26.12.2024, 20:01
AZ EN
20.01.2023, 07:10

20 Yanvar 44 günlük qələbə kontekstində

Şərif AĞAYAR

  • Tarixçilərə görə, biz keçmişi idrət götürmək üçün öyrənirik. Lakin keçmiş həm də bu günün inşaat prosesidir. Bu günlə nəticələnən səbəblər toplusudur. Yəni zərurətdir. Tarixi kontekstdə təsadüfi hadisə yoxdur. Zamanı bütöv hadisə ilmələri ilə toxunan nəhəng bir xalıya bənzətmək olar. Onun bütövlüyü üçün hər bir detalın tale yüklü əhəmiyyəti vardır.

Heç bir hadisəsi təsadüfi baş verməyən tarix xalısına diqqətlə baxsaq görərik ki, günəş Qafqaza yalnız işğalçı imperiyalar zəifləyəndə, onların başı özlərinə qarışanda düşüb. Örnək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması... Rusiyada 1917-ci il inqilabıarı başladı və çar imperiyası dağıldı, bir çox ilhaq edilmiş ölkələr kimi Azərbaycan da müstəqilliyini elan etmək imkanı qazandı. Lakin bu, burdən-birə baş vermədi. Bunun üçün inkarolunmaz tarixi proses getdi və azadlıq yenə bizdən öz qurbanlarını aldı.

Bu mənada ötən əsrin 80-90-cı illərində Azərbaycanda baş verən hadisələri kontekstdən çıxarıb dəyərləndirmək kökündən yanlışdır. Xüsusən bu fikir ki, sovetlər onsuz da dağılırdı, mitinqlər, nümayişlər və qurbanlar heç nəyi dəyişmirdi.

Bu günlərdə tanınmış elm və siyasət adamlarından biri də açıq-açığına söyləyirdi ki, tarixin ozamankı gərdişinə heç nə təsir edə bilməzdi, çünki SSRİ-ni Qərbdə cızılan plan əsasında onun rəhbərləri özü dağıdırdı. Lap belə olmuş olsa belə, hadisələr öz tarixi dəyərini itirmir. SSRİ-nin rəhbərləri onu dağıda bilərdilər, lakin onlar bunu Azərbaycanın müstəqilliyi üçün etmirdilər. Əksinə, əllərində imkan olsa, gözəlim məmləkəti daha ağır şərtlərlə öz caynaqlarında saxlamaq istəyərdilər. Hərçənd sonrakı hadisələr də bunu göstərdi.

Büyün baş verənlər sadəcə sovetlərin dağılma şəkli idi.

Biz 20 Yanvar hadisələrini daha dərindən təhlil etmək üçün ilk növbədə onu faciə konteksindən çıxarmalıyıq. Düzdür, biz bu günü rəsmi olaraq Ümumxalq Hüzn Günü kimi təqvimimizdə qara haşiyəyə almışıq. Həqiqətən də, humanizm rakursundan baxanda bir insanın, illah da qadının, yaşlının, uşağın günahsız öldürülməsi faciədir. Faciə isə istər-istəməz öz hüznünü yaradır. Lakin illər keçdikcə hadisənin hissi-emosional ağrısı nisbətən xəfifləyir və biz ona tarixi rakursdan daha rahat baxa bilirik. Tarixin aynasında isə biz Qanlı Yanvarı nəinki Azərbaycan və  postsovet məkanı, həm da dünya xalqlarının taleyinə təsir göstərən hadisə kimi görürük.

20 Yanvar hər şeydən əvvəl bütün dünyaya meydan oxuyan nəhəng SSRİ-nin öz şəhərinə bu cür irimiqyaslı ilk hücumu idi. Bu, doğrudan da hücum idi və Bakıya həm beş istiqamətdən qoşun yeridilir, həm də şəhəri üzük qaşı kimi mühasirəyə alırdılar. Sanki yad bir ölkənin üstünə yeriyirdilər. Bununsa səbəbi vardı – Bakı tarix boyu dəyişikliklərə həssas bir şəhər idi və azadlıq ehtirası daimi közərirdi.

Ona görə milli ruhu boğmaq üçün xüsusi plan hazırlanmışdı. Hətta dövlət öz vətəndaşlarına silah çevirməklə yanaşı həm də onu təxribata çəkirdi. Televiziyanın enerji bloku partladıldı və xalq Bakı şəhərində fövqəladə hal elan edilməsindən çox gec xəbər tutdu. Bəlkə, belə olmasa, hadisələrin gedişi dəyişə bilərdi.

