Etiraf etməliyik, sənət səviyyəsindən asılı olmayaraq heç bir yaradıcılıq nümunəsi Məhəbbət Kazımovun “Laçınım mənim” mahnısı qədər dillər əzbəri olmadı. Mahnı əməlli-başlı Laçının simvoluna çevrildi. Ən başlıcası, bu gözəl diyarın azad edilməsindən sonra da öz aktuallığını itirmədi. Laçında ilk daxil olan əsgər və zabitlər belə bu mahnını zümzümə etdiklərini söyləyirdilər.
Hətta torpaqlarımız azad ediləndən sonra mahnının azad Laçını tərənnüm edən yeni versiyası işlənib hazırlandı. Mahnının minor notlar majorla əvəz olundu, sözləri dəyişdi:
Həklərim sevincdən coşub-çağlayır,
Gülün məlhəm olub yara bağlayır...
Əminəm, Məhəbbət Kazımov sağ olsaydı və bu günləri görsəydi, o da mahnıya yüngülvari əl gəzdirərdi. Bu, əlbəttə, lazım idi. Axı dünyada təkcə insanlar deyil, sözlər, misralar da ağlaya bilir. İnsanlar kimi sözləri və misraları da sevindirməyə, güldürməyə ehtiyac yaranır...
Laçınlılar mərhum Məhəbbət Kazımovu təkcə bu mahnıya, ümumən müğənniliyə və bəstəkarlığa görə deyil, həm də Laçına xas keyfiyyətlərinə görə çox sevirlər. Onun vaxtsız ölümü bu sevgini bir az da artırdı. “Laçınım mənim” mahnısının lirik-ictimai məzmununu bir az da dərinləşdirdi. İndi o, təkcə Laçının yox, həm də Məhəbbətin özünün həsrət nəğməsi kimi səslənirdi.
Bunu da etiraf edək: “Laçınım mənim”i heç kim Məhəbbət kimi oxuya bilmədi. Çünki bu qəribə musiqi və ifa sənət nümunəsindən ötə bir hayqırtı idi. Məhəbbətin hayqırtısı. Onun könlünün səsi. Məhəbbət Kazımov gözümüzün önündəcə “Laçınım” deyə-deyə dünyasını dəyişdi. Müğənninin dünyadan vaxtsız getməsinin ən vacib amillərindən biri də bu bitib tükənməyən həsrət idi.
Ona da əminəm ki, Məhəbbət Kazımov ölümündən çox yox, cəmi-cümlətanı 6 il sonra bütün Qarabağın, Şərqi Zəngəzurun, o cümlədən doğma Laçınımızın – onun Laçınının işğaldan azad ediləcəyini bilsəydi, köç karvanını sürməyə tələsməzdi, bu gün bizimlə birlikdə bu möhtəşəm sevinci yaşayardı.
Kaş belə olaydı!
Amma olmadı.
Qismət!
Lakin ruhlara hər şey agahdır. Vətən sevincindən Məhəbbətə də pay düşür. Biz hamımız buna qəlbən inanırıq. Əgər inanmasaq, hər Laçına gedəndə onun xatirəsini anmaz, ruhu ilə salamlaşmarıq.
Bu dəfə Məhəbbətlə Laçın görüşü daha dəbdəbəli keçirildi. Bakıdan bura mərhum müğənninin vaxtı ilə böyük zəhmətlə yaratdığı “Laçın” ansamblının üzvləri ilə yanaşı, Muğam Mərkəzinin solistləri və ifaçıları da getmişdilər. Üstəlik, yazıçılar, şairlər, aşıqlar, mətbuat nümayəndələri, ziyalılar, qazilər və s...
Ötən şənbə Laçın şəhərində – Həkəri çayının sahilindəki bulvarda bir qələbəlik vardı, deyərdin Bakı bulvarında konsertdəsən. Belə tədbirlərin ən yaxşı cəhətlərindən biri də burdur ki, bəzən otuz il görmədiyin qohumunla rastlaşırsan, bəzən isə otuz il Laçında görüşməyi arzuladığın sevimli bir dostun qarşına çıxır. Bu adamlar laçınlıdırsa bir sevinirsən, laçınlı deyilsə beş. Çünki laçınlı olmayanların bura sevgisi vətənin bütövləşməsinin göstəricisidir. İmişlili, beyləqanlı, ağcabədili, şamaxılı, bakılı dost-tanışlar Laçından getmək istəmədiklərini, Laçından ötrü darıxdıqlarını deyəndə şəxsən mən xoşbəxt oluram. İçimdən istər-istəməz bu sözlər pərvazlanır: Görürsünüz də biz haraları itirmişdik, haralardan ötrü ağlamışdıq...
Laçın alınan gün – o gözəlim 2020-ci ilin 1 dekabrında məni televiziyaların birinə canlı efirə çağırmışdılar. Orada ulu Homerin Yelenasını xatırladım. Dedim, 30 yaşda bu qadın üçün müharibəyə başlayan və 30 il döyüşüb 60 yaşa çatan kişilər Yeleananı ilk və son dəfə görəndə dedilər: “Bu gözəllik üçün 30 il də vuruşmağa dəyər!” Və əlavə etdim: “Laçın elə bir nazənindir ki, onun həsrətini yüz il də çəkməyə dəyərdi!”
Ancaq şükür, Tanrı bizi o qədər uzun sınağa çəkmədi.
Budur Laçındayıq!
Özü də “Laçınım mənim” mahnısının işığına – Məhəbbət Kzımovun xatirə gecəsinə yığışmışıq.
Şıltaq dağ havası da Məhəbbətə ehtiramını göstərir, axşamacan havada qara buludlar dolaşsa da bir damcı yağış düşmür. Axşam isə Həkərinin sahilinə undan da narın bir cisək ələyir. O qədər gözəl yağır ki, adamlar qolaçıq yağışın altında gəzirlər.
Tədbir Azərbaycan Respublikasının Laçın nümayəndəliyi və Bakı Abadlıq Xidməti tərəfindən təşkil olunmuşdu. Əvvəl-əvvəl Məhəbbət Kazımovla yaxın dostluq edən şair Əli Mahmud, şair Ramiz Qusarçaylı, aktyor-qiraətçi Ağalar Bayramov, şair Natiq Dağlaroğlu çıxış etdilər. Mərhum sənətkarla bağlı xatirələr bölüşdülər, ona yazılmış şeirlərdən oxudular. Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, tanınmış jurnalist Lalə Əliyevanın aparıcılığı tədbirə xüsusi rəng qatdı. Çünki Lalə xanım Laçını da, laçınlıları da, Məhəbbət Kazımovu da, qonaqları da yaxından tanıyırdı.
Çıxışların arasında gül dəstəsi kimi təqdim olunan musiqi nömrələri xatirə gecəsini böyük bir sənət buketinə çevirdi. “Laçın” ansamblı axıracan səhnədə qaldı. Səhnənin arxasındakı iri monitor isə Məhəbbət Kazımovla bağlı videomateriallara amadə idi. Mərhum sənətkar gah Laçından danışır, gah oxuyur, gah da mənzərələrin fonundan səsi eşidilirdi.
Təşkilatçılar laçınlılara və şəhərin qonaqlarına bir sürpriz də etdilər: süni intellektin köməyi ilə “Laçının azad edilməsi xəbərini eşidən” Məhəbbətin üzünə təbəssüm qondurdular.
Madam ruhu şaddır, qoy üzü də gülsün!
Məşhur xanəndə, əməkdar artist Ehtiram Hüseynovun, müğənnilər Ələkbər Əkbərovun, Dünyamin Alışovun, aşıq Sahil Qurbanovun iştirakı ilə “Laçın” musiqi qrupu “Laçınım mənim” mahnısını yeni versiyada təqdim etdi. Əməkdar artist Sevinc Sarıyevanın, muğam müsabiqəsinin qalibi Səbinə Ərəblinin, Azərbaycan Dövlət Televiziyasının solisti Günay İmamverdiyevanın, laçınlı xanəndə Şəmsəddin İbrahimovun, Məhəbbət Kazımovun yolunu davam etdirən bacısı oğlu Hikmət Məhəbbətin, laçınlı aşıq Afil Bəxtiyarın çıxışları maraqla qarşılandı.
Tədbirin son sözünü isə ev yiyəsi kimi Azərbaycan Respublikası Prezidentinin Laçın rayon nümayəndəsi Məsim Məmmədov söylədi.
Məhəbbət Kazımovun ailə üzvlərindən oğlu Rəşid Kazımