20.01.2025, 22:43
AZ EN
10.01.2025, 16:21

Bir yaylıq, bir bayraq, bir qürur

Şərif AĞAYAR

  • Deyir, anasından ona bircə yaylıq qalmışdı, ömrünün sonunacan saxladı. İlk baxışdan adama adi gəlir. Nə olsun, yaylıqdı da, xatirə kimi saxlayıb. Belə hadisələr çox olur.

Lakin bu yaylıq hər yaylıqdan deyildi...

Nobel mükafatı laureatı Patrik Modianonun həcmcə çox kiçik romanları əşyaların yaddaşını diriltdiyi, dirildə bildiyi üçün dəyərlidir. Hətta dünyanın ən böyük ədəbiyyat mükafatını da yazıçıya bu cəhətinə görə veriblər.

Bəli, bu dünyada istənilən əşyanın balaca da olsa bir tarixçəsi, bir hekayəsi var.

Xoş o kəsin halına ki, o hekayəni oxuya və oxuda bilir. 

Bəs bu hekayə çox kədərlidirsə?

Fərəc müəllimin saxladığı yaylıq təkcə ana itkisinin deyil, həm də əldən getmiş vətənin rəmzinə çevrilmişdi. Lakin bir yandan da qürur mənbəyi sayılırdı. Yəqin düşüncələrinizi xeyli qarışdırdım: ana həsrəti, vətən itkisi və qürur mənbəyi... Olur belə şeylər...

1992-ci ilin o məşum günləridir hələ. Laçının ən savadlı, dünyagörüşlü müəllimlərindən olan Fərəc Ədilov anası Qəmzə arvadla düşmən əlinə keçməsinlər deyə Şeylanlı kəndini tərk edib gedirlər. Yolun bir yarısında Qəmzə arvad dönüb ömür boyu bircə gün də tərk etmədiyi doğma yurduna baxır və deyir: “Mən getməyəcəyəm!” Təbii, o dar macalda, o gərgin anda belə sözlər çox deyilirdi, hamının qulağı öyrəşmişdi...

Lakin bu dünyada ən adi sözü də boşuna işlətməyən saf və təmiz insanlar var.

Laçın tərəfdən yollar bağlananda yurddan ayrılmaq sarsıntısının üstünə bir də əsir düşmək qorxusu gəldi. Bundan sonra Qəmzə arvad qərarını qətiləşdirdi: dözülməz gerçəklikdən əfsanələrin qoynuna atılmaq, Ağdərə çayının təmiz, saf sularına qarışmaq... Ən dəhşətlisi, bu qərarını öz doğma övladından da gizlətdi. Çünki ona mane ola, qoynunda böyüyüb yaşa dolduğu, tanrı kimi iman gətirib tapındığı bu sirli-sehrli məkandan ayıra bilərdi.

Fərəc müəllim bir də onda gördü, anası yoxdur. Ora-bura döyükdü. Yaylığını tapdı. Hündür bir qayanın üstündə itburnu koluna ilişib yellənirdi...

Bu xəbər o vaxt təzə-təzə binələnən qaçqın obalarının başının üstündə ildırım kimi şaqqıldadı. Şəxsən mən işğalın nə olduğunu və bizim başımıza hansı miqyasda bir fəlakət gəldiyini o vaxtlar anladım.

Həm də biz belə hadisələri yalnız rəvayətlərdə, əfsanələrdən eşitmişdik. Arpa çayının qoynun atılan Sara kimi...

Mahnılaşıb, nəğmələşib yüz illər boyu bizimlə yaşayan nakam vətən qızı...

Qəmzə arvad da dilimizin-ağzımızın duasına, sözümüzün-söhbətimizin qəhrəmanına çevrildi. Haqqında şeirlər qoşuldu, havacatlar bəstələndi. Adamlar yas yerlərində bir ölənə, beş Qəmzə arvada ağladılar. Lakin həm də içlərində şax dayandılar. Çünki bu dərd həm də qürur verirdi insanlara. Azərbaycan qadını yenə yad əllərə düşməkdənsə ölümü seçib yerdə qalanlara dərd-ağrı qarışıq bir vüqar bəxş edirdi.

Lakin yenə ən gözəl sözü Fərəc müəllim söylədi: qeyrətli ananın nankor övladı...  

Təsbit çox qısa, lakin amansız idi: anam qeyrətli çıxdı, gəlmədi, mən nankor çıxdım, gəldim...

Böyük insanlar həmişə belə danışırlar. Özlərini günahlandırıb cəmiyyətə mesaj ötürürlər. Əslində həmin vaxt nankor çıxan təkcə Fərəc müəllim deyildi, hamımız idik – dünyanın hər tərəfində yaşayan bütün azərbaycanlılar...    

Avtobioqrafiyası qısa deyil. Sadəcə biz bəzi çox vacib məqamları qeyd etməyə məcburuq. Laçının şimal-qərb bölgəsində – Dəlidağın ətəyində müasir elmin təzə-təzə rişələnən vaxtı Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. Universal biliyi və dərin təfəkkürü ilə müəllimlərini heyran qoyub. Onun kurs işini elmi işdən yüksək dəyərləndiriblər və şübhəsiz, şəhərdə qalıb elmi işini davam etdirməsini istəyiblər.

Ancaq dövrün öz gerçəklədi vardı: evin tək övladı idi və mütləq valideynlərinin yanına qayıtmalı idi.

Bu həm də bir tale idi. Fərəc müəllim doğma yurda qayıdıb işığını saçmalı, öz kəndlərindən və qonşu kəndlərdən parlaq ziyalılar çıxmasına vəsilə olmalı idi.

Gizlətmirəm, hərdən Fərəc müəllimi bu seçiminə görə ürəyimdə qınamışam. Çünki Bakıda qalsa, ən azı böyük universitetlərin birində kafedra müdiri olacaqdı və çoxunu çəkib ardınca gətirəcəkdi. Lakin buddizmlə maraqlanandan və dahi Tolstoyun “Sergi ata” əsərini bir daha ciddi oxuyandan sonra hər şeyi anladım: Fərəc müəllim kimi doğulub o mütəvaze həyatı seçmək insandan başqa kəramət istəyir. Həm də bir dəyərli şagirdi, tələbəni zirvələrə doğru itələmək, onu ora dartmaqdan daha çətin və daha faydalıdır. Bir var kimisə quyudan çıxarmaq üçün əl uzadasan, bir də var özün ora enib altdan-yuxarı qaldırasan. Fərəc müəllim ikincini seçmişdi.

Məcburi köçkünlük illərində də peşəsinə sadiq qaldı. Şəkidə məskunlaşmışdı. Xəyalımda həmişə uşaqlara qanad taxıb onları göyə uçuran bir sehrbaz kimi canlanırdı.

Onun işığını Bakıda da, Ağcabədidə də, İsmayıllıda da hiss edirdim. Əminəm, tanımayan adamlar da ondan nur ala bilirdilər. Belə adamlar dünyanı gözəlləşdirmək üçün yaranıblar və öz missiyalarını axıracan yerinə yetirirlər.

Bu günlərdə aramızdan ayrılan, ayrılığa bir az da tələsən dəyərli Fərəc müəllim həm də gözəl bir yazıçı, publisist idi. Söz duyumu, məna həssaslığı adamı həmişə heyran qoyurdu. Adi danışıqda, söhbətdə elə cümlələr işlədirdi, klaviaturanın arxasına keçib bir ay düşünsən, yaza bilməzdin. Belə sərrast ifadələr onun lap gəncliyindən qələmə aldığı və ölkənin müxtəlif mətbu orqanlarında çap etdirdiyi hekayə və məqalələrində də var. Böyük ehtimalla, bu materiallar kitab şəklində çap ediləcəkdir.

Çəkdiyi bütün əzab-əziyyətlərə baxmayaraq Fərəc müəllimi çox şanslı adam sayıram. Çünki faydalı ömür sürdü, dəyərli övladlar və şagirdlər yetişdirdi, sadə, sufiyanə həyat yaşadı, təbiəti və insanları sevdi. Ömrünün sonuna yaxın isə Laçının azadlığı xəbərini eşitdi...

Və şübhəsiz, 28 il sonra Laçında dalğalanan üçrəngli bayrağı görəndə anasının itburnu koluna ilişib yellənən yaylığını xatırladı...

Düşmən əlinə keçməkdənsə özünü fəda etməyi seçən Qəmzə arvadın, tariximizin yüz illərə dayanan ağrısını və qürurunu təzələməklə keçdiyi dərs illər sonra böyük bir igidlər nəsli yetişdirdi və həmin cavanlar nankorluq xəcalətini hamımızın üstündən götürdülər.

Fərəc müəllimin həm anasına, həm vətəninə qovuşan ruhu indi uğrunda öz qohumlarının da şəhid olduğu üçrənglə bayrağın Laçında qürurla dalğalanmasına Tanrının uca dərgahından baxır.