20.04.2024, 15:47
AZ EN
25.11.2022, 12:20

Əsrə bərabər On gün

Şərif AĞAYAR

  • Tarixdə il hesabı elmin ən maraqlı tərəflərindəndir. Eramızdan çox-çox əvvəllər minilliklərlə ölçülür, zaman bizim eraya yaxınlaşdıqda əsrlər əsas ekvivalentə çevrilir. Orta əsrlərdən başlayaraq biz illəri daha yaxından tanımağa başlayırıq. Ötən əsrin ortalarından isə aylar və günlər tarix səhnəsinə daxil olur. Bəzən sonsuz zaman axarındakı hansısa məqamı saatlar, hətta dəqiqələr müəyyən edir. Misal üçün, alman faşizminin SSRİ-yə hücumu, Naqasaki və Xerosimaya atom bombasının atılması, Berlin divarlarının sökülməsi və s.

Tarixin zaman axınını hardasa məcazi mənada yaxın, uzaq və ümumi planda çəkilən kino lentinə bənzətmək olar. Biz hadisələri əhəmiyyətlilik dərəcəsinə görə xarakterizə edib onların tarixini də bu cür dəyərləndiririk.

Bəşəriyyət inkişaf etdikcə hadisələr sürətlənir və əlamətdar illərin, günlərin sayı artır. Bəzənsə hansısa coğrafi zaman bozluğu yaşayırıq – uzun illər tale yüklü heç nə baş vermir və hadisəsizlikdən qulaq tutulur.

Müstəqillik tariximizdə torpaqlarımızın işğal altında qaldığı illəri hadisəsiz saymasaq da, boz və boş illər adlandıra bilərik. Doğrudur, bu illər ərzində müstəqilliyimiz möhkəmləndi və ən yeni tariximiz “qurulma və tənzimlənmə” dövrünü yaşadı, lakin bu zaman dilimində, tutaq ki, Şuşanın işğaldan azad edilməsinə bərabər tutulacaq bir gün yaşamadıq.

Bu mənada 2020-ci ilin artıq günlərlə və saatlarla ölçülən 20 noyabr – 1 dekabr tarixləri də çox əlamətdardır. Söhbət Şuşa bəyannaməsindən sonra üç rayonumuzun qansız-qadasız düşmən tapdağından azad edilməsindən gedir. Demək, biz 2020-ci ilin sonlarında təkcə müharibədə deyil, həm də diplomatiyada böyük uğura imza ata bildik. Adam inana bilmirdi ki, on illər boyu bizə qarşı heç bir əndazəyə sığmayan hərəkətlərə yol vermiş düşmən, dinməz-söyləməz Ağdam, Laçın və Kəlbəcər rayonlarından çəkilib gedəcək, uzaq başı gücü evləri, meşələri yandırmağa çatacaq.

Deyilənə görə, işğala məruz qaldığımız illər ərzində az qala mifləşdirilən “Ohanyan səddi”nin ən keçilməz hissəsi Ağdərə və Ağdam istiqamətində yerləşirmiş. Ağdamın əsasən düzənlik ərazilər olduğunu və həddən artıq minalandığını nəzərə alsaq, burada döyüş aparmaq Ağdərə istiqamətindən də çətin idi. Düşmən bizi buradan gözləyirdi. Çünki Xankəndi yolu buradan keçirdi.

Çox güman, ordumuzun məhz bu ərazidən irəliləməməsi böyük taktiki gediş idi. İllərlə səngərlər qazıb uzadan, sədlər tikib möhkəmlədən düşmən bu istiqamətdə asanlıqla təslim olmayacaqdı. Onlara gözlənilməz yerlərdən zərbə vurmaq lazım gəlirdi. Vurduq da. Azərbaycan ordusunun hərəkət trayektoriyası o əraziləri az-çox tanıyan insanlarda sadəcə heyrət doğururdu.

Döyüşün 44-cü günü ordumuz Ağdama, Kəlbəcərə və Laçına daxil olmadan Şuşanı işğaldan azad etmiş, Xankəndinin başının üstündə dayanmışdı. Belə bir anda kapitulyasiya qaçılmaz idi. Və bu gözlənilməz qələbə adı çəkilən rayon və şəhərlərin qeyd-şərtsiz boşalmasını gerçəkləşdirdi.

Noyabrın son on günü ərzində, yəni düz iki il bundan qabaq baş verən tarixi hadisələr 44 günlük zəfər müharibəsinin əhəmiyyətini daha da artırdı. Biz təxminən 44 gün ərzində müharibə ilə aldığımız ərazilər qədər, 10 gün ərzində müharibəsiz ərazimizi geri qaytara bildik. Söhbət yüzlərlə kənddən, üç şəhərdən və bir neçə qəsəbədən gedir. Üstəlik, Ağdamın boş əkinçilik, bağ, Laçının və Kəlbəcərin otlaq, biçin və meşə sahələri...

Azərbaycanın müasir hərbi texnikasının gücünü, pilotsuz uçuş aparatlarının unikal imkanlarını nəzərə alsaq, ordumuz bəd ayaqda Ağdamdan da hərəkət edə bilərdi. Lakin Laçın və Kəlbəcər dağlarının hər zirvəsi üçün ayrıca bir “Şuşa döyüşü” lazım gələcəkdi. Çünki burada hər zirvə bir keçilməz qaladır. Relyefin özünəməxsusluğuna görə texniki avadanlıqlardan lazımınca istifadə etmək də mümkün deyildi. Bu mənada göz işlədikcə uzanıb gedən əzəmətli dağların bir qaşıq qan tökülmədən azad edilməsi hərbi baxımdan çox böyük hadisədir. Humanizm baxımından isə kitablara sığmayan dəyərə malikdir.

Həm də bütün bunlar inanılmaz müddətdə - cəmi on günün içində baş verdi. Ona görə, Ağdamı, Kəlbəcəri və Laçını bizə qaytaran bu qısa müddəti Çingiz Aytmatovun məşhur əsərinin adına oxşadaraq “əsrə bərabər on gün” adlandıra bilərik.

Tarixin il hesabına qızılı rəngdə düşən bu günlər həmişə məhz zaman kinolentinin iri planında görünəcəkdir.

Otuz ilə yaxın həsrətində qaldığımız bu gözəl diyarların cəmi onca günə azad edilməsi həm də tarixin bizə sürprizidir.

Qarabağı tanıyan insanlar Ağcabədidən Ağdama yaxınlaşdıqca təbiətin və iqlimin necə dəyişdiyini yaxşı bilirlər. Bərəkətli bağlar, yamyaşıl düzlər, yay-qış insanı yaşamağa səsləyən xoş havalar... Məşhur şeirdə deyilənlər həqiqətdir: doğrudan da Ağdam bir cənnət, Şuşa bir tamaşadır...

Bir də Laçın-Kəlbəcər dağlarının füsunkarlığı göz oxşayır. Bəzən, yanlış olaraq bu ərazilərin daha çox yay aylarında gözəl olduğunu söyləyirlər. Axı sovetlər zamanında dağlarda yaşayış üçün lazımı şərait yaradılmamışdı. Ona görə də qışı sərt keçən bu təbiətdə həyat istər-istəməz çətinləşirdi. İnkişaf etmiş ölkələrin oxşar təbiətləri ilə analogiya aparsaq, qış aylarında dağlara yaydan heç də az adam gəlmədiyinin şahidi olarıq.

Ölkəmiz indiki imkanları ilə Laçın-Kəlbəcər dağlarını ideal yaşayış yerinə çevirmək iqtidarındadır. Dağların, meşələrin, çayların payız və qış mənzərələri bir başqa aləmdir. Yetər ki, yollar işləsin, evlər isti olsun, dolanışıq yaxşılaşsın. Son iki il müddətində aparılan tikintil və quruculuq işləri bizə gözəl gələcək vəd edir.

Hər üç rayonun təbiətinin dərindən öyrənilməsi, tədqiqi və buradakı təbii nemətlərdən yararlanmaq isə yaxın gələcəyimiz üçün geniş üfüqlər açıq. Xüsusən, Laçın və Kəlbəcərin insan ayağı dəyməyən uca zirvələri, dərin dərələri, sərt dolayları, Allah bilir, hansı nemətləri ilə pişvazımıza çıxacaq. Çay, meşə, qiymətli metal yataqları, heyvanlar aləmi öz yerində, işin bir də mədəni tərəfi var. Qayaüstü yazılar, qədim yaşayış məskənləri, heykəllər, qədim tikililər...

Düşmən yalnız dağıtmağı bilirdi. Dağları isə danışdırmaq lazım idi. Onun öz övladları o torpaqla daha səmimi ünsiyyət qurmağa başlayıb.

On günə qansız-qadasız azad etdiyimiz doğma torpaqlarda on illərlə nələrə nail ola biləcəyimizi düşünəndə içimizi qürur hiss bürüyür. Yetər ki, səmimi istəyimiz olsun.

SON XƏBƏRLƏR