26.12.2024, 20:21
AZ EN
22.07.2022, 09:40

Qaranlıqları yaran Zərdabi

Şərif AĞAYAR

  • Adətən, böyük mütəfəkkirlərin həyatı ayrı, fəaliyyəti ayrı öyrənilir. Çünki insan həm sosial varlıqdır, həm individual. Lakin dünyada nadir şəxsiyyətlərə rast gəlmək olar ki, onların həyatlarını fəaliyyətlərindən ayırmaq mümkün deyil. Böyük Həsən bəy Zərdabi bu cür şəxsiyyətlərdəndir. Onun nə zamansa şəxsi istəklərlə yaşadığını düşünmək çox çətindir. Vətən və millət uğrunda “özünü unudan” bu dəyərli insanı hər zaman əlində məşəl qaranlıqları yaran yerdə təsəvvür eləmişəm.

Faktlara diqqət edək. Moskva Dövlət Universitetində oxuyarkən sevimli müəlliminin qızına aşıq olur, ondan da istədiyi qarşılığı görür, lakin vətənə dönüb cəmiyyət üçün faydalı işlər görmək arzusu Həsən bəyi öz sevgisindən imtinaya məcbur edir. O həm də başqa millətdən olan xanımla evlənməyin yaxın çevrəsi tərəfindən yaxşı qarşılanmayacağını düşünür. Əlbəttə, belə düşünənlər olacaqdı, lakin burda böyük faciə yox idi. Məsələ başqa idi. Həsən bəy xalqına az qala ideal şəkildə layiq olmaq istəyirdi. Bu, Həsən bəyin verdiyi ilk böyük qurban idi. İnsan sevdiyindən yalnız daha böyük sevgilər naminə imtina edir. Bundan sonra növbəti silsilə qurbanlar və sonunda özünü fəda etmək mərhələsi başlayırdı. Onun ölümü də elə bu səbəbdən reallaşdı. Çox gərgin iş orqanizminə mənfi təsir etdi və insult keçirdi. Bundan sonra çox da uzun yaşamadı.

Dahi Eynşteyn özünü çox da böyük adam hesab etmirdi. Əldə etdiyi inanılmaz uğurları isə belə izah edirdi: “Başqalarından fərqli olaraq kainatı öyrənməyə nəhayətsiz marağım vardır”. Bəlkə, bütün sirlər elə bu təvazökar etirafda gizlənib. Axı, bütün böyük insanlarda, o cümlədən Həsən bəy Zərdabidə hər şeydən əvvəl bu nəhayətsiz istəyi görürük. Yorulmur, usanmır, bezmir. Təsəvvür edin, yazıb-oxumağı bacarmayan və de-fakto müstəmləkə həyatı yaşayan bir məmləkət üçün öz ana dilində qəzet buraxır və onca nəfərin də nəsə anlamasını böyük bir hadisə sayır. O, mətbuatın məqsəd və vəzifələrini də düzgün anlamışdı. “Əkinçi” qəzeti Azərbaycanı xilas etmək yolunda atılan tarixi addım idi. Dövrün güllə keçməz zülmətində yandırılan çıraq desək dəqiq bənzətmə işlətmiş oluruq.

Həsən bəy gözəl bilirdi ki, xalqı formalaşdırıb doğru istiqamətə yönəltmək üçün ziyalılara böyük ehtiyac var. Adamlarsa nəinki övladını oxuda bilmir, heç bunu istəmirdilər də. Elə Həsən bəyin özünün oxumasına evlərində mane olurdular. Tam təsadüfdən atasının dayısı işə qarışmış, onun Tiflisdə təhsilini davam etdirməsinə şərait yaratmışdı. Beləliklə, Moskva Dövlət Universitetinə gedən şanlı yol açılmışdı.

Milli mətbuatın əsasını qoymaq bir insanın tarixdə əbədi qalması üçün kifayətdir. Lakin Həsən bəyi yalnız milli mətbuatımızın banisi kimi səciyyələndirmək doğru deyil. O, böyük maarifçi idi və bu ideyanın həyata keçməsi üçün çoxlu variantlara əl atırdı.

Dahilər epoxa yaradan adamlardır. Bu mənada Həsən bəyi ən azı Azərbaycan kontekstində dahi kimi qəbul etmək olar. Qəribədir, təkcə mətbuatda deyil, qızların təhsil almasında və milli teatrın yaradılmasında da ilk addım Həsən bəy Zərdabinin adı ilə bağlıdır.

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Qızlar məktəbinin maliyyə və təşkilati tərəfini həll edə bilərdi. Oraya şagirdlərin cəlb olunması və tədrisin təşkili üçün savadlı, dünyagörüşlü, eyni zamanda milli təəssübkeşliyə malik birinə ehtiyac vardı. Ağıllı və tədbirli Tağıyev seçimi düzgün etdi: Həsən bəyi idarə heyətinin sədr müavini gətirdi.

Biz yazımızın girişində şəxsi həyatın ictimai fəaliyyətin içərisində əriyib itməsindən - vətənlə ailənin, ictimai şüurla fərdi şüurun tamamilə üst-üstə düşməsi məqamından danışdıq və Həsən bəyin ilk sevgisinin misalında unikal bir nümunə göstərdik. İndi ikinci misalın əsl vaxtıdır. Həsən bəy azərbaycanlı qızların təhsilə cəlb edilməsi üçün xanım müəllimə ehtiyac olduğunu düşünürdü. Çünki xurafatın və fanatizmin hökm sürdüyü o zamankı Azərbaycanın şəhər və kəndlərində nəinki qızları, heç oğlanları da “kafir məktəbləri”nə buraxmaq istəmirdilər. Bu yerdə böyük Mirzə Ələkbər Sabirin “Oxutmuram əl çəkin” şeirini xatırlamaq lap yerinə düşərdi...

Həsən bəy uşaqların, xüsusən qızların məktəbə cəlb olunması və lazımi səviyyədə təlim tərbiyə alması üçün azərbaycanlı xanım müəllim axtarırdı. Amma hardan tapacaqdı? Yenə də bəlkə, türk əsilli bir xanım ziyalını ya Tiflisdə, ya da Rusiyanın böyük şəhərlərində tapa bilərdi. Lakin taleyi gətirdi və Hənifə xanımla tanış oldu. Həsən bəy Hənifə xanımın şəxsində təkcə azərbaycanlı qızlara örnək göstəriləcək müəllimə yox, həm də ömür-gün yoldaşı tapdı. Tezliklə Bakıya köçüb evləndilər və hər ikisinin gərgin zəhməti bahasına məktəblərə onlarla xeyli şagird cəlb edildi. Yeri gəlmişkən, bu evlilik birbaşa Azərbaycanın arxetip yaddaşına yönəlmiş ağıllı bir gediş idi. Adamlar öz qız övladlarını da Zərdabi və onun xanımına etibar edirdilər.

Milli teatrımızın formalaşması da eləcə... Hər şeyə özü rəhbərlik etdi. Köməkçiləri isə övladı qədər sevdiyi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov idi. Hər iki şəxsin dramaturgiya ilə məşğul olmasında da Həsən bəyin müstəsna rolu olmuşdur.

Həsən bəyin torpaqşünaslıqla bağlı apardığı araşdırmalar və yazdığı maarifçi məqalələr isə ayrıca bir mövzudur. Eynən Üzeyir Hacıbəyov kimi o da əlinə keçən bütün fürsətlərdə öz xalqı üçün nəsə etmək, nəsə yaxşı bir şey miras qoymaq istəyirdi.  

Şübhəsiz, Həsən bəyin adı daha çox milli mətbuatımızla bağlıdır. Və zaman keçdikcə milli mətbuat ifadəsi də Həsən bəyin adı ilə assosiasiya olunmağa başladı. 22 iyul Milli Mətbuat Günü də “Əkinçi”nin nəşr olunduğu gündən götürülüb. Cəmi 56 nömrəsi çıxan “Əkinçi” aşkar milli ideologiyası ilə gec-tez çar rejimini narahat edəcəkdi. Bu səbəbdən iki il sonra nəşri biryolluq dayandırıldı. Amma nə olsun? Bir kərə yüksələn bayraq bir daha enmədi. İllər sonra Azərbaycan müstəqillik də qazandı, senzura da ləğv olundu, yüzlərlə qəzet və jurnal dövlət qeydiyyatından keçərək sərbəst şəkildə çap olunmağa başladı. Eyni zamanda çoxsaylı televiziyalar və saytlar meydana gəldi. Bu gün mövqeyindən və obyektivlik dərəcəsindən asılı olmayaraq bütün çap və elektron media, eyni zamanda televiziya və radio kanalları özünü “Əkinçi”nin qeydsiz-şərtsiz varisi hesab edir. Təbii, belə də olmalıdır. Və bu hesabla Azərbaycanın əldə etdiyi bütün uğurlarda həm də Həsən bəyin rolu vardır. Böyük insanlıq da elə budur: təkcə öz zamanına deyil, gələcəyə də işıq saça bilmək.