Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başımda dastana döndü.
Bəli, xeymə qurdun özünə, amma dumandan deyil, qəhrəmanlıq xeyməsidir bu, sənin xeyməndə gül-çiçəklər ətir saçır, O qədər ziyarətçin var ki... Sənin xeymən and yerimizdir, ziyarətgahımızdır...
İnsançün laləzar Vətən yaxşıdı,
Deyirlər, bülbülə çəmən yaxşıdı,
Şair, sorma nədən Vətən yaxşıdı,
Adıgəlcək könlüm dastana döndü.
Oxudun... həyatınla, səsinlə dastan yazdın, dastana döndün, igidim...
Ölkəmizin hüdudlarından da kənara çıxdı bu ifan... Hamı səndən danışdı, hamı sənə heyran və vurğun oldu. Kimin ağlına gələrdi ki, yaxud da kim inanardı ki, iki gündən sonra sən şəhadət şərbətini içib əbədiyyətə qovuşacaqsan... Şəhidlik Uca zirvə olsa da, sənin yaşamağını çox istəyirdik, şanlı bayrağımızı azad olunan torpaqlarımızda ən uca yerdə dalğalandırmağını , “Vətən yaxşıdı” mahnısı kimi “Vətən satılmazdır” marşını da elə sənin müqəddəs ifanda eşitmək istəyirdik, gülüşü gözəl, igidim!.
Deyirlər ki, gülüşü gözəl insanların həmişə qəlbində gizli bir niskili olur. Qəlbində niskili olan insanların gülüşü də, şirin təbəssümü də içdən gələn səmimiyyətindən doğur: “Dərdə qucaq açaq ki,
dərd bizdən uzaqlaşsın”...
Sən anadan olandan cəmi 24 gün sonra atan rəhmətə getdi. Anan sənə həm
ana, həm də ata olub,Vətənə layiq bir övlad kimi böyüdüb. Sən ataya olan ehtiyacından yaranan dərdə qucaq açıb onu şirin təbəssümünün, xoş gülüşünün ardında gizləməyi bacardın, nurüzlüm...Müsiqiçi də ola bilərdin, amma hərbi seçdin, çünki Öncə Vətən idi səninçün...Şuşa xəyallarında min dəfə gedib gəldiyin, səcdəsinə durduğun müqəddəs məkan idi, ona qovuşmağa can atırdın... Ağdam, Zəngilan dədə-baba yurdun idi. Qarış-qarış gəzəcəkdin hamısını... Əgər oktyabrın 22-si xain düşmmmənini namərd gülləsi olmasaydı...
Tanrı sənə fitri istedad verərək qısa zamanda bütün xalqımıza tanıtdı, sevdirdi və əbədiyyətə qovuşdurdu...Şəhidliyin səni sevənlərinin qəlbinə köz basdı. Nə qədər şəhidliyinlə qürurlansaq da ürəyimiz yanaqlı qaldı, səni gəzdi gözlərimiz hər yerdə, bəzənsə nədən, axı nədən dedik öz-özümüzə... Amma, bəlkə də, hələ ağlımızın yetərincə dərk etmədiyi, hələ sirri açılmamış bir mərtəbədə daha bəxtiyarsan. Elə adının qoyulması da təsadüfi deyildi. Xudayar... Sən elə öz Xudana Yar oldun, igid balam...
Nurlu baxışlım, təbəssümü ilə ruhu oxşayan, igidim....
Vətənə oğulam, yaram,
Vətən deyib oxuyaram,
Zalim düşmən, bax gör necə
Mən tarixdə yaşayaram...
Qədəmlərim dəydi
Duman çökən dağlara.
İzin verərdikmi heç
Vətən qalsın yağılara...
Sən yaddaşımızda təptəzə qalan, unudulmayan səsinlə, döyüşlərdəki qəhrəmanlığınla bunu sübut etdin...
Əlibaba Məmmədovun (rəhmətlik)müəllifi olduğu “Vətən yaxşıdı” mahnısını necə ifa etdinsə, böyük ustadın öz xeyir-duasını verərək bu mahnını “Xudayar təsnifi” adlandırdı...
“Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalların isə səni Vətən kimi böyüdən anan Rada Yusifzadəyə təqdim edildi...Mərtəbən mübarək, ruhun şad olsun, qəhrəmanım!
Tahirə AĞAMİRZƏ