16.04.2024, 21:27
AZ EN
17.11.2022, 09:42

Ağdamlı günlərimizin xatirəsi

Sabit ƏZİMOV

  • Həyat maraqlı olduğu kimi, eyni zamanda yaratdığı ziddiyyətlər də insan həyatında öz izini qoyur. Yaşadığım ömür payının ən gözəl və yadda qalan illəri isə doğulduğum Ağdam torpağı ilə bağlı olduğundan işğaldan azad edilmiş yurd yerlərimizə mütəmadi baş çəkirəm. Ömrün illərini vərəqlədikcə yada düşən xatirələri bölüşməyi borc hesab edirəm. Nə etsək də, xatirələr unudulmazdır, dəyərlidir...

Gecələr gündüzləri əvəz etdi, həftələr, aylar, illər bir birini sürətlə ötüb keçdi, uzun bir müddət vətən torpağından ayrı düşdük, lakin Vətənə olan məhəbbət və istəyimiz daha da güclü oldu. Düşmən tapdağından azad olunmuş bənzərsiz Ağdamda xoşbəxt illərdə yaşadığım, çalışdığım dövr ərzində nələrə malik olduğumuzu tez-tez xatırlayıram.

Ağdam rayonu iqtisadi, siyasi, mədəni cəhətdən çox inkişaf etmiş bir region olduğu üçün 1993-cü ilin işğal dövrünə kimi əldə etdiyi uğurlar çox böyük idi. Təəssüf ki, bu gün doğma ocağımıza baş çəkərkən vaxtilə mövcud olan vəziyyətdən heç nə olmadığını görürük. Düzdür, hazırda bərpa-quruculuq işləri davam edir, investisiya layihələri, xüsusi proqramlar həyata keçirilməkdədir. Lakin görüləcək işlər çoxdur və bunun xüsusi zamana ehtiyac olduğu açıq görünür.

1970-90-cı illər ərzində Ağdam rayonu çox böyük inkişaf dövrünü yaşamışdır, bu dövrdə iqtisadiyyatın bütün sahələri dinamik inkişaf etmiş, yeni təsərrüfat birlikləri, tikinti quraşdırma müəssisələri, istirahət mərkəzləri, sənaye, emal, təhsil, səhiyyə, xidmət müəssisələri yaradılmışdır. Rayon iqtisadiyyatının əsasını təşkil edən üzümçülük, taxılçılıq, pambıqçılıq, heyvandarlıq məhsullarının istehsalı və satışının səviyyəsi respublikada öncül yerlərdən birini tuturdu. Üzümçülüyün intensiv texnologiya əsasında inkişafı nəticəsində Ağdam rayonu respublikada qabaqcıl kənd təsərrüfatı rayonu olaraq xüsusi nüfuza malik olmuşdur. Rayonda üzümün ilkin emalı ilə məşğul olan müəssisələrin sayı 30-a yaxın idi. Emal edilmiş xam materialların keçmiş ittifaq ərazisində yerləşən zavodlarda qablaşdırılması və satışı həyata keçirilirdi. Ağdam üzüm istehsalat birliyinin yaradılması nəticəsində qablaşdırma və satışın birbaşa həyata keçirilməsi isə rayon iqtisadiyyatının daha da güclənməsinə səbəb olmuşdur. Real gəlirlərin həcminin çox böyük səviyyədə artmaqda davam etməsi bir sıra sosial tədbirlərin həyata keçirilməsinə tam şərait yaratmışdır.

Gülablı kəndində istirahət məqsədli sanatoriyanın, Şellidə müalicə pansionatının, Əhmədağalı kəndində balıqçılıq mərkəzinin yaradılması rayonun sosial mədəni həyatında çox böyük irəliləyiş hesab edilirdi. İnkişafımızı səciyyələndirən bütün işlərin həyata keçirilməsində isə ağıllı rəhbərliyin fəaliyyəti danılmaz idi.

1981-ci ildə sovet dövlətinin başçısı Leonid Breynev Bakıda olarkən indiki Azadlıq meydanı ərazisində kənd təsərrüfatı məhsullarının sərgisinə baş çəkir. Müxtəlif üzüm sortlarına tamaşa edən Baş katibin nəzərini “Qızıl” üzüm sortu cəlb edir, o, əlinə bir gilə alaraq dadına baxır, razılığını Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə çatdırır. Moskvaya qayıtdıqdan sonra xüsusi göstəriş verilir, nəticədə Azərbaycan üzümçülərinə böyük miqdarda mükafat ayrılır. Sərgidə nümayiş etdirilən “Qızıl” üzüm məhz Ağdam rayonunun Novruzlu üzümçülük sovxozunda yetişdirilmişdi.

Zamanına görə rayonun Ergi düzü adlanan ərazisində Ergi yemçilik birliyinin yaradılması heyvandarlığın kompleks inkişafı baxımından müstəsna əhəmiyyətə malik olmuşdur. Respublika səviyyəsində ilk dəfə olaraq hərəkət edən “Kuban” suvarma aqreqatları sisteminin yaradılması və istifadəsi ilə bağlı layihə məhz Ağdamda həyata keçirilmişdi. Yem bazasının təşkilinə hesablanmış bu işin müsbət təsiri rayonda heyvandarlığın kompleks şəkildə inkişafına səbəb olmuşdur. Rayon kökəltmə birliyinin yaradılması, “Lebedin”, “Qırmızı karpat” cinslərinin rayonlaşması nəticəsində süd və ət məhsullarının istehsalında yüksək nəticələr əldə olunmuşdu, baş hesabı ilə orta çəki 280 kq-dan 400 kq-a çatdırılmışdı. Respublikada ilk dəfə olaraq Ergi yemçilik birliyində Moskvadan gəlmiş yüksək səlahiyyət sahiblərinin iştirakı ilə açıq seminar-müşavirə keçirilmiş, qabaqcıl təcrübənin ittifaqın hər yerində yayılması tövsiyə olunmuşdu. Qabaqcıl təsərrüfatçılıq ünvanı olaraq qoyunçuluq sahəsində Çoban Əli Abbasov məktəbinin yaradılması, hər yüz başdan 150-160 bala alınması rayon iqtisadiyyatının durmadan inkişafının əyani nümunəsi idi.

Yeni iqtisadi modellərin, mütərəqqi iş prinsiplərinin mənimsənilməsi, təsərrüfatçılıq formalarının tətbiqi sahəsində Ağdam rayonu həmişə ön sırada olmuşdur. Keçmiş ittifaq səviyyəsində kənt təsərrüfatı istiqamətli ilk gənclərdən ibarət "Kommuna" kooperativi rayonun Qalayçılar kəndində yaradılmışdı. Rayonun gənclər təşkilatında çalışdığım illərdə bu kooperativdə tez-tez olardım. Sahibkarlığın inkişafı baxımından daha nələrə nail olmaq baxımından arzular, ideyalar irəli sürərkən heç ağlımıza da gəlməzdi ki, ümiddən başqa hər şeyi itirmək düşünmədiyimiz qədər tez bir zamanda baş verə bilərmiş...

Şahbulaqda olarkən tarixi qalanın Ağdamlı günlərimizdə səliqə və arxitekturası gözlənilməklə təmirinin aparılmasını xatırladım. Qarabağ həqiqətlərinin təbliği baxımından jurnalist Salatın Əsgərova ilə birlikdə Rusiyanın Kazan televiziyasına müsahibə verməyimiz də bu qalanın tarixi mənsubiyyəti baxımından çox əhəmiyyətli olmuşdu.

Gənclik illərində qürurla yaşadığımız Ağdamda daha böyük zirvələrdə təmsil olunmağı, Vətən uğrunda mübarizə aparmağı özümüzə borc bilirdik, qazandığımız hər bir uğurla fəxr edirdik. Gənclərin ümumittifaq əhəmiyyət daşıyan zərbəçi iş sahələrinə cəlb edilməsinə görə SSRİ Nazirlər Sovetinin Fəxri diplomu ilə təltif olunmağım nə qədər qürurverici idisə, uğura aparan məqsədli yolumuz Ağdamın işğalı ilə bağlı tamamilə alt-üst oldu, bu da acı xatirə olaraq tarixə qovuşmuşdur.

Rayon Partiya Komitəsi və icra hakimiyyəti aparatında işlədiyim illər asan dövr deyildi. Hələ 1988-ci ilin yayında, o vaxt ki, respublika birincisinin Xankəndində olaraq Ermənistanın rəhbəri ilə görüşərək faydasız və səmərə verməyən söhbətləri də xatirəmdən silinmir. İnzibati binanın birinci mərtəbəsində yerləşən konfrans zalında Azərbaycan KP MK-nın birinci katibinin keçirdiyi görüş, Ağdam rayonunun ictimaiyyəti qarşısında dövrün tələblərini əhatə etməyən fikirləri elə o vaxtlar qəlbimin dərinliyində böyük narahatçılıq yaratdı, sonralar isə respublikadakı mövcud vəziyyəti düzgün qiymətləndirə bilməməsi, mərkəzi orqanlar qarşısında acizliyinin necə böyük fəlakətlərə yol açdığını hamımız yaxşı bilirik.

1992-ci il may ayında respublika Prezidentinin gecəyarısı Ağdama gəlməsini, mənfur düşmənlərimizin ardı-arası kəsilmədən artilleriya qurğularından rayonumuza atəşlər açması haqqında onun dialoq-söhbətimizi də icra hakimiyyətinin dağılmış inzibati binasının qarşısında dayanaraq xatırlamaq mənim üçün heç də asan deyil. Real təhlükə vəziyyətini qiymətləndirə bilməyən və ya cavab tədbirləri görmək əvəzinə laqeydlik, naşılıq, cəsarətsizlik göstərən şəxslərin liderlik səviyyəsinə yüksəlməsinin sonralar hansı fəlakətlərə yol açdığını bir daha saf-çürük etdim.

Ağdamlı günlərimizdə müasir texnologiyanın hələ yeni ayaq açdığını nəzərə alarkən "Axtarış" texniki mərkəzinin yaradılması həm təəccüb, həm də maraq doğurdu. Müsbət tərəfi ondan ibarət oldu ki, rayon iqtisadiyyatını bütünlükdə əhatə edən hər bir sahə haqqında işıqlandırma metodlarından istifadə edərək xüsusi xəritələr vasitəsilə məlumat almaq mümkün olurdu. O dövr üçün bu bir yenilik idi. İndiki dövrdə elektron informasiya texnologiyalarının tətbiqi haqqında danışmaq nə qədər adi bir hal hesab edilirsə, ötən əsrin 80-ci illərində də bu mərkəzin yaradılmasından fəxrlə danışılırdı.

1992-ci ilin dekabr ayının sonunda rayonun özününmüdafiə batalyonlarının komandirləri və rayon rəhbərliyinin birgə təşkilatçılığı ilə hazırlanmış plan əsasında Xocalı-Ağdam yolunun düşmən qüvvələrindən azad edilməsi istiqamətində uğurlu əməliyyat həyata keçirildi, gecə saat ikinin yarısında artıq Əsgəran ərazisində yerləşən yola nəzarət təşkil olunmuşdu. Rayonun tikinti idarələrinin də cəlb edildiyi əməliyyat zamanı yararsız hala düşmüş körpülərin də bərpası təmin edilmişdi. Çox təəssüf ki, bu əməliyyatın aparılmasına mərkəzdən lazımı dəstək olmadı...

Sonrakı dövrdə rastlaşdığımız hadisələri - faciələri də xatırlamaq, unutmaq olduqca çətindir.

Xatirələr ünvanı Ağdam mədəniyyət evinin qarşısında dayanan zaman müxtəlif rayon tədbirləri, görüşlər, konsertlərə ev sahibliyi etmiş bu möhtəşəm, müasir quruluşlu mədəniyyət ocağının hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətindir, lakin bu ünvanda rayon mədəniyyət şöbəsinin rəngarəng tədbirləri xatirələrdən silinmir. Xalq artisti, bəstəkar, pedaqoq Süleyman Ələsgərovun 60 illik yubileyi burada çox təmtəraqla keçirilmişdi. L.Tolstoy haqqında söylənilmiş qiymətli monoloqu eyni ilə məşhur bəstəkara aid edərək tədbir iştirakçılarına 20 dəqiqə ərzində əzbər söyləyib təbrikini çatdıran rayon rəhbərinin çıxışını yəqin ki, çoxlarımız unutmamışıq.

Vətən torpağının ən müqəddəs ünvanlarından olan Ağdamlı günlərimiz o qədər qiymətli və təqdirəlayiq həyat hekayələri ilə zəngin olmuşdur ki, sadalamaqla qurtarmır, sadəcə olaraq, qısa şəkildə bəzi hadisələr haqqında ziyarət etdiyim məkanların təəssüratı olaraq fikirlərimin bəzilərini çatdırdım. Yəqin ki, yurd yerlərimizdə olan hər kəs öz düşüncəsi çərçivəsində bəzi məsələləri xatırlamaq və nəyisə əlavə etmək istəyəcək, bu da təbiidir. Onu deyə bilərəm ki, zəngin, toy-bayramlı, ziyalı mühitinin formalaşdığı işğal dövrünə qədərki Ağdamlı günlərimizə qayıda bilməsək də, yenidən qurulacaq Ağdamda ömür payımızın verdiyi imkandan istifadə edərək öz izimizi vətən torpağının yeni tarixinə əlavə etməyi bacarmalıyıq - torpağımıza olan borcumuzu qaytarmalıyıq!

Hər şeyin ağıla, ağlın isə ədəbə ehtiyacı olduğu üçün, Ağdamın bizlərə ehtiyacı olduğunu nəzərdən qaçırmamalıyıq!