10.10.2024, 15:37
AZ EN
27.09.2024, 10:00

Şəhidim, can, Şəhidim…

Mina RƏŞİD

27 sentyabr - Müqəddəs Şəhidlərimizin Anım gününə

  • 44 günlük Şanlı Vətən Müharibəsi - Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin səbrinin daşdığı məqam və onun xalqına, biz didərginlərə verdiyi o müqəddəs Sözüdü…   

44 günlük Şanlı Vətən Müharibəsi - Sayseçmə oğullarımızın gülə-gülə, rəqs edə-edə düşmən üzərinə yürüməsidi...

44 günlük Şanlı Vətən Müharibəsi - İllərdi Füzulidə bərkidilən “keçilməz sədd”in Müzəffər Azərbaycan Ordusu ilə darmadağın edilməsidi…

44 günlük Şanlı Vətən Müharibəsi - Müqəddəs Şəhidlərimizin, igid qazilərimizin dişi-dırnağı ilə üçrəngli bayrağımızı Böyük Zəfərlə Şuşa qalasına sancmasıdı…

44 günlük Şanlı Vətən Müharibəsi - Qeyrətli, mərd oğullarımızın dünyada misli görünməmiş Vətən eşqidi!

44 günlük Şanlı Vətən Müharibəsi - Şəhidlərimizin işğaldan azad etdikləri Qarabağ və Şərqi Zəngəzur torpaqlarının üzərinə tökülən al qırmızı qanıdı.

Elə buna görə də, Şanlı Vətən Müharibəsinin ilk və həlledici günü - 27 SENTYABR MÜQƏDDƏS ŞƏHİDLƏRİMİZİN ANIM GÜNÜ kimi tariximizə həkk edildi. Müzəffər Ali Baş Komandanımız bu barədə sərəncam imzaladı.

 

GÜNÜN MÜBARƏK OLSUN!

27 sentyabr - Müqəddəs Şəhidlərimizin Anım gününə

 

Şəhidim, can, Şəhidim.

Bu gün sənin günündü.

Ay hər gün oxşadığım,

Bu gün sənin günündü.

 

Ay nurüzlü Şəhidim,

Günün mübarək olsun!

Sən ay Cənnət qoxulum,

Məzarın nurla dolsun!

 

Sən hamıdan əzizsən,

Atam, qardaşım Şəhid.

Hər gün söhbət etdiyim,

Dostum, sirdaşım Şəhid.

 

Sənin qanlı izinlə

Mən Şuşaya getmişəm.

Zəngilana, Laçına,

Xankəndiyə getmişəm…

 

Sənin qanlı izindən

Füzulidə gül açıb.

Ağdamda Azan səsi

Göy üzünə ucalıb.

 

Şəhidim, can, Şəhidim,

Bu gün sənin günündü.

Ay hər gün oxşadığım,

Bu gün sənin günündü.