10.10.2024, 14:03
AZ EN
24.06.2022, 09:30

90 yaşa qələbə hədiyyəsi

Şərif AĞAYAR

  • Qarabağ qələbəsi müstəqillik tariximizdəki hadisələrə yeni baxışı şərtləndirir və istənilən sahədə olub-bitənləri yenidən dəyərləndirmək zərurəti yaradır. Bu günlərdə “Aran” qəzetinin 90 yaşını qeyd etməsi ilə bağlı oxuyanda da istər-istəməz yaxın keçmişimizə yazılı bir səyahət ehtiyacı duydum.

“Aran” Ağcabədi rayonunun rəsmi qəzetidir. Bildiyiniz kimi, ötən əsrin 30-cu illərində keçmiş sovetlər birliyində sürətli kollektivləşmə gedirdi. Yeni dünya həm də yerli qəzetlərin təsis edilməsi ilə müşayiət olunurdu. Böyük əkinçilik rayonu olan Ağcabədidə də ilk bölgə qəzeti 1932-ci ildə açıldı. Qəzetin adı hər şeyi deyirdi: “Ağcabədi pambıqçısı”. Sonralar bu adı dəyişib “Sürət” etdilər. Əslində bu da sürətli inkişafa işarə vuran ideoloji ad idi. Azərbaycan müstəqillik qazanandan sonra isə qəzetə daha real ad qoydular.

“Aran” 90-cı illərə kimi ağır dövrdə də nəşrini dayandırmadı. Qısa-uzun fasilələrlə oxucularının görüşünə gəldi. Həmin vaxt mən N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbə idim. Universitet Ağcabədidə məskunlaşmışdı. Şuşa ilə Laçın yenicə işğal olunmuşdu və yerdə qalan sərhəd rayonlarımız real təhlükə qarşısında idi. Bir il müddətində daha 6 rayon qəsbkarların əlinə keçəcəkdi.

Biz dövrümüzün keşməkeşli hadisələrini həm də “Aran” qəzetinin səhifələrindən oxuyurduq. İnformasiya məhdud idi. İşıq daimi olmurdu. Təbii, olanda da istədiyimiz vaxt xəbərə çata bilmirdik. Smartfon dövrünün tələbələrinə bu vəziyyəti tam gerçəkliyi ilə izah etmək mümkün deyil.

Qəzetin o zamankı baş redaktoru Fazil Sarvan universitetlə daimi əlaqə saxlayır, tədbirlərə gəlir, müəllim və tələbələrlə dostluq edirdi.

Həmin vaxt mənim də təhsil aldığım tarix-filologiya fakültəsinin yuxarı kurs tələbələri şuşalı Milli Qəhrəman Ramiz Qəmbərovun xatirə gecəsini təşkil edirdilər. Foyemizdə xatirə lövhəsi açılmışdı. Hər kəs əlindən gələni edirdi. Şairlik qabiliyyəti olan gənclərə bu mövzuda şeir yazmaq tapşırılmışdı. Onların içində mən də vardım. Heç vaxt həyatda görmədiyim, lakin qəhrəmanlığı haqqında çoxlu əhvalatlar eşitdiyim Ramiz Qəmbərova bir neçə bəndlik şeir həsr etdim. O, 29 yaşında igidliklə şəhadətə qovuşmuşdu. 90-ların özünməxsus romantikasına görə, Ramiz bəy şəhid olmasa, ermənilər Şuşanı işğal edə bilməzdi. Əlbəttə, mən sonralar bu inamı böyük sevginin və güvənin nəticəsi sayırdım. Axı, belə tale yüklü məsələləri şəxslər deyil, proseslər həll edir. Lakin bu gün bir həqiqətə zərrəcə şübhə eləmirəm: Ramiz Qəmbərov və bütün Ramiz Qəmbərovlar şəhid olmasaydı, biz Şuşanı azad edə bilməzdik. Məhz burda, bu müharibədə, məhz Şuşa uğrunda döyüşlərdə şəxsi, fərdi igidliklər prosesə təsir edə bildi. Başqa yol da yox idi.

Milli Qəhrəmanımıza həsr etdiyim şeir təşkilatçıların xoşuna gəldi və “Aran” qəzetinin növbəti sayında çap olundu. Bu, mətbuatda ilk çıxışım idi. Sonra Fazil Sarvanla şəxsən də görüşdüm. O, digər şeirlərimi də oxudu və bir silsiləsini qəzetdə dərc etdi.

