26.12.2024, 20:01
AZ EN
28.11.2022, 12:05

Müdrik ağsaqqal, ziyalılıq nümunəsi

Sabit ƏZİMOV

Tanrının çox mənalı ömür payı bəxş etdiyi, hamımızın sevimlisi, həm sinif otağında, həm geniş auditoriyada, eyni zamanda həyatda müəllim olmuş Səlim müəllim indi, cismani olaraq, bizimlə olmasa da, onun parlaq siması, həyat yolu hər zaman qəlbimizdə yaşayır və yaşayacaqdır.

Bir insan ömrünü girov qoymuşam,

Müəllim ömrünü yaşatmaq üçün

- sözləri ilə bütövlüyünü sübut etdi. 56 il məktəb direktoru işləyərək minlərlə şagirdə kamal attestatı verdi. Novruzlu kənd orta məktəbinə, Bakı şəhərində yerləşən 71 saylı məktəbə rəhbərlik etdiyi dövrdə bu məktəbləri bitirmiş şagirdlər alim-professor oldular, respublika iqtisadiyyatının müxtəlif sahələri üzrə mütəxəssis kimi fəaliyyət göstərdilər, vətən torpağının azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldılar. Müdriklik nümunəsi olaraq 10-dan çox kitabın müəllifinə çevrildi. Özünün dediyi kimi, "Kitab yazmaq böyük mədəniyyətdir və bu mədəniyyət böyük səbr, hövsələ, həvəs, daxili bir ehtiyac tələb edir. Ən əsası isə bildiklərini, çoxlarına məlum olmayanları, kədər və sevincləri, həyat hadisələrinə münasibəti, arzu və xəyalları və s. qələmin gücüylə vərəqlərə köçürərək, adamları inandırmaq hər insanın hünəri deyil, səni gözləyən ağ vərəqlərlə dərdləşmək də asan məsələ deyil".

Ömrünün yarım əsrdən çox payını gənc nəslin formalaşması üçün səfərbər etmiş, şam kimi əritmiş, Ağdamın Novruzlu kəndinin hünərli, işıqlı, istiqanlı övladı kimi Səlim müəllim istedadını və mənəvi sərvətini xalqına, onun inkişafına xidməti ilə təsdiq etmişdir. Azərbaycan dilinin tədrisinə, onun saflığının qorunmasına, respublikamızda təhsilin inkişafına xidməti hər zaman öz müsbət nəticəsini vermişdir. Elə bunun nəticəsidir ki, bir çox dövlət mükafatlarına, xüsusilə Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür.

Dostluq etdiyi Ramiz Məmmədzadə deyirdi: "Səlim müəllim çox maraqlı bir şəxsiyyətdir. Bu şəxsiyyətin üfüqlərinə hər əl çatası, səs yetəsi deyil, sonu bilinməzdir”.

“Vətən mənim tərcümeyi-halım, şanlı keçmişim, bugünüm, gələcəyimdir”, - deyirdi Səlim müəllim. Məmməd Arazın "Bu gün gərək hər anımız Vətən desin! Qılıncımız, qalxanımız Vətən desin!” misraları onun həyat amalı idi, ləyaqət və hikmətə, vətən sevgisinə söykənməyi hər zaman tövsiyə edərdi.

Lev Tolstoyun "Könülləri əzən və alçaldan yox, onu şad edən və ucaldan əməllərlə yaşayın" ifadəsi Səlim müəllimin həyat obrazı idi. El-obamızın müdrik ağsaqqalı, ziyalılıq nümunəsi olan Səlim müəllim əməlləri ilə ən uca zirvədə olmağı bacardı, zəngin mənəviyyatı, doğulduğu vətən torpağına, ailəsinə, dostlarına bağlılığı ilə nümunə, sədaqət ünvanına çevrildi.

Dünya şöhrətli alim Rafiq Əliyev: "Əsl ziyalı hər zaman vicdanının səsini dinləyən insandır. Nəfsinə hakim kəsilməyi bacaran, ən həssas yeri qürur olan ziyalı çox kövrək olur. Amma kimsə düşünürsə ki, ziyalını əzə bilər, yanılır. Səlim müəllim də yaşadığı ömür payında həmişə öz qürurunu qoruya bildi, sözünün üstündə durdu, ziyalı olaraq hörmət və ehtiramı həmişə uca tutdu”.

Akademik Xudu Məmmədov: “Müəllim yalnız dərs deyən, sadəcə, bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan böyük varlıqdır. Bu sözləri Səlim müəllimin fəaliyyəti ilə eyniləşdirməyi ən düzgün seçim hesab edirəm”.

Vətən həsrəti, doğulub boya-başa çatdığı Qarabağ, Ağdam, Novruzlu kəndi ilə bağlı ürək yanğısı ilə, tarixi faktlara söykənən irsi bizlərə yadigar qoydu. “Müəllim ömrü”, “Yurd yeri”, “Həyat hekayələri”, “Əsrə bərabər ömür”, “Sular durulacaq” və digər kitablarında Ağdamın tarixi ilə bağlı yazdıqları bu günümüz və gələcəyimiz baxımından olduqca əhəmiyyətlidir, gələcək tarixi araşdırmaçılar üçün zəngin mənbədir.

Yaşamaq mübarizədir, mübarizə yaşamaq. Həyatda o adam böyük uğur qazana bilir ki, mübarizə aparsın, həm də ölçülü-biçimli, ağılla mübarizə aparmağı bacarsın. Bunun ən yaxşı nümunəsi isə Səlim müəllim idi. “Başqalarına hörmətlə yanaşmaq özünə hörmət etmək deməkdir”, - deyirdi Səlim müəllim.

Dostluqda sədaqət onun həyatının çox böyük atributlarını - qazanclarını təsdiq edirdi. Respublikanın hər bir yerində çoxlu dostları var idi, azad olunmuş Qarabağımızda xoş günlər yaşamağa can atırdı...

Respublikanın ictimai-siyasi həyatında fəal iştirakı, ən çətin dövrdə dövlətçiliyin yanında ola bilməsi onun uzaqgörənliyinin təsdiqi idi, xalq-dövlət birliyinin təmin olunmasını böyük zəfərə aparan ən düzgün yol hesab edirdi və bu öz təsdiqini tapdı.

Mehriban ailə üzvləri ilə yaşadığı xoş günlər, həyat yoldaşı Zabilə xanım ilə vaxtsız ayrılıq haqqında xatirələrini bölüşüb oxuculara çatdıran Səlim müəllim bir gün həyatda olmayacağını da son çap etdirdiyi kitabında qeyd etmiş, tövsiyələrini bildirmişdir. Atalarının layiqli həyat yolunu davam etdirən beş övladı ata nəsihətini uca tutaraq dövlətimizə sədaqətlə xidmətlərini davam etdirirlər.

Qarabağımızın işğaldan azad edildiyinin sevincini çox yaşaya bilmədi. Sanki o, bu sevinc xəbərini eşitdikdən sonra əbədi olmayan dünyamızdan köç etməyə qərar verdi, azadlığına qovuşmuş yurd yerlərimizin sevinc xəbərini vətən həsrəti ilə köç etmiş əzizlərimizə, yerlilərimizə də çatdırmağı özünün müqəddəs borcu hesab etdi.

Vətənə ləyaqətlə xidmət edən, minlərlə şagirdinə, övladlarına, nəvələrinə nümunə hesab edilən Səlim müəllimin həyat yolu xatirəmizdən heç vaxt silinməyəcək, yenidən qurulacaq Ağdamda, Novruzluda tikiləcək məktəbdə onun adı bu təhsil ocağının önündə iri hərflərlə, fəxrlə həkk olunacaqdır!

Nə qədər çətin olsa da, dekabrın əvvəlində anım gününə toplaşacağımız anları yaşamaq bizim üçün asan deyil. Hündür boylu, xoş sifətli, mehriban, zəngin söhbətlərindən doymadığımız, məclislərin yaraşığı Səlim müəllimin ocağına onun cismani varlığı olmadan yaxınlaşmaq çətindir. Amma nə etməli, yaşadığımız ömür payında hər birimiz bu yolu gec-tez keçməli oluruq...

Şəhidlərimizin, elm adamlarının tanrı dərgahında yeri isə ucadan ucadır!

El qədrini canından əziz bilənlər, vətən uğrunda canını fəda edənlər isə heç vaxt yaddan çıxmır, unudulmur, xatirələrdə əbədi olaraq özlərinə yer tuturlar.

Allahdan sizə rəhmət diləyirəm, Səlim müəllim - əmi!