SSRİ-nin dağılmasının qarşısını almaq, bəlkə, bunu yubatmaq, bəzilərinin fikrinə görə isə sürətləndirmək istəyi ilə belə bir addım atan Qorbaçov hakimiyyəti Bakı şəhərini işğal etsə də, Azərbaycanı itirdi. Xalq kommunist partiyasından, eyni zamanda sovet hakimiyyətində ən yüksək eşalonunda təmsil olunan cinayətkar qrupdan biryolluq üz döndərdi. Artıq geriyə yol yox idi. İş o yerə çatmışdı ki, sovet rəhbərləri Azərbaycan SSRİ-nin Ali Sovetinin tribunasından açıq şəkildə tənqid olundu. Faciə günü Moskvada Azərbaycan səfirliyinə gələn mərhum prezident Heydər Əliyev də öz çıxışında Bakıda cinayət hadisəsi baş verdiyini və buna görə SSRİ rəhbərlərinin məsuliyyət daşıdığını bildirdi. Bundan sonra tanınmış ictimai-siyasi xadimlərimiz partiya biletlərini atdılar.       

20 Yanvar kənardan bütöv və monolit görünən sovet hakimiyyətinin ciddi boşluqlarını üzə çıxardı, Kremlədə hadisələrə münasibətinə görə nəinki bir-birinə uyğun gəlməyən, hətta əks mövqelərdə dayanan qruplaşmalar meydana çıxdı. Bu vəziyyət Qorbaçovu çaş-baş qoymuşdu.

Geniş miqyaslı total narazılıq və xalqın öz hakimiyyətinə etimadının, etibarının itməsi bütün postsovet xalqlarına sirayət etdi. Xüsusən müsəlman respublikaları Bakı qırğını ilə hadisələrin hansı məcraya yönəldiyinin şahidi olub dərs götürdülər. Beləliklə, SSRİ-nin dağılma prosesi ağlagəlməz həddə sürətləndi.

Qeyd etdiyimiz kimi, Bakıya bir neçə istiqamətdən hücum edilmişdi. Lakin əsas qırğın indiki 20 Yanvar, ovaxtkı Qızıl Ordu meydanı istiqamətində və meydanın özündə baş verdi. Bu faktın rəmzi mənası vardı. Tarix kitablarında sülhün qarantı, xalqların xilaskarı kimi təbliğ edilən sovet ordusu öz adını daşıyan meydanda öz vətəndaşının üstünə tank sürdü. Bununla da 70 il gizlədiyi əsl kimliyini təkcə sovet xalqlarına deyil, bütün dünyaya nümayiş etdirdi.

20 Yanvar şəhidlərinin dəfni də ümumxalq aksiyasına çevrildi. Çiyinlərinə tabut almış bu insan seli Azərbaycan xalqının sarsılmaz iradəsini nümayiş etdirirdi. Ölkəmizin dövlət müstəqilliyi bir ürək kimi çırpınan o izdihamın bağrından doğdu.

Tarixi hadisələr həm də öz nəticələri ilə dəyərlidir. Azərbaycanın 2020-ci ilin sentyabrında başladığı 44 günlük zəfər müharibəsi 20 Yanvar hadisələrinin də əhəmiyyətini artırdı. Çünki biz müstəqilliyimizi qazansaq da, çox şey itirmişdik. Torpaqlarımızın işğaldan azad olunması azadlığımızla yanaşı suverenliyimizin də təminatına yol açdı və 1989-cu ildən bugünəcən baş verən heç bir hadisənin təsadüf olmadığını göstərdi. Azadlığa və suverenliyə aparan bütün yollar mübarəkdir. Bu iki müqəddəs amal uğrunda qan tökülməsi və qurban verilməsi bütün qabaqcıl xalqların alın yazısıdır. Nə azadlıq, nə müstəqillik, nə də suverenlik heç kimə havayı verilmir.

Qanlı Yanvar həm də qərənfilin taleyini dəyişdi: həmişə sevənlərin əlində gəzən bu gözəl gül matəm simvoluna çevrildi. Lakin Xarıbülül qələbə rəmzinə çevriləndən sonra bu əkslik tərəqqi vəd edən vəhdətə çevrilir.    

20 Yanvar hadisələrindən 33 il keçir. Hüznümüz İsa Məsih yaşına çatır. Din tarixi İsanı şəhid hesab edir. Çünki o da bir missiya ilə - geridə qalanları xilas etmək naminə həyatını qurban vermişdi. Bəlkə, elə buna görə şəhidlər Tanrının hüzurunda peyğəmbər məqamına ucalır.

Şərəf tariximizin müəlliflərinə sevgimiz əbədidir.

Nur içində yatsınlar.