17 yaşlı bir tələbə üçün bunun nə demək olduğunu təsəvvür etmək çətin olmamalı... Biz o ağır illərdə təskinlik tapmağa bəhanə axtarırdıq. Çap olunmaq şəxsən mənim üçün təskinliyin və gələcəyə inamın ən unikal göstəricisi idi. O vaxtdan indiyədək heç vaxt çap problemim olmadı. Nə mətbuatda, nə nəşriyyatlarda. “Aran” qəzetinin, mərhum baş redaktoru Fazil Sarvanın xeyir-duası mənə düşərli oldu. Ona görə bu gün mənə doğma olan bu qəzetin 90 yaşı üçün nəsə yazmağı həm də özümə mənəvi borc bildim.

“Aran” qəzeti ilə məni başqa bir xatirə də bağlayır. Qəzetin 60-cı illərdə - “Sürət” adı ilə çıxdığı vaxt baş redaktoru olmuş Sərdar Mehdiyevlə uzaq qohum idim. Sərdar müəllim 90-cı illərdə başqa bir bölgə qəzetinin – “Xocalının səsi”nin baş redaktoru idi. O, Xocalı soyqırımı törədiləndə bu haqda camaatdan öyrəndiyi faktları və əldə etdiyi fotoları qəzetdə vermiş, buna görə başı çox ağrımışdı.

Tale elə gətirdi ki, Sərdar Mehdiyevdən 90-cı illərdə populyar olan “Panorama” qəzeti üçün müsahibə də aldım. Müsahibədə bir sıra maraqlı fakt-larla yanaşı “Aran” qəzetindən də sevgi ilə danışmışdı. Xatırladım ki, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin rəhbəri mərhum Ənvər Əhməd də, millət vəkil Tahir Rzayev də “Aran” qəzetinin (“Sürət”) əməkdaşları olublar.

İndi bu qəzetə qələm dostumuz, şair Məhsəti Musa rəhbərlik edir. Məhsəti xanım həm də Ağcabədidə fəaliyyət gös­tərən “Ələk” Ədəbi Məclisinin rəhbəridir. Həm qəzetdə, həm dərnəkdə gö­zəl ədəbi-mədəni mühit formalaşdırıb.

Bildiyiniz kimi, Laçın rayon əhalisinin böyük bir qismi Ağcabədi ərazisində yerləşən Taxtakörpü qəsəbəsində və qə­səbəyə yaxın obalarda məskunlaşıb. Rayon rəhbərliyi də buradadır. O cümlədən mədəniyyət müəssisələri. Laçınlılar qəsəbədə keçirilən tədbirlərdə mütləq “Aran” qəzeti və “Ələk” Ədəbi Məclisi ilə sıx əlaqə saxlayırlar. Bir neçə müştərək tədbirləri də olub. Məhsəti xanım həm də internet resurslarından istifadə edərək “Aran” qəzetini ölkə faktına çevirə bilib. Qəzetin elektron səhifəsinin yaradılması onu hamı üçün, eyni zamanda paytaxtda yaşayan qələm adamları və oxucular üçün əlçatan edib. Bu günlərdə qəzetin nəzdində “Aran TV” adlı internet televiziya da açılıb. Burada xəbər buraxılışları ilə yanaşı Ağcabədi folkloru və coğrafiyası ilə bağlı, Qarabağ müharibəsi, şəhid, qazilər və onların ailələri ilə bağlı, tanınmış qələm və sənət adamları ilə bağlı maraqlı buraxılışlar və sənədli filmlər hazırlayır.   

Bütün mətbu orqanlar kimi “Aran” qəzetinin başlıca mövzularından biri də qələbədir. Azərbaycan Ordusunun gös-tərdiyi şücaət hamı kimi “Aran”ın oxucu və tamaşaçılarını da sevindirir.

Bölgədə yaşamağın üstünlükləri ilə yanaşı problemləri də var. Bu, qaçılmazdır. Lakin Məhsəti xanım özünün yubiley çıxışlarında qeyd edir ki, Ağca­bədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Aran” qəzeti 3 min nüsxə tirajla həftədə iki dəfə işıq üzü görür. Həm qəzetin, həm qəzetin saytının, həm də internet televiziyanın yeni kollektivi formalaşıb. Və tale bütün kəşməkeşli tarixə baxmayaraq bu kollektivə qələbədən yazmaq xoşbəxtliyi nəsib edib. Ərazisi işğala məruz qalmasa da, müharibənin bütün ağrılarını qoynuna pənah gətirmiş on minlərlə məcburi köçkünlə birlikdə çəkən Ağcabədi bu sevinclərə, bəlkə də, hamıdan artıq layiqdir.

“Aran” qəzetini və kollektivini 90 yaşı münasibəti ilə təbrik edirik. Onlar üçün ən böyük hədiyyə Qarabağ qələbəsidir. Bundan sonra işğaldan azad edilmiş rayonlarımızdan silsilə materiallar gözləyirik.