Tarixə səyahət etməyi bacaranlar görərlər ki, sovet quruculuğu illərində savadsızlığın ləğv olunması xüsusi dövlət proqramı şəklində həyata keçirilirdi. Məktəblərin axşam şöbələrində yaşlı kişiləri məktəblərə cəlb edirdilər. Ən ucqar kəndlərimizdə kitabxanalar yaradılmışdı. Elə kitablar vardı, adamlar oxumaq üçün növbəyə yazılırdılar. Təbii, burda dövrün xarakteri də mühüm rol oynayırdı. Əyləncə imkanları yox idi. Hətta hər evdə radio-televiziya tapmaq çətin idi. Kitab bir növ yeganə asudə məşğuliyyət idi.
Sovetlər gücləndikcə kitaba daha çox diqqət ayırmağa başladı. O dövrkü rəhbərlər müdhiş soyuq müharibəni həm də kitabla aparırdı. Totalitar sistemin liderləri kitabın böyük silah olduğunu anlamışdılar. Lakin öz marginal maraqları naminə onu ilahi mahiyyətindən ayırmağı da unutmurdular. Kitabın səmavi və ruhani mahiyyəti haqda düşünmək və yazmaq nəinki diqqətdən kənarda qalır, hətta qadağan edilirdi. Böyük kitab şəbəkəsinin qurulması bu mənada təsadüfi deyildi.
Kitabla bağlı çoxsaylı dövlət qurumları vardı və bu qurumlar məhsuldar fəaliyyət göstərirdi. Çap tirajlarının sayı bəzən yarım milyona çatırdı. Dəmir sistemin içərisində kitab çap etdirmək müşkül məsələyə çevrilmişdi. Bəzən ən istedadlı yazıçı-şairlər belə illərlə kitab növbəsini gözləyirdi. Lakin nəşr olunduqdan sonra yüksək qonorar alır, onu bütün respublika tanıyır və bir növ yaradıcılıq üçün rəsmi vəsiqə qazanırdı. Senzuranı da nəzərə alsaq, çap işi bütövlükdə hakimiyyətin nəzarətində idi. Təbii, gerçək kitab sənayesi bu deyildi. Amma yaxşı-pis bir şəbəkə vardı və effektiv fəaliyyət göstərirdi.
Müstəqillik senzuranın ləğvi ilə yanaşı nəşriyyatlara azadlıq da verdi. Lakin biz bu azadlığı uzun illər xaosun içərisində itirdik. Nə istəsək yazıb çap edirdik, lakin şair demiş, mətahımızı satmağa yerimiz yox idi. Kitab mağazaları bağlanmış, yayım şəbəkəsi sıradan çıxmışdı. Sosial-ictimai hadisələrin gərginliyi kitabı maraq dairəmizdən tamamilə kənara çıxarmışdı. Heç kimi qınamaq da olmurdu. Kitab oxumaq həm də daxili konsentrasiyadır axı. Bunu itirəndə çətin olur. Həyatımızın gərgin-emosional ahəngi kitabın soyuqqanlı intonasiyasına uyğun gəlmirdi. Müstəqilliyimizin 30-cu ilini arxada qoysaq da, hələ bu ahəngsizlikdən tamam xilas ola bilməmişik. Həyəcan və qorxu ürək döyüntüsünü artıran kimi, problem və qayğılar da daxili ahəngi pozur. Belə məqamlarda subkultura kulturadan önə keçir. Yüngül dayanacaq mahnıları, meyxana, rep kimi düşünməyi istisna edən yaradıcılıq sahələri mikrofonu da-ha çox ələ keçirir. Ciddi sənət, o cümlədən kitab özünü sahibsiz və tənha hiss edir. Dövlət məhz belə məqamlarda irəli durmalı, dəyərləri “üzən məzənnə” prinsipindən xilas etməlidir. Muğama, klassik musiqiyə, ciddi kinoya və ədəbiyyata dəstək bizim kimi inkişaf etməkdə olan ölkələrdə özünü doğruldur.
Ötən il – “Nizami ili”ndə ölkə başçısının təşəbbüsü ilə kitab və kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi kitab industriyasının lazımınca formalaşması istiqamətində atılan ən qətiyyətli addımlardan biri oldu. Bu, nəşriyyatlara azadlıq və müstəqillik verilməsindən sonra ən qiymətli təşəbbüs idi. Təbii, biz dövlətin birbaşa dəstəyi ilə çap olunan və kitabxanalara hədiyyə edilən qiymətli kitab seriyalarından danışmırıq. Söhbət müstəqil kitab sənayesinin fəaliyyətindən gedir ki, bu sahə lazımı tərəqqiyə nail olandan sonra nəinki dövlətə yük olmur, əksinə öz qazancından vergi ödəyərək ona pul qazandırır.
Kitab ümummilli məsələdir. Uzağa hesablanmış strategiyadır. Mütəxəssislər qəzet və jurnalı təcili yardıma, kitabı isə müalicə və cərrahiyyə işinə bənzədirlər. Doğru təsbitdir. Bir var qan təzyiqi yüksək olan xəstəyə iynə vurub onu vəziyyətdən çıxarasan, bir də var xəstəliyin səbəblərini tapıb müalicə ilə onu aradan qaldırasan. Kitab cəmiyyətimizin gələcəyinə sərmayə qoyur. Eyni zamanda, məxsus olduğu ölkəyə əbədi şöhrəti gətirir. Dünyanın inkişaf etmiş ölkələrini düşünün, biz onların qüdrətini ilk növbədə kitablarından hiss etmişik. Kitabı zəif olan güclü ölkə yoxdur. Kitab ümumi səviyyənin dəqiq ekvivalentidir.
Ədalət naminə, son illər kitab sahəsində müşahidə etdiyimiz tərəqqidən də söz açmalıyıq.
Bir zamanlar Bakıda kitab sərgilərinin keçirilməsi bizə üçüncü-dördüncü dərəcəli iş kimi görünürdü. Vaxt keçdikcə sanki aidiyyəti qurumlarla yanaşı cəmiyyətin özü də bu istiqamətin vacibliyini anladı. Əvvəlcə Bakı Kitab Sərgisi təşkil olundu. Sonra Mədəniyyət Nazirliyi iki ildən bir paytaxtımızda Beynəlxalq Kitab Sərgisi keçirməyə başladı. Ən sonda isə məntiqi yekun olaraq müstəqil nəşriyyatların təşəbbüsü ilə Milli Kitab Sərgisi təsis edildi. Bütün bunlardan əlavə müstəqil nəşriyyatlar şəhərimizin müxtəlif guşələrində kiçik sərgilər təşkil etməyi ənənəyə çevirdilər.
Ən maraqlısı, bütün bu sərgilər ziyarətçilərin gözlənilməz marağı ilə müşayiət olundu.
Sən demə, kitabımız da varmış, onu oxuyan oxucu da!
Kitab və oxucu ilə bağlı verilən bədbin proqnozların hamısı yanlış imiş!
Artıq kitabımız bölgələrə də ayaq açmağa başlayıb. Uzun illərdən sonra Azərbaycan nəşriyyatlarının Gəncədə keçirdiyi kitab sərgisi insanları sanki uzunmüddətli yuxudan oyatdı. Nizami yurdu üç günlük bayramı böyük ruh yüksəkliyi ilə qeyd etdi. Xüsusən, sərgi çərçivəsində keçirilmiş panellər böyük marağa səbəb oldu. Gənc şairlərin və qiraətçilərin görüşünə gələn insanlar bu dəfə hansısa estrada ulduzunun deyil, ədəbiyyatın hüzurunda qələbəlik yaradırdılar.
Gəncənin ardınca Xırdalan və Sumqayıt şəhərlərində keçirilən sərgilər yaxın-uzaq bölgələrimizdəki ciddi potensialdan xəbər verirdi. Əlbəttə, sərgilərdə məqsəd yalnız kitabın satılması deyil. Ümumilikdə kitab mühitinə düşmək, yeni nəşrlərlə yaxından tanış olmaq, hətta dayanıb foto çəkdirmək də bir işdir. Şəxsən mən özüm ədəbi mühitdə olan və sərgilərdə daima iştirak edən biri kimi hər dəfə hansısa nəşrə, hansısa kitaba heyranlığımı gizləyə bilməmişəm. Bu da varmış. Bunu da çevirib çap ediblərmiş.
Bu gün Azərbaycan işğaldan azad olunan doğma torpaqlarımıza şanlı qayıdış günlərini yaşayır. Biz dünyanın gözü qarşısında doğma yurdumuza ədəbiyyatla, musiqiylə qayıdırıq. Yaxın zamanlarda Şuşada böyük kitab festivalının da keçiriləcəyini gözləyirik. Qarabağ qələbəmiz kitabla möhkəmlənəcək. Ölkəmizin qələbə ilə şərtlənən qüdrəti kitaba söykəndiyi zaman əbədilik qazanacaq.