27.07.2024, 14:14
AZ EN
02.02.2023, 09:15

Qalib Azərbaycan gənci

Şərif AĞAYAR

  • Günümüzün danılmaz gerçəyi olan sosial media işi ən çox bir fakta görə dəyərləndirilir: hədəf kütləsinin yaşı... İstənilən rəqəmsal platformanın əsas auditoriyası gənclərdirsə, demək, işlər qaydasındadır, deyilsə, ciddi-ciddi işləmək tələb olunur. Ən yaxşı sosial media meneceri 15-35 yaş arası insanları öz azarkeş çevrəsinə daxil etməyi bacaranlardır.

Təkcə bu fakt gəncliyin cəmiyyətdəki yerini təyin etmək üçün kifayətdir. Biz irəli sürülən ehtimalın zaman-zaman təsdiqini görmüşük. Peyğəmbərlər, siyasi liderlər, futbol, kino və estrada ulduzları həmişə gəncliyə ən vacib auditoriya kimi yanaşıblar. Bütün ideyalar gəncliyin təsdiq nidaları ilə tarixi gerçəkliyə çevrilib.   

Çünki gənclik gələcəyin qarantı, sabahın sahibidir. Yanlış düşünsə belə əvvəl-axır onun dediyi olur. Təhsilin bəşəriyyət üçün ən vacib əhəmiyyəti də məhz bu incə nüansı nəzərə alıb gəncliyi doğru istiqamətləndirməkdir.

Üstəlik, bütün böyük insanlar özünü ilk gənclik enerjisi hesabına göstərib. Ömrün qalan hissəsi bu enerjini zəhmət və təcrübə ilə cilalamaqdan ibarətdir.

Gənclik hər şeydən əvvəl səhv edə bilmək imkanıdır. Bunu sənə gizli-aşkar bağışlayırlar və dünyanın ən böyük işləri səhv edə bilmək azadlığı sayəsində ortaya çıxır. Dəmirdən qorxan maşına minməz misalı, səhv etməkdən qorxan həqiqəti tapa bilməz. Məsuliyyət hissi həddini aşanda qorxuya, çəkingənliyə çevrilir, gənclik bu amansız gerçəkliyə öz dəliqanlılığı ilə qalib gəlir.

Böyük Atatürkün “Gəncliyə xitabı” həm onun dəyəri, həm də yoluna mayak tutan idealıdır. Atatürkə görə, gəncliyin uğrunda özünü fəda etmədiyi vətən əsl vətənə çevrilə bilmir. Bu həm də gəncliyin qarşısına böyük tarixi məsuliyyət qoyur. Böyük öndər vətənin azadlığını, müstəqilliyini, dolayısı ilə xalqın müqəddəratını gəncliyə həvalə edir.

Bu ənənə bizdə də davam etdirilib. Dahi Üzeyir Hacıbəyli musiqimizin sabahını etibarlı əllərə tapşırmaq üçün mənəvi sərmayəsinin ən böyüyünü gəncliyə sərf edirdi. Hətta o həddə ki, Azərbaycanı qarış-qarış gəzib istedadı olan gəncləri tapır, təhsilə-təcrübəyə cəlb edirdi.    

Bizim gənclik Qərbin ən vacib problemlərini həll edərək arzuladığı səviyyəyə çatmış gəncləri kimi ərköyün ola bilməzdi. Qərb ölkələrinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq qayğısı yoxdur. Ya da bizim qədər deyil. Onlar gəncliyi pis vərdişlərdən uzaq tutmaqla, elmə və idmana cəlb etməklə, hardasa, işlərini bitmiş saya bilərlər. Bizdə isə...

Milli azadlıq mübarizəsi Bakı Dövlət Universitetinin tələbələri arasında alovlandı. Hər şeyi ölçüb-biçən yaşlılar böyük imperiyaya qarşı bu riskli addımı atmağa çəkinərdilər. Hətta arzulasalar, istəsələr, çox zaman bu mübarizəni təşkil etsələr də, ön planda görünə bilmirdilər. Onları vurmaq da, həbs etmək də, işdən qovmaq da daha asan idi. Gənclik həm də ona görə ürəklidir ki, itirməkdən qorxmur. Çox tanınmır, diqqət mərkəzində deyil, sabahı bu gündən artıq düşünür. Bir canı var gəncliyin, onu da fəda etməyə amadədir. Necə ki etdi!

Qarabağ savaşı başlayar-başlamaz Azərbaycan gəncləri səngərlərdə göründü. Xalqımızın igid oğlu, Milli Qəhrəman Əliyar Əliyev şəhid olanda 35 yaşı vardı. Başqa bir Milli qəhrəman Yusif Mirzəyev isə heç 35 yaşına çatmamışdı. Murov qartalı Raquf Orucov əlinə silah alıb vətənin keşiyində duranda və ən ağır döyüşlərin birində yaralananda 20 yaşında idi. İgidliyi ilə bütün dünyaya, xüsusən qardaş Türkiyəyə səs salan Mübariz İbrahimov 22 yaşında öz uca məqamına yüksəldi. Yüzlərlə, minlərlə misal çəkə bilərik.

44 günlük Zəfər savaşında 19-20 yaşlı nə qədər gəncimiz canından-qanından keçdi. Cəbrayıl Dövlətzadə. Cəmi-cümlətanı 19 yaş. Adam şəklinə baxanda dünyadan əl götürür.

Gözünü açar-açmaz, həyata atılar-atılmaz yolu səngərlərdən düşən, şəhid olan, yaralanan vətən oğullarına ömrümüz boyu minnətdarıq.

Yaxşı ki, yerdə qalanlar var.

Yaxşı ki, davamçılar gəlir.

Yaxşı ki, qələbə bayrağımız Şuşa qalasında dalğalanır.

Demək, qurbanlar havayı deyil.

Demək, gəncliyin zəhməti boşa getməyib.

Demək, gözəlim məmləkəti onlara etibar etməkdə haqlıyıq.

Ən böyük təskinliyimiz də elə budur!

Şübhəsiz, Azərbaycan gəncliyi təkcə vətənin müdafiəsində deyil, cəmiyyətin müxtəlif sahələrdə parlaq istedad nümayiş etdirib. İdman, təhsil, səhiyyə, mədəniyyət və ədəbiyyat... Şahmatçılarımızın ard-arda uğuru, “Qarabağ” futbol komandasının uğuru, Olimpiya oyunlarında aldığımız qızıl medallar, “Avroviziya” mahnı müsabiqəsindəmi qələbəmiz, kino-serial sənayesində yetişən yeni istedadlı nəsil, teatr səhnəsindəki yeni simalar, ədəbiyyatdakı uğurlu imzalar gələcəyimiz haqqında pessimist düşünməyə qoymur. Əlbəttə, problemlərimiz də yetərincədir. Lakin vacib olan prosesin getməsidir. Proses varsa, problemin həlli qaçılmazdır.

Gəncliyin bir adı da yorulmamaq, usanmamaq, daimi fəaliyyətdə olmaqdır.

Sükunət qorxuludur!

Bu gün 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən qeyd edilir. Gənclər günü MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd olundu. Xeyli müddət sonra gənclərin işi üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 12 avqustun Beynəlxalq Gənclər Günü elan edilməsi ilə bağlı qətnamə qəbul etdi. Bir çox sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də Azərbaycan öndə getdi. Bunun sayəsində dövlət idarəçiliyində – istər qanunverici, istər icraedici, istərsə də məhkəmə orqanlarında gənclik daha geniş şəkildə təmsil olunmağa başladı. 

Şübhəsiz, Azərbaycanın taleyində qaçqın və məcburi köçkün həyatı yaşayan gənclərimizin də böyük rolu vardır. Onların əksəriyyəti lap kiçik yaşlarından ağır həyat yaşasa da, bir qismi şəhid və qazi ailəsində böyüsə də, təhsil almağı və müxtəlif sahələrdə istedadları ilə parlamağı bacardılar.

Bu gün Azərbaycan gəncliyi işğaldan azad olunmuş vətən torpaqlarında quruculuq işləri aparır. Biz böyük qələbəmizlə dahi şəxsiyyətlərimizin gəncliyə bəslədiyi etimadı doğrulda bildik. Bu günün qalib gəncliyi sayəsində sabahımıza böyük inam bəsləyirik. Bütün problemlərimizin həll olunacağı və Azərbaycanın dünyanın ən güclü ölkələrindən birinə çevriləcəyi gün, inşallah ki, uzaqda deyildir.