər gözəl danışdığını bilmirdim. Filmin sürprizi təkcə bu deyildi.

Məşum 90-ların məcburi köçkünlük illərində Mayagilin ailəsi çadırda qalırdı. Mayanı oxuyan şagird kimi yardıma gələn xaricilərlə məcburi köçkünlər arasında rus və türk dillərindən tərcüməçilik etməyə çağırırdılar. Əcnəbilər arasında bir ərəb də vardı. Lakin qəribədir, Mahmud Hassan adlı bu ərəbin ardınca həmişə stul gəzdirir, harda dayanırdısa, stulu qoyub otuzdururdular. Yeniyetmə Maya bu fakta diqqətlə baxır, səbəbini anlamağa çalışırdı...

Bir gün, gözlənilməz bir hadisə baş verir – Mahmud bəy özündən çox-çox cavan olan və zahiri görkəmcə ona heç yaraşmayan Mayaya elçi düşür. Ailədın “hə” cavabı gəlir və onlar evlənirlər. Qısqanc ərəb həyat yoldaşını Bərdə şəhərində tutduğu bina evinə gətirir vəhər gün qapını üstündə bağlayaraq işə gedir.

Qısa desək, Mayanın evlilik adına dəhşət dolu həyatı başlayır.

İki övladı doğulandan sonra da sərt qaydalar dəyişmir.

Gənc ananın “Axı belə yaşamaq olmaz!” iradına Mahmud bəyin cavabı bu olur: “Sən bu həyatınla cənnətdə ev qazanmısan, orda xoşbəxt olacaqsan...”

Bu sözlər bütün bağların qopmasına səbəb olur. Maya anasının təkidli etirazına baxmayaraq Mahmud bəydən boşanır və Ağdamdakı qaçqın qəsəbələrinin birində anası ilə yaşamağa başlayır. Lakin övladlarına atası ilə görüşmək qadağası qoymur. Hətta bəzən özü də onlarla birlikdə keçmiş ərinin ziyarətinə gedir...

Filmdə ayağını avtomobil qəzasında itirmiş Mahmud Hassan da çəkilib. Həm Mayadan, həm övladlarından, həm də Qarabağdan sevgi ilə danışır. Azərbaycanı haqlı olaraq öz vətəni sayır və bizim doğma dilimizi də öyrənib...

Mayanın həyatı yalnız buracan bütün dünya üçün maraqlı bir filmdir. Oğlu Xalid Hassanın şəhadəti və Məryəm adlı körpə övladının qalması isə filmə başqa bir nəfəs verir. Balaca Məryəm nənəsinə çox bənzəyir. Maya xanım deyir ki, çox gənc idim, öz uşaqlarıma qarşı analıq hissini yaşaya bilmədim, indi elə bilirəm Məryəm mənim qızımdır...

Əmisi Ömür Hassan isə and içib: Məryəmin atasızlığı hiss etməsinə imkan verməyəcək.

Filmdən sonra yaradıcı dostlarla süfrə arxasında oturduq və başqa məclislərdən fərqli olaraq bütün söhbətimiz filmlə bağlı oldu. Bəzən belə fikirlər səsləndi ki, qəhrəman yaxşı seçilib və yaxşı danışıb, rejissorun ciddi bir fəaliyyəti yoxdur. Lakin mən qəti şəkildə belə düşünmürəm. Dostoyevski deyirdi ki, bəzən həyatı redaktə etmədən yazmaq lazım gəlir. Eləcə də filmi bu cür çəkmək bəzən zərurətə çevrilir. Mayanın hekayətinə rejissor əlavələri filmin təbiiliyinə xələl gətirə bilərdi. Doğrudur, rejissor əlavə təsirli həyat görüntüləri çəkə bilərdi, lakin bu qədəri də kifayətdir. Film öz məqsədinə çatır – o, Mayanın obrazını tamaşaçının beynində uğurla yaradır və ən başlıcası onu yaddaqalan edir.

“Maya” filmini Qarabağ savaşına lazımınca həssaslıq göstərməyən ərəb dünyasına bir nümunə kimi çıxarmaq olar. Şəhidimiz Xalid Hassan həm də onların övladıdır və bu xalqla azərbaycanlıların qardaşlığının nümunəsidir.

Başqa bir detal Qarabağda ərəblərin döyüşməsi ilə bağlı irəli sürülən yersiz iddialara cavabdır. Bəli, Qarabağda ərəb döyüşüb, lakin Xalid Hassan kimi...

Yazımı Mayanın filmdə səsləndirdiyi sözlərlə bitirmək istəyirəm. Deyir, doğma kənd-kəsəyimə qayıtmaq üçün bir bədəl ödəməli idim, ödədim də, böyük sevincim isə Azərbaycanın tarixi qələbəsidir.