Qarabağın baş tacı olan Şuşa şəhərində bir-birindən fərqlənən, ayrı-ayrı memarlıq üslubunda tikilmiş çoxlu yaraşıqlı və gözəgəlimli evlər var idi. Onların hər biri fərdi xüsusiyyətlərə malik olmaqla yanaşı şəhərin hüsnünə gözəllik verir, milli memarlıq abidəsi kimi diqqəti özünə cəlb edirdi.
“Çuxur məhəllə”də xüsusi memarlıq görünüşü ilə seçilən orijinal və yaraşıqlı üçmərtəbəli daş ev məşhur Qarabağ taciri Hacı Qulu Məşədi Əli oğluna (1803-1874) məxsus idi. Qarabağ memarlıq məktəbinin şah əsərlərindən və milli memarlığımızın nadir incilərindən sayılan saray tipli bu bina xanzadə və bəyzadələrin evlərindən heç də geri qalmayan və şəhərin memarlıq simasını müəyyənləşdirən cah-calallı, təmtəraqlı sənət əsərinin tikintisi 1851-ci ildə başa çatdırılıb. İran üslubunda yerli daşlardan inşa edilmiş bu bina tikilərkən nə palçıq, nə də sement işlədilib, onları adi qurğuşun əvəz edib.
Nazik taxta ilə örtülü damı olan malikanənin qarşısında geniş torpaq sahəsi, bağ-bağatı, bostanı, xüsusi köməkçi tikililəri var idi. Evin, həyətin, bostanın ümumi sahəsi uzununa 117, eninə 72 arşın idi. Bostan həyətdən taxta sürahi ilə ayrılırdı. Binanın üçüncü mərtəbəsi 3 dəhliz, 7 otaq, 1 mətbəx və aynalı böyük eyvandan ibarət idi. 22 qapısı, 25 divar dolabı, 11 buxarısı və 2 ayaqyolu, palıd taxtadan 2 döşəməsi və tavanı vardı.
İkinci mərtəbəsi isə 7 otaqdan, dəmir məhəccərli 33 pəncərəsi olan 3 dəhlizdən ibarət idi. 22 qapısı, 11 dolabı, 11 buxarısı, eyvanı və 2 ayaqyolu vardı.
Birinci mərtəbədə isə 8 otaq, 2 ön eyvan, palıd taxtadan döşəmə və tavan, 4 divar dolabı, 3 buxarı, 26 dəmir məhəccəri olan 20 qapısı vardı. Həmin mərtəbəyə həyətdən iki böyük daş pilləkən qalxırdı.
44 sütun üzərində ucalan bu əzəmətli bina 46 otaqdan ibarət idi və Azərbaycanda ona bənzər yaşayış evi demək olar ki, yox idi. 1893-cü ildə bu mülkün satış qiyməti 3700 manat 83 qəpik məbləğində qiymətləndirilmişdi. 1865-ci ildə böyük rus rəssamı V.Veraşagin Şuşaya gələrkən həmin evdə olmuş və binanın böyük zalının şəklini çəkmişdi.
Hacı Qulunun malikanəsində sovet dövründə müxtəlif müəssisələr fəaliyyət göstərmiş, işğaldan öncə isə burada Qarabağ ipək fabrikinin toxuculuq sexi fəaliyyət göstərib.
“Təzə məhəllə”də XIX əsrə aid saray nümunəli ikimərtəbəli fərdi yaşayış evi olan Mehmandarovların malikanəsi daxili zənginliyi və zahiri gözəlliyi ilə seçilirdi. Binanın layihəsini memar Kərbəlayi Səfixan Qarabağı verib, bəzi işlərini isə tanınmış boyakarlıq və ornament ustası Qənbər Qarabağı həyata keçirib.
Malikanənin torpaq sahəsinin uzunluğu 35, eni 30 arşındır. Sonralar həmin ərazidə köməkçi və təsərrüfat binaları da tikilib və bura mükəmməlliyi ilə fərqlənən, geniş həyət-bacalı, bağlı-bağatlı, iri, fundamental yaşayış kompleksinə çevrilib. Evin ikinci mərtəbəsi ailə məclisləri keçirmək və qonaqlar üçün 32 kvadratmetr sahəsi olan böyük zaldan və 20 kvadratmetrlik kiçik otaqdan ibarətdir. Birinci mərtəbədə isə mətbəx, ərzaq saxlamaq üçün zirzəmi, at tövləsi və s. yerləşirdi.
İkinci mərtəbədəki hər iki otaqda çoxsaylı divar rəsmləri vardı. Böyük zalın divarları və tavanı Firdövsinin “Şahnamə”sinin qəhrəmanlarının şəkilləri ilə bəzədilmişdi. Otaqlarda üstünlük təşkil edən gül-çiçək motivləri – “Marallar və nar ağacı”, “Güldanlarda gül dəstələri”, “Piyalədə armud”, “Buta” kompozisiyaları hər iki salonun daxili gözəlliyini daha da artırırdı. Yaşayış kompleksinin ərazisində əlavə bina, məscid tikilmiş və bir bulaq çəkilmişdi.
Mehmandarovların yaşayış kompleksi 1930-cu ildən başqa funksiyalar daşımışdır. Burada uşaq xəstəxanası, 1984-cü ildən məhəllə məscidində “Dərman bitkiləri muzeyi”, 1985-ci ildən isə Xalça muzeyi fəaliyyət göstərib.
1992-ci ildə erməni vandalları XIX əsrin tarixi abidəsi olan bu binaya böyük ziyan vurublar. Lakin 2020-ci ildə Şuşa işğaldan azad ediləndən sonra bu ev bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb.
Zöhrabbəyovların malikanəsi “Seyidli” məhəlləsində hündür bir yerdə şəhərin baxımlı və görkəmli bir guşəsində gözəl və yaraşıqlı üçmərtəbəli yaşayış evindən ibarət idi. Həmin mülk XIX əsrin 60-70-ci illərində inşa edilmişdi. Evin bünövrəsini Şuşanın məşhur tacirlərindən olan Məşədi Əkbər Zöhrabbəyov qoymuş, lakin o, qəflətən vəfat etdiyindən binanın tikintisi yarımçıq qalmışdı. Tikintini onun oğlanları Abbasqulu bəy və Mustafa bəy davam etdirərək başa çatdırıblar.
Malikanə 10 otaqdan ibarətdir. Hər mərtəbədə 200-250 nəfərlik zal, böyük eyvan, yataq və uşaqlar üçün ayrıca otaqlar, buxarısı olan mətbəx, kanalizasiya xətti vardı. Evin içərisi milli ornament və antik rəsmlərlə bəzədilmişdi.
Binanın ətrafı hündür daş hasarlarla əhatələnmişdi. İki iri darvazası vardı və gül-çiçək xiyabanına bənzər geniş həyətində qoz, fındıq, alma, armud, tut, gavalı meyvə ağacları, zirinc və gül kolları sıralanmışdı.
Birinci mərtəbədə ev sahibinin övladlarının dayələri, nökər və qulluqçular yaşayırdı. At tövləsi və zirzəmi də burada yerləşirdi.
Ötən əsrin 80-ci illərində bərpadan sonra həmin binada Şuşa Dövlət Rəsm Qalereyası fəaliyyət göstərirdi. Bu sənət ocağında keçmiş və müasir təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi. Qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndələrinin əsərləri təşkil edirdi, eyni zamanda yüksək bədii zövqlə düzəldilmiş dekorativ tətbiqi sənət nümunələri də göstərilirdi. Azərbaycanın tanınmış qrafika, tişə ustalarının və yerli gənc rəssamların təsviri sənətin müxtəlif növlərində yaratdıqları rəngkarlıq və qrafika əsərlərindən nümunələr qalereyanın divarlarını bəzəyirdi. Hər il burada Azərbaycan incəsənəti mövzusunda müzakirə və baxışlar keçirilirdi. Qalereyanın nəzdində fəaliyyət göstərən təsviri sənət dərnəyində onlarla istedadlı gənc məşğul olur, rəssamlıq sənətinin sirlərinə yiyələnirdilər. Qalereyanın böyük bir zalı balaca rəssamların istifadəsinə verilmişdi. Bura şuşalı gənclərin sevimli sənət ocağı idi.
Əbdürrəhim bəyin malikanəsi “Köçərli” məhəlləsində ikimərtəbəli yaşayış evində yerləşirdi. Həmin bina Qarabağın köklü və məşhur bəyi, rus ordusunun mayoru, görkəmli jurnalıst və ictimai xadim Əhməd bəy Ağaoğlunun qayınatası Əbdürrəhim bəy Vəzirovun şəxsi mülkü idi.
Evin hər mərtəbəsinin ümumi sahəsi təxminən 120 kvadratmetr olmuşdur. İkinci mərtəbə bir dəhliz, altı otaq, birinci mərtəbə bir böyük zal və dörd otaqdan ibarət idi. Hər iki mərtəbədə buxarı və ayaqyolu, aşağıda isə böyük zirzəmi vardı.
1920-ci ildə bina Malıbəyli qaçqınları üçün sığınacaq rolunu oynamışdır. Sovet dövründə burada müxtəlif təşkilatlar yerləşib, mehmanxana və poliklinika kimi fəaliyyət göstərib. Ötən əsrin 90-cı illərində şəhər erməni quldurlarının işğalı altına düşəndə bina bütünlüklə dağıdılıb.