26.12.2024, 20:00
AZ EN
15.07.2022, 10:00

Müqəddəs ziyarət

Şərif AĞAYAR

  • Təxəyyülündə canlandırıb yazdığın yerlərə realda gedirsən. Qəribə duyğudur. Bir var haranısa vaxtı ilə təxəyyül etdiyin yerə oxşadasan, bir var getmədiyin, görmədiyin dağı, qayanı, düzü, dərəni, kəndi, evi, meşəni, yolu təsvir edəndən sonra ora səfər edəsən. Sizə deyim, xeyli şey üst-üstə düşürdü. Bəlkə “google maps” köməyimə gəlmişdi.

İlk Çullu kəndini tanıyıram. Başının üstündəki dağ Yeddi Xırman olmalıdır. Çünki o dağın ətəyində başqa kənd yoxdur. Bir nəfər “Bura Fərrux dağıdır” deyib səslənsə də ürəyimdə “Ola bilməz” deyirəm. Fərrux dağı Çulluya bu qədər yaxın deyil. Düşün­düyüm olur. Adam yanılıb. Bircə Şahbulağı düzgün göstərir.

Hələ oralara çatmamış viranə Ağdamın sarsıntısına düşürük. İnternetdə də görmüşəm, şəkillərdə də, videolarda da. Amma o deyilmiş. Canlı görmək bir başqadır. Ömrümdə bu boyda viranəliyin içində olmamışdım. Naqasakiyə bənzədirlər. Uğurlu bənzətmə deyil, məncə. Naqasakini bir düymə ilə o günə saldılar, hər şey bir neçə dəqiqədə baş verib, Ağdamı isə düz 27 il dağıdıblar. Ev-ev, divar-divar, daş-daş... Hər evdən, hər divardan, hər daşdan qisas alıblar elə bil. Adamın içindən əsəb qarışıq bir üşütmə keçir. Bir yandan da təbiət hücum çəkib Ağdama. Dağılmış evləri ağaclar və kollar elə basıb, deyəsən, bu vəhşiliyi gizləmək istəyir. Təbiət yarasının üstünü örtür.

Ağdamdan olan yol yoldaşlarımız yerbəyerdən danışırlar. Gördükləri hər ünvanı bizə tanıtmağa çalışırlar: bu məktəb, bura çörək sexi, bura filankəsin evi... Yada salmaqla, xatırlamaqla, tanımaqla ölümün pəncəsindən xilas edirlər evləri. Xəyallardasa diri saxlamağa çalışırlar. Qoy danışsınlar, əlbəttə! Bu gün onların günüdür. Ağdam günüdür. Ağdamın igid oğlu Raquf Orucovun günüdür. Biz onun 50 illik yubileyini qeyd etməyə gedirik. Şahbulaqda... Komandiri olduğu hərbi hissənin iştirakı ilə...

Raquf Orucov bu günləri çox arzulamışdı. Arzulamaq azdır, canını qoymuşdu bu yolda. Düz 25 il. Axırda da həyatını fəda etdi. 2016-cı ilin aprel döyüşlərində. İndi isə onun ailəsi, dostları, yaxınları və qəhrəmanlığı haqqında eşidib-oxuyan bir dəstə adam onu işğaldan azad edilmiş Ağdamda anmağa gedirdi.

Şahbulaq qalasını keçib cənnəti xatırladan bir vadiyə enirik. Burdakı ağaclara dəyməyiblər. Başqa yerdə ağac da qalmayıb. Kəsib aparıblar hamısını. Ağdam şəhərinin xarabalığını basan ağac­lar və kolların əksəriyyəti son­radan bitib. Ona görə yollar da, küçələr də itib. Şahbulaq belə deyil. Bura nəinki toxunmayıblar, əksinə, yaxşıca əl gəzdiriblər. Görünür, istirahət yeri kimi istifadə edirmişlər. Rədd olub gedəndə də dağıtmağa, yandırmağa macalları olmayıb. İndi Şahbulaq qalasında üçrəngli bayrağımız dal­ğalanır, aşağıda, ağacların altındakı çardaqların qarşısını “Murov qar­talı”nın nəhəng portreti bəzəyir.

Mərasim hərbi orkestrin ifa etdiyi himnlə başladı. ASAN radionun rəhbəri Emin Musəvinin aparıcılığı ilə baş tutan yubiley tədbirində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, millət vəkili Ceyhun Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmkarlar komitəsinin sədri Rəşad Səfərov, Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələri İctimai Birliyinin sədri Sevinc Alızadə və bəndəniz çıxış edirik. Ardınca musiqi nömrələri səslənir. Tədbirdə şəhid ailələri, qazilər, jurnalistlər, ASAN könüllüləri və hərbçilər iştirak edirlər.    

Mərasim bitən kimi avtobuslara doluşub Qızıl Kəngərli kəndində yerləşən hərbi hissəyə gedirik. Əsgər və zabitlərimiz hərbi hissələrinin yaranmasının 27-ci ildönümünü qeyd edirlər. Bir yandan da Qurban bayramı və Raquf Orucovun 50 yaşı. Burada da qələbə ruhlu çıxışlar olur. Bakıdan gələn qonaqlar əsgərlərə bayram sovqatı paylayıb onlarla birlikdə rəqs edirlər.

Mənimsə fikrim Xaçın çayının sahilindədir. Üzüyuxarı getmək istəyirəm. Xaçındərbənd su bəndini, Fərrux dağını, Raqufun doğma kəndi Cinlini, onun doğulduğu evi görmək istəyirəm. Axı buralar haqda yazmışam. Söhbət Raquf Orucova həsr etdiyim “Komandir” romanından gedir. Kənd necə dağılıb, anası harda vurulub, necə şəhid olub, qardaşı Zabil hardan adlayıb Xaçın çayını, haralarla qaçıb Çullu kəndinə... Əslində, buraları mənə qiyabi tanıdan da elə Zabil olub. İndi ikimiz birlikdə bu yerlərə qayıtmışdıq. Zabil müqəddəs borcunu axıracan yerinə yetirməli, məni sonuncu ünvana qədər aparmalıdır. Söz atıram. Komandirin xanımı Sevinc Alızadə də yanımızdadır. Bir anlıq fikrə gedib çıxış yolunu tapırlar: Bakı qonaqlarını yola salıb, özümüz gedirik Cinliyə! Bəs nəylə? Axı, maşınlar portaldan keçməyib, hamımız avtobusla gəlmişik. Tanrı hərbçilərimizi qorusun, kömək edərlər!

Bu cür də olur. Hərbi hissədəki əsgər naharının ardınca Cinliyə üz tuturuq. Zabil roman üçün mənə təsvir etdiyi bütün yerləri əyani göstərir, böyük şövqlə danışır. Hər addım sürprizdir!  Yolüstü Aida bulağına enirik. Xaçın bəndinin altında, ağacların içindədir. Suyu Abi-Kövsəri xatırladır. Ovuclayıb içirəm. Sonra su bəndinin yanı ilə Xaçındərbəndə - Qəmbərliyə giririk. Buranı böyük zənn eləmişəm. Balaca kənd imiş. Evlərin hamısını dağıdıblar. Cinli mənim təsəvvürümdə bir az yuxarıda, dağın ətəyindədir. Aşağıdaymış. Xaçınçayın lap qırağında. Dərə yoxuşa çıxdıqca başqa kəndlər görünür: Əlimədətli, Əliağalı... Kolanı dərəsi deyirlər bura. Ağdərə­yəcən uzanır. Yuxarıda sağda Sırxavənd kəndidir. Burdan görünmür.

Cinlinin girəcəyinə az qalmış yol burulur. Raquf Orucovun anasını o dönəcəkdə vurublar. Daha doğrusu, Cinlidən Xaçındərbəndə gələndə yanına mərmi düşüb. Meyiti atəş nöqtəsində qalıbmış. Gecə Raquf Orucov çayın qırağındakı ağaclıqla gəlib onu çıxarıb, aparıb Çullu kəndinin qəbiris­tanlığında dəfn edib. Məzarı indi də ordadır. Salamatdır.

Bu da Raquf Orucovun doğulduğu ev. Gözümə balaca görünür. Romanda ikimərtəbəlidir. Raquf nadinclik edəndə atası onu evin zirzəmisinə qovurdu. Orda da Zabillə birlikdə mürəbbə və tutma balonlarını aşırırdılar...

Ev uçub, balacalaşıb, həyətdəki bütün ağacları qırıblar. Heç kötükləri də qalmayıb. Ətrafda ermənilər özləri üçün əlavə evlər tikiblər. Yaşayırmışlar burda. Zabil əlini uzadıb ətrafı mənə göstərir, romandakı hadisələrin baş verdiyi yerləri nişan verir. Cinlidən, Raquf doğulan həyətdən Fərrux dağının hər iki zirvəsinə, Daşbaşı qayasına, Yeddi Xırmana, zirvənin sağından Çulluya aşan torpaq yola baxdıqca özümü nağılın içində hiss edirəm. Sonu xoşluqla bitən sehrli bir nağılın...