12.10.2024, 12:52
AZ EN
09.09.2022, 09:25

Çadır düşərgəsindən azad Şuşayadək...

Mina RƏŞİD

  • Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən televiziya muğam müsabiqələri xalqımızın musiqi sənətinin inkişafına misilsiz töhfələr verir. Bu müsabiqələrdə indiyədək onlarla gənc xanəndə öz istedadını nümayiş etdirib, dəyərli ustadların təqdirini qazanıb, tanınıb, məşhurlaşıb... Final mərhələsi bu ilin avqustunda Şuşada təşkil olunan VIII Televiziya Muğam Müsabiqəsinin qalibi Fuad Əzizzadə də onlardan biridir.

Fuad Əzizzadə əslən Kəlbəcər rayonundandır, 1993-cü ildə, atası Vəli Asif oğlu doğma yurdun müdafiəsi uğrunda şəhid olduqdan 20 gün sonra ailəsinin məcburi köçkün kimi sığındığı Bərdə şəhərindəki “Türk” çadır düşərgəsindən dünyaya gəlib. Anası Filyar xanım onu və bacısı Züliyyəni min bir əziyyətlə böyüdüb. Doğma Kəlbəcəri, isti ocağını, hələ üstəlik ailənin dirəyi olan həyat yoldaşını da itirən ana balalarını bağrına basaraq min bir çətinlikdən keçsə də, onları elinə-obasına, atalarının adına layiq böyüdüb.

Deyir, bir yandan alan Allah bir yandan verər. Uşaqları böyüdük­cə Filyar xanımın da gözlərinə işıq gəlib, qızı Zülfiyyə, oğlu Fuad onu qürurlandırıb. Fuadın yaxşı oxumağı, davranışı, gözəl səsi anasına qol-qanad verib. O, oğlunu Bərdə şəhəri 1 nömrəli Uşaq İncəsənət Məktəbinə gətirib. Fuad “Şuşanın dağları” mahnısını ifa edərək, məktəbə qəbul olunub, sonra Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. Hazırda Milli Konservatoriyanın 4-cü kurs tələbəsidir. Sənət müəllimi əməkdar artist Təyyar Bayramovdur.

Fuad həm də pedoqoji fəaliy­yətlə məşğuldur, məzunu olduğu uşaq incəsənət məktəbində dərs deyir...

Kənardan müşahidə etdikcə, ifasını dinlədikcə düşünürsən ki, yaradan ondan heç nəyi əsirgəməyib. Heç bir səsə bənzəməyən özünəməxsus səsi, səhnəyə yaraşan boy-buxunu, mədəni davranışı, intellektual səviyyəsi Fuad Əzizzadənin gözəl, böyük gələcəyindən xəbər verir. Onun nurlu çöhrəsində elə bir səmimi ifadə var ki, insanı özünə çəkir, onu çoxdan, lap çoxdan tanıyırmış kimi doğma gəlir adama. Üzünün ifadəsində həm də bir qəriblik, kədər hiss olunur. Taleyi Qarabağ müharibəsi ilə bağlı olan insanlarımızın üzündəki həmin ifadə onda da var.

Fuad Əzizzadə ailəlidir, iki övladı var, hazırda anası və ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 

VIII Muğam Televiziya Müsabiqəsi gənc xanəndənin həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Müsabiqənin yekun konsertinin azad Şuşamızda keçirilməsi və onun burada mükafatlandırılması yaddaşında silinməz izlər qoydu. Fuad deyir: “Bu elə bir hissdir ki, onu ifadə etməkdə adam çətinlik çəkir. Mən Bərdədə uşaq incəsənət məktəbinə “Şuşanın dağları” ilə qəbul edilmişdim. Xoşbəxtlikdən həmin mahnını onun ən gözəl ifaçısı olan Xan Şuşinskinin vətənində - Şuşada da ifa elədim. Çox xoşbəxtəm ki, Şuşanı gördüm... Bizə bu sevinci yaşadan şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah şəfa versin. Müzəffər Ali Baş Komandan İlham Əliyev var olsun! Muğamın inkişafına, biz gənclərə göstərdiyi qayğıya görə Mehriban xanım Əliyevaya minnətdaram”.

Həyatda çəkdiyi əziyyətlərə rəğmən, Uca Tanrı Fuad Əzizzadəni ecazkar bir səslə mükafatlandırıb, çadır düşərgəsində məcburi köçkün kimi dünyaya gəlmiş bu oğlana Azərbaycan muğamının gənc ulduzlarından biri olmağı nəsib edib. Səmimi, sadə, istiqanlı, vətəncanlı gənc xanəndəyə yeni-yeni uğurlar arzulayırıq!