Aşıq sənətinin görkəmli yetirməsi Dədə Ələsgər yaradıcılığını nisbətən dərindən araşdıran zaman heyrətə qapılmamaq olmur. Xüsusi akademiyası, rəsmi qeydiyyatda olan məktəbi olmayan, sadə el-elat həyatı yaşayan Göyçədə belə mükəmməl bir sənətkarın yetişməsi doğrudan da oxucuda maraq doğurur. Bu diyarın müstəsna istedadlar yetirdiyinə və azərbaycanlı əhalinin yaşadığı son illərəcən də yetirməkdə davam etdiyinə heç bir şübhə yoxdur. Lakin elə mətləblər vardır ki, yalnız Tanrının verdiyi istedadla həll olunmur, eynən qədim yunan mədəniyyəti kimi konkret elmə və ərkana söykənməlidir. Daha dəqiq desək, bir Platon akademiyasına mütləq ehtiyac duyulur. Həm özündən əvvəlki Sokratı öyrənib yazılı mənbəyə çevirmək, həm də özündən sonrakı Aristoteli yetişdirmək üçün.
Göyçənin sənət ənənəsi də təkcə Tanrı möcüzəsi ilə bağlı deyildir.
Miskin Abdal haqqında istər tarixi, istərsə də ədəbi faktlar yetərincədir. Ən başlıcası, onun Səfəvi hökmdarı və görkəmli şair Şah İsmayıl Xətainin mürşidi olduğu bildirilir. Deyilənə görə, gənc İsmayıl Təbrizi fəth edib özünü şah elan edəndə müəllimi də onun yanında imiş. Hətta o, Miskin Abdalın əlindən hakimiyyət şərbətini qəbul edib içərək şahlıq taxtında əyləşmişdir. Bundan əlavə, Miskin Abdalın dərslərindən sonra tənbur çalmağı tərgitmiş və saz alətində ifa etməyə başlamışdır. Saz Miskin Abdal sayəsində ilk dəfə sinədə çalınmağa başlanmışdır və hələ də simli alətlər içərisində ifaçının köksündə çalınan yeganə alətdir. Onu türk bağlamasından və şərq setarından fərqləndirən əsas cəhət də budur.
Sazın sinəyə qaldırılması təkcə formal hadisə deyildi. Bu, yeni tembrlə yanaşı həm də onu at belində çalmağa, döyüşlərə aparmağa imkan yaradırdı. Miskin Abdalın sazı səfəvi müharibələrində qoşunlara ruh verməklə qalmır, siyasi-ideoloji silah rolunu oynayırdı. O, Şeyx Səfi ocağının irfan kontekstini öz havacatları ilə dildən-dilə yayır, onun fəlsəfi mahiyyətini insanlara çatdırırdı. Təsadüfi deyil ki, sazın ən möhtəşəm havalarından olan “Baş divani”nin də yaranması həmin dövrə təsadüf edir və Miskin Abdalın adı ilə bağlıdır. Günü bu gün saz məclisləri bu hava ilə açılır.
“Baş divani” həm də üstündə oxunan sözlərinə görə digər havalardan fərqlənir. Burada mütləq irfan şeiri oxunmalıdır. Hətta aşıq şeirində “Divani” adlı xüsusi janr da yaranmışdır. Ümumilikdə, saz sənətinin özəl cəhətlərindən biri ondakı havacat sistemi ilə sözlərin orijinal vəhdətidir. Misal üçün, modern musiqidə bir mahnıya yalnız bir cür söz oxuna bilər. Sazda isə bir hava üstündə çoxlu şeirlərin ifa olunma imkanı var. Lakin deyək ki, muğamda da bu xüsusiyyət var. Biz, misal üçün, “Segah” üstündə istədiyimiz qəzəli oxuya bilərik, hətta bu muğamda qoşma, gəraylı, bayatı belə oxumaq mümkündür. Sazda havacatlar pərdə boyu barmaqla sayıldığı üçün onbirlik havada daha qısa hecalı nələrsə oxumaq mümkün deyildir. Hətta bəzən havacatla takt bölgüləri elə həssaslıqla çulğaşır ki, adi bir səhv ifada ciddi boşluq və qırıqlıq yaradır. “Divani” şeir növü isə təkcə formasına görə deyil (on beş hecada səkkiz-yeddi bölgü sistemi vardır), məzmununa görə də seçilir. Onu daha çox Tanrıya xitabən söyləyirlər və sanki bu dünyanın divan-məhkəməsi qurulur. Havanın adı “Divan ədəbiyyatı” ifadəsindəki sözlə eyni mənalıdır.
“Baş divani” Tanrı ilə yanaşı onun seçilmiş bəndələrinin, peyğəmbərlərin, imamların, mürşidi-kamillərin adına da söylənə bilər. Lakin ilkin mənbə - vəhdətül-vücud fəlsəfəsinə xələl gətirilmədən.
Miskin Abdalla Şah İsmayılın münasibətlərini Aristotellə Makedoniyalı İsgəndərin münasibətlərinə bənzətmək olar. Lakin Miskin Abdalın bir üstünlüyü var: o, irfan kontekstini dövlət siyasəti səviyyəsinə qaldıran səfəvilər xanədanının rəsmi nümayəndəsi kimi ölkələri, mahalları gəzmiş, öz dünyagörüşünün mənasını insanlara izah etmişdir. Ölkənin qüdrəti elə burda idi: güclü ordusu və iradəli rəhbəri ilə yanaşı vahid məfkurəsi də vardı.
Miskin Abdalın həm də Şah İsmayıl sarayında yaradılan şeir məclislərinin aparıcı simalarından olduğunu bilirik. Tarixdən bizə bəllidir ki, ustad aşıq Qurbani də bu məclislərin iştirakçısı olmuşdu. Səfəvi sarayındakı saz-söz məclisinin özəlliyi bu idi ki, saraydan gələn muğam və qəzəliyyatla yanaşı, türk-elat mədəniyyətindən gələn saz sənəti və aşıq şeiri ənənələri yanaşı addımlayırdı. Biz şah Xətainin yaradıcılığında hər iki istiqamətli yaradıcılıq nümunələrinin qoşa addımladığını görürük.
Miskin Abdal ifadəsi əslində böyük sənətkarın və mütəfəkkirin təsəvvüf rütbəsidir. Onun əsl adı Seyid Hüseyn Məhəmməd oğludur. Bildiyiniz kimi, təsəvvüfdə təriqət yolçuları özləri üçün aşağılayıcı adlar götürürdülər. Füzuli sözünün “füzun” sözündən yarandığını və “uzunçu”, “çərənçi” mənasını verdiyini yadımıza salaq. Bu mənada ilk baxışdan nəzakətsiz səslənən “miskin” və “abdal” ifadələri, əslində, təriqət əhli üçün haradasa general-mayor anlamına gəlir. Söhbət Tanrı hüzurunda müqəddəs məqam tutub fənafillaha qovuşmaqdan gedir. İnsan böyük və mübarək zatla müqayisədə özünün miskin və abdal olduğunu dərk edincə aydınlanmanın qapıları üzünə taybatay açılır. Bu cür şəxslər həm də xüsusi missiya ilə doğulur, dövlət ərkanında və mənəviyyat yolçuluğunda mənzil qət edib yol göstərirlər. Obrazlı desək, Miskin Abdal, Dədə Qorqud, Yunus Əmrə kimi ali şəxslər öz sənətlərinin peyğəmbərləridir. Burada peyğəmbər sözü alternativ anlamda deyil, davamçı anlamında başa düşülməlidir.
Miskin Abdal ömrünün ahıl çağlarında da öz missiyasını yerinə yetirməkdən yorulmamış, doğma ata ocağına – Göyçənin Sarıyaqub (Zərgərli) kəndinə qayıdaraq orada məktəb yaratmışdır. Göyçənin saz-söz ənənəsi bu məktəbdən qaynaqlanmış və yazımızın əvvəlində dediyimiz kimi, Aşıq Ələsgər kimi nəhəng sənətkara qədər davam etmişdir.
Miskin Abdal Göyçəyə və Göyçənin şəxsində bütün Azərbaycana həm saz, həm söz, həm ərkan miras qoymuşdur. Bunların hər üçünün vəhdəti isə xalqın mənəvi pasportudur. Bu pasport heç vaxt itmir, müddəti qurtarmır, çünki onu cibimizdə yox, genimizdə, qanımızda, ruhumuzda gəzdiririk.