Başlıbel faciəsinin daha bir canlı şahidi dünyasını dəyişdi. Hümmət Əhmədov Kəlbəcərin işğalı zamanı işğalçı Ermənistan ordusunun mühasirəsinə düşmüş 62 nəfərdən sağ qalan və 113 gündən sonra mühasirəni yararaq xilas olmuş 29 nəfərdən biri idi. Tanrının qismətinə yazdığı 86 illik ömrü mərd yaşadı, qəhrəman kimi öldü!
Başlıbeldə yaşananlar ermənilərin müharibə adı altında insanlıq əleyhinə törətdiyi bəşəri cinayət idi. İsti evindən, doğmalarından didərgin salınıb kahalarda gizli yaşamaqdan başqa seçimi olmayanların müsibəti yaman çətinmiş. Yağı düşmənin əhatəsində hər anı ölüm saçan, bir loğma çörəyə, isti geyimə möhtac olanların bu vəziyyətə 4 ay tab gətirməsi Tanrının ən ağır sınağı idi. Amma Hümmət dayı bu sınaqlardan üzüağ çıxmağı bacarmışdı...
Hamının yalnız özünü, öz həyatını, öz canını düşündüyü həmin günlərdə o, mühasirə həyatının ən çətin işini öz üzərinə götürdü. Kahalarda qətl edilən şəhidləri dəfn etməklə Vətənə, elinə-obasına vəfa borcunu ləyaqətlə yerinə yetirdi. İndi işğaldan azad edilmiş Başlıbeldə ziyatətgaha çevrilmiş şəhid məzarlığının var olması məhz onun və həmin faciə zamanı ən ağır itkilərə məruz qalmış Əmralıyevlər ailəsinin nümayəndəsi Xasayın adı ilə bağlıdır. Amansız ölüm Xasay Əmralıyevi də bu dünyadan vaxtsız apardı. O da Hümmət Əhmədov kimi ən ağır günlərində tərk etmədiyi doğma yurdunu, Başlıbeldəki kütləvi məzarlığı Kəlbəcəri ziyarət etmədən vəfat etdi. Hər ikisinin xatirəsi ən azından Başlıbel faciəsi barədə eşidib-bilənlərin qəlbində əbədi yer tutacaq, gələcək nəsillərin yaddaşına həkk olunacaq!
Başlıbel faciəsi və 113 günlük mühasirə həyatından bəhs edən “Qanlı kaha” kitabında (Bakı, “Vətənoğlu” NPM , 2018. 352 səh.) yer almış “Hümmət dayının hekayəti”ni oxuculara təqdim edirik:
Hümmət dayının hekayəti
Kəlbəcərin işğalı zamanı Başlıbeldə mühasirədə qalmış kənd sakinlərindən biri də 1938-ci il təvəllüdlü Əhmədov Hümmət Əbdüləli oğlu idi. Hümmət dayı yataq xəstəsi olan həyat yoldaşı Çiçək xalanı tərk etməmək və onu qorumaq üçün erməni ordusunun mühasirəsində qalmışdı. Uzun illər iflic xəstəsi olan, yeriyə bilməyən ömür-gün yoldaşının yağı düşmənə əsir düşmək təhlükəsi Hümmət kişini daha çox narahat edirdi. Aprelin 1-də kənd boşalandan sonra onun bircə çıxış yolu vardı – həyat yoldaşını götürüb dağlardakı kahaların birinə sığınmaq. Amma kömək olmadan bir addım da ata bilməyən Çiçək xalanı aparmağa Hümmət dayının gücü çatacaqmı? Bəs, qəfildən erməni quldurları ilə üz-üzə gəlsə, necə?
Suallar Hümmət dayını çox narahat edirdi. Tez-tez həyətə çıxıb kəndə boylanır, tövlənin qarşısındakı soyuq daşın üstündə oturub düşüncələrə dalırdı. Amma özünü toparlayıb fikrini cəmləşdirə bilmirdi. Elə məqam idi ki, bir saatdan sonra nə baş verəcəyi heç kimə məlum deyildi. Hümmət dayıgilin evinin kəndin mərkəzindən uzaqda olması da işi çətinləşdirirdi. O, yataq xəstəsi olan həyat yoldaşını evdə tək qoyub uzağa getməyə ürək eləmirdi. Qorxurdu ki, Çiçək xalanın başına iş gələr. Bun görə mühasirədə qalanların evlərini tərk edib kahalara sığındığından gec xəbər tutmuşdular.
Hümmət Əhmədov fiziki və mənəvi əzablarla dolu həmin günləri belə xatırlayır: “Aprelin 4-də saat 16 radələrində qızım Səkinəgilin evinə baxmağa gedirdim. Məscidin yanına çatanda bir neçə hərbçi gördüm. Sözün düzü, bərk qorxdum, çünki xəstə həyat yoldaşım evdə köməksiz qoyub çıxmışdım. Ona görə də divarın dibinə qısılıb məscidin yanındakı adamların erməni olub-olmadığını müəyyənləşdirməyə çalışdım. Fikrimi cəmləşdirəndə onların şahkərəmli İsmayıl, Bağman və Yapon kişi olduğunu gördüm. Üçü də hərbi geyimdə idi. Onları tanıyandan sonra bir az toxtadım, yaxınlaşıb hal-əhval tutdum, bir qədər söhbət etdik, hər üçü öz kəndlərinə qayıdacağını dedi. Bir qədər sonra İsmayılgillə sağollaşıb yoluma davam etdim. Körpünü keçib məktəbə tərəf qalxdım. Məktəbin arxa tərəfinə çatanda gördüm ki, UAZ markalı minik maşını kəndin girişindən – Vəlinin evinin arxasından mərkəzə doğru gəlir. Dizi üstə hasarın dibində oturub maşını izləməyə başladım. Maşın “Mirilərin dərəsi” məhəlləsində Molla Məhəmmədin evinin yanına qədər gəlib dərhal geri döndü, Mirzənin evinin altına çatanda bir güllə atdılar. Maşın kənddən çıxan kimi tələsik Səkinəgilin həyət-bacasına baxıb evə qayıtdım. Çiçək öz yatağında idi. O, məndən Səkinəgilin ev-eşiyini, mal-heyvanlarını soruşdu, “hər şey yerindədir” dedim. Amma yolda gördüklərimi ona danışmadım, heç məscidin yanında şahkərəmlilərlə qarşılaşdığımı da demədim.
Aprelin 2-də axşamdan xeyli keçmişdi. Evdə oturmuşdum, çırağımız yanırdı, Çiçək çarpayıda uzanmışdı. Birdən qapı açıldı, hərbi geyimli bir nəfər içəri girdi. Bərk qorxduq. Qaranlıqda tanıya bilmədim, arxada Əzizov Hüseynin oğlu İsməti görəndə ürəkləndim. Vəziyyətin nə yerdə olduğunu İsmət anlamışdı, bərk qorxduğumuzu görüb dilləndi:
– Çiçək xala, narahat olmayın, bunlar bizim Laçında mühasirədə qalan əsgərlərdir. Başlıbelə gəliblər ki, burada bizimlə qalsınlar. Doqquz nəfərdirlər, hamısının avtomat silahı var. Gəlmişik ki, səninlə məsləhətləşək, görək burada mühasirədə qalan camaatı müdafiə etmək üçün əsgərləri silah-sursatla təmin etmək üçün rayondan kömək istəyə bilərikmi? ( Çiçək Həsənova dövrünün savadlı adamlarından sayılırdı, uzun müddət kənddə sovet sədri işləmişdi.) Sən bir məktub yazsan, biz icra hakimiyyətinə çatdırarıq.
İsmət əsgərlərdən birini göstərərək sözünə davam elədi:
– Bu oğlan maşın sürə bilir. O, sabah Telman əminin UAZ-ı ilə gəlib sənin məktubunu Kəlbəcərə aparar. Həm də sabah gəlib sizi “Kahanın başı”na çıxaraq, ora bir qədər təhlükəsizdir. Oradan kəndin hər yerini müşahidə etmək olur, ermənilər kəndə girəndə onların hərəkətlərini izləyə bilərik...
İsmət çırağın qabağında oturub Çiçəyin dediklərini yazdı, sonra məktubu qatlayıb cibinə qoydu ki, sabah aparıb rayon icra hakimiyyətinə çatdırsınlar. Sağollaşıb gedəndə dedilər ki, sabah gəlib sizi “Kahanın başı”ndakı evlərə aparacağıq.
Ertəsi gün İsmətgilin gələcəyini gözləsək də, heç kəs gəlmədi. Vaxt ötdükcə narahat olurdum. Ona görə də aprelin 3-də axşam kənddə qalan camaatın sorağına düşməyə başladım. Bir az evin ətraflarında gəzişdim, sonra çayın qırağına düşdüm. Kənddə heç bir hənirti eşidilmirdi. Fikirləşdim ki, yəqin camaat sığınacaq üçün “Kahanın başı”na, ya da “Qalaça”ya çıxıb. Gedib “Kahanın başı”ndakı evləri bir-bir axtardım, heç kim yox idi. Ora kəndin ən hündür yeri olduğundan hər yan aydın görünürdü. Dayanıb ətrafı müşahidə etdim. Kənddə çox vahiməli bir sakitlik var idi, hətta itlərin də səsi eşidilmirdi. Çiçəyi evdə tək qoyduğuma görə çox narahat idim. “Kahanın başı”ndan “Şırran məhləsi”nə endim. Sadıqov Məhəmmədin evinin qabağına çatanda qulağıma hənirti gəldi. Qatı qaranlıq olduğundan ətrafda heç nə görünmürdü. Divarın dibinə qısılıb gözlədim, diqqətlə Məhəmmədin evinə tərəf baxanda içəridə taqqıltı səsi eşitdim. Sanki kimsə qaranlıq evdə nəyəsə toxunub yıxılırdı. Bir qədər sonra evdə kimsə öskürdü, xırıltısından yaşlı kişi səsinə oxşayırdı. Yerdən əlimə bir-iki daş götürüb “Evdə kim var?” – deyə səsləndim. Cavab gəlmədi. Divarın dibindən çıxıb bir-iki addım evə tərəf yaxınlaşaraq səsimi qaldırdım: “Kim var burda?”
Bu dəfə kişi cavab verdi: “Taxtabaşı kəndindən Səlim oğlu Hüseynəm, mən topalam, yeriyə bilmirəm. Başlıbeli ümid yeri bilib gəlmişəm. Amma bu kəndin camaatı da evləri tərk edib “Qalaça”ya çəkildilər”.
İçəri girmədim, onunla çöldən-çölə sağollaşıb ayrıldım. Əlim hər yerdən üzüldü. Evə qayıtdım. Ay doğmuşdu, hər yer aydınlıq idi. Evə çatan kimi bir az qənd-çay, iki dəst yorğan-döşək çexolu, bütün sənədləri götürdüm, Çiçəyi belimə alıb çox çətinliklə Sadıqov Məhəmmədin evinə gətirdim. Hüseyn kişi qaranlıqda çarpayıda uzanmışdı, çırağı tapmamışdı ki, yandırsın. Dedim Hüseyn kişi, camaatı axtardım, heç kəsi tapa bilmədim. Ona görə biz də səninlə bu evdə qalacağıq. Bizim buraya gəlişimiz onu çox sevindirdi…
Evdə cəmi iki çarpayı vardı, birində Hüseyn kişi uzanmışdı, o birisində Çiçək üçün yer hazırladım. Həmin axşam qardaşım Binnət də “Şırran”da Məhəmmədin evinin qabağında imiş. Mən Çiçəyi belimə alıb Məhəmmədin evinə gətirəndə Şırran çayının o tayındakı qamışlıqdan bizi görürmüş. Aparıb ailə-uşağını “Qalaça”da yerləşdirəndən sonra kəndə qayıdıb ki, mal-heyvana baxsın. Amma qorxudan evdə yox, Lal Hüseynlə birlikdə “Qarğılıq”da gecələyirmiş.
Aprelin 5-də səhər tezdən Çiçəklə Hüseyn kişini Məhəmmədin evində qoyub evimizə tərəf getdim. İstəyirdim həm mal-qoyuna ot-ələf verim, həm də görüm camaatdan kənddə kim qalıb? Səhər saat 8 olardı, gördüm ki, anamgilin evinin arxasından Asifin NİVA maşınını ermənilər aparırlar. Evin yanında bir URAL maşını dayanmışdı. Bir nəfər evin arxasından çiynində gəbə URAL-a tərəf keçdi. Başa düşdüm ki, ermənilər artıq kəndi qarət etməyə başlayıb. Ara bir qədər sakitləşəndən sonra “Taxtayurd” tərəfə baxanda gördüm ki, mühasirədə qalan camaatın bir hissəsi “Portda” kahaları istiqamətində gedir. Amma həmin vaxt kəndin içərisində güllə səsləri eşidilirdi. Ermənilər Qənaət müəllimi elə həmin ərəfədə qətlə yetirmişdilər...
Hümmət dayı və Çiçək xala təxminən 10 gün müddətində mühasirə yoldaşlarından ayrı – “Şırran dərəsi” adlanan məhəllədə Məhəmmədin evində qalır. Bu, həm onların özləri, həm də “Portda” kahasına sığınan camaat üçün ciddi təhlükə idi, çünki kəndə soxulan ermənilər Hümmət dayıgilin yerini aşkarlayıb girov apara və onlara təzyiq göstərərək kahalarda gizlənən camaatın yerini öyrənə bilərdilər.
Hümmət Əhmədov xatırlayır: “İşğalın ilk günlərində ermənilər kəndin, əsasən, mərkəzi hissəsində qarətlə məşğul olurdular. Onlar kəndin yuxarı hissələrində, demək olar ki, gözə dəymirdilər. Aprelin 12-dən sonra isə quldurlar kəndin bütün ərazilərini gəzirdilər. Hətta örüş yerlərinə çıxıb çöllərə səpələnmiş mal-qaranı qabaqlarına qatıb aparırdılar. Buna görə də Hüseyn Yusifov aprelin 11-də dünyasını dəyişəndən sonra “Portda”dakı kahalarda gizlənən camaat qorxurdu ki, bizim kəndin içində – Məhəmmədin evində qalmağımız onlara da problem yaradır. Ehtiyat edirdilər ki, orada qalsaq, ermənilər bizdən mühasirədə qalan camaatın sığındığı kahaların yerini öyrənə bilər. Ona görə də aprelin 13-də İsmət, Mahir və qardaşım Binnət gəlib bizi “Portda”dakı kahalara – mühasirədə qalanların yanına apardılar. Beş əsgər növbə ilə həm Səlim oğlu Hüseyni, həm də Çiçəyi Sadıqov Məhəmmədin evindən “Portda”dakı kahalara qədər bellərində gətirdilər. Hamı bilirdi ki, Çiçək iflicdi, Hüseyn kişinin isə İkinci Dünya müharibəsi zamanı ayaqları dizdən kəsilmişdi. Uşaqlar daşlı-kəsəkli, sərt yoxuşlu cığırlarla onların ikisini də növbə ilə belinə alıb kahaya çıxartdılar. Çiçək üçün bir ədəd çarpayı da götürmüşdük. “Şırran dərəsi”ndən yuxarıda bir-birinə yaxın üç kaha vardı. Üzü “Portdanın düzü”nə baxan, vaxtilə kolxozun danası saxlanılan və üzü çaya tərəf olan iki kahada Yaqub Səmədov, Ələkbər Sönməzin ailəsi və əsgərlərdən bir neçəsi məskunlaşmışdı. Yolun bəri tayında yerləşən üçüncü kahaya isə biz sığındıq. Bizim qaldığımız kaha balaca bir yer idi, Çiçək üçün apardığımız çarpayı ora güclə yerləşirdi. Amma yaxşı şərait düzətmişdik, Çala-çuxur yaylağındakı buzov damını söküb lazım olan materiallarını kahalara gətirmişdik. Çünki sığınacaqlarda şərait yaratmasaydıq, qarlı-şaxtalı dağlarda yaşaya bilməzdik. Kahaların içərisi nəmişlik olduğuna görə kənddən gətirdiyimiz xalça-palazı yerə döşəmişdik. Bir-birindən 20-50 metr məsafədə yerləşən kahalardan ikisi bir az böyük olduğuna görə yemək vaxtı ora yığışırdıq. Yeməkdən sonra isə hər dəstə öz kahasına çəkilirdi. Çiçəyə rəhmətlik Məhəmmədin qızı Aygün qulluq edirdi...”
Hümmət dayı əsgərlərin köməyi ilə ömür-gün yoldaşını kənddən bir neçə kilometr aralıda yerləşən kahaya aparandan sonra azacıq da olsa, rahatlıq tapır. O, evdən götürdüyü dəmir çarpayını kahaların birinə yerləşdirərək yataq xəstəsi olan 67 yaşlı Çiçək xalanın rahat uzana bilməsi üçün mümkün olan şərait qurur. Gündəlik istifadə etdiyi dərmanları da yanında. Bundan sonra ən çətin sınaqlarda belə, tərk etmədiyi, tək qoymadığı Çiçək xala ilə yaşayacağı hər gün, bəlkə də, hər saat Hümmət dayı üçün xoşbəxt bir ömür qədər qiymətli idi. Amma aprelin 18-də, Ermənistan ordusunun ağır hərbi texnikalarla silahlanmış bölmələri mühasirədə qalan 62 nəfərin sığındığı kahaların yerini aşkarlamasaydı...
Aprelin 18-də günorta saatlarında kahalara hücum edən ermənilərlə qeyri-bərabər döyüş gecənin yarısına qədər davam edir. Düşmən əksəriyyəti qadın və qoca olan əliyalın sakinlərə aman vermədən qarşısına çıxan hər kəsi yerindəcə güllələyirdi. “Portda” kahaları qan gölünə çevrilmişdi, dağlar-daşlar Başlıbeldə kütləvi qətliama şahidlik edirdi...
Ermənilər girov götürdüyü adamları Portda çayı istiqamətində aparanda Hümmət dayı ilə Çiçək
xalanın gizləndiyi kahanın qarşısından keçdilər. Qaranlıq olsa da, Hümmət dayı girov aparılanların hamısını tanıdı. Qardaşı Binnət Əhmədov da onların arasında idi. O, bir an özünü saxlaya bilməyib girovları düşmənin əsarətindən qurtarmaq üçün irəli atılmaq istədi. Lakin artıq
gec idi...
Çox həyəcanlı idi, dizi üstə kahanın ortasında çöməlib sakitləşməyə, özünü ələ almağa çalışdı. Amma yenə rahatlıq tapa bilmədi, sürünə-sürünə kahadan çıxıb sığınacağın bir neçə metrliyindəki iri boz daşın dibinə qısılaraq girovların arxasınca boylandı. Artıq xeyli uzaqlamışdılar, gecənin qaranlığında onlardan bir neçəsini güclə sezə bildi – qardaşı Binnət 13 yaşlı qızı Şəqriyyə və 15 yaşlı oğlu Niyyətlə birlikdə lap arxada gedirdi. Əli avtomatlı üç erməni hərbçisi silahın lüləsini girovların başı üzərindən yuxarı qaldıraraq onları cəld yeriməyə tələsdirirdi. Bir qədər qabaqda 93 yaşlı Kübra nənə, Şamama xala, Mərmər bibi, Leyli xala və Zeynəb...
Hümmət dayı həmin çətin anları xatırlayır: “Ermənilər girov götürdükləri adamları aparanda onlardan ikisi bizim gizləndiyimiz kahanın qabağını kəsərək “Çıxın!” deyə, qışqırdı. Biz yerimizdən tərpənmədik. Aradan bir az keçəndən sonra yenə də kahaya yaxınlaşdılar. Qonşumuz Yaqubu bizi kahadan çıxarmağa göndərdilər. Yaqub kahaya yaxınlaşıb pıçıldadı: “Hümmət, siz çıxmırsınız? Gəldilər”. Yaqub kişi bu sözü deyib geri dönəndə ermənilər onun
kürəyini atəşə tutdu və o, yerə sərildi.
Vəziyyət son dərəcə gərgin idi, kahadan sağ çıxa biləcəyimizə ümid yox idi. Ona görə də Çiçəyə dedim: “Dur çıxaq, burada gizlənmək mümkün deyil, özümüz çıxmasaq da, bizi güllələyəcəklər”.
Çiçəyin qolundan tutub ayaq üstə qaldırdım, ona kömək edib kahadan çıxardım. Kahanın qabağında bizi gözləyən erməni Çiçəyin yeriyə bilmədiyini görüb soruşdu:
– Ona nə olub?
– Xəstədir, özünü idarə edə bilmir, – dedim.
Erməni:
– Onu burax, gəl o biri kahadakı adamları çıxar.
Erməni bizim dildə sərbəst danışırdı. Əlindəki ağacla iki dəfə çiynimdən vurdu, məni irəliyə dartdı. Çiçək kahaya söykənib dayandı. Yekəpər erməni məni dartıb Çiçəkdən kənarlaşdırdı. Sonra məni zorla bir neçə metr aralıda yerləşən kahaya tərəf itələyərək oradakıları çıxarmağımı tələb etdi. Onun israrlı tələbindən sonra kahanın içərisinə girdim. Geri qayıdıb dedim ki, içəridə sağ adam qalmayıb. Yenə də məni itələyib kahaya salanda içərinin qaranlıq olduğunu, ölənlərlə sağ qalanları seçə bilmədiyimi söylədim. Bu dəfə əlindəki fənəri mənə uzatdı, tələb etdi ki, içəridə sağ qalanları çıxarım. Yenidən kahaya girdim və dərhal geri qayıdaraq fənərin işığını həmin yekəpər quldurun üzünə tutdum ki, bizimkilər kənardan onun erməni olduğunu görüb güllələsinlər. Mənim niyyətimi erməni özü də başa düşdü, o, “Ayə, məni vurdurdun, neyləyirsən”, – deyə üstümə qışqıraraq yerində o yana-bu yana qaçdı ki, bizimkilər onu nişan ala bilməsinlər...
Mən erməninin təkidi ilə bir də kahaya girdim. Burada sağ adam olduğunu hiss etdim və sevindim. Elə bil, ilahi bir səs mənə dedi ki, mümkün qədər kahanın dərinliklərinə çəkil. Dərinliyə getdikcə içərisi yoxuş olan kaha ilə bir neçə metr irəlilədim. Hələ kahaya girməmiş gördüm ki, ermənilərdən biri Çiçəyə iki güllə vurdu, birini çanaqdan, digərini kürəkdən. Səhər tezdən kahadan çölə çıxanda gördük ki, atışmada həlak olan şəhidlərin meyitləri yamaclara dağılıb. Çox vahiməli mənzərə vardı. Tez-tələsik gedib Çiçəklə gizləndiyimiz kahaya baxdım. Gördüm ki, Çiçək elə kahanın girişindəcə qayaya söykənərək dünyasını dəyişib. Onu kahaya çəkib evdən gətirdiyimiz yorğan-döşəklə üstünü örtdüm. Çiçəyin nişanələrindən bəzi şeyləri yadigar olaraq götürüb sağ qalanlarla gizlənə-gizlənə kahadan qaçmağa başladıq...”
Aprelin 18-də “Portda”dakı atışmadan sonra 62 nəfərdən cəmi 30-u qaçıb canını qurtara bilmişdi. Qətliamdan iki gün sonra Hümmət Əhmədov Mahir Cəfərovla birlikdə gizli şəkildə kahalara qayıdarkən həmin gün 12 nəfərin qətlə yetirildiyini, 14 nəfərin girov aparıldığını müəyyən edə bilmişdilər...
Nə qədər çətin olsa da, düşmənin gözündən yayınmaq və şəhidləri dəfn etmək üçün fürsət axtarmaq lazım idi. O zaman 55 yaşı olan Hümmət Əhmədov bu işi öz üzərinə götürüb. O, bir ay ərzində az qala hər güm Xasay Əmralıyev və gədəbəyli Əsgər Müzahib Abdullayevlə birlikdə şəhidləri dəfn etmək üçün gizləndikləri kahalardan qətliamın törədildiyi əraziyə gəlir, bəzən düşmən kənddə olduğundan heç bir iş görə bilməyib gizli şəkildə geri qayıdırmışlar...
Hümmət Əhmədovun xatirələrindən: “Dəfn işlərini gecə saatlarında görmək daha əziyyətli idi. Bəzən bir qəbri qazmağa 8-10 saat vaxt sərf edirdik. Çünki kənardan düşmən bizi izləyirdi deyə, saatlarla oturub təhlükənin aradan qalxmasını gözləyirdik. Ona görə də gecə dəfnə gələndə cibimizdə dürmək götürürdük ki, sığınacağa gec qayıtmalı olsaq, ac qalmayaq. Səhər işıqlaşan vaxt işimizi yarımçıq qoyub dağlara çəkilirdik. Sonuncu şəhidi torpağa tapşırandan sonra belə bir vida sözü söylədim: “Ey mənim ellilərim! Sizə çəkdiyimiz zəhmət halalınız olsun. Erməni gülləsinə tuş gəlsəniz də, öz doğma torpağımıza qismət oldunuz. Sizi müvəqqəti olaraq yiyələriniz gələnə qədər torpağa əmanətə veririk. Onlar gələndən sonra, yəqin ki, sizləri dünyadan köçmüş doğmalarınızın yanına köçürərlər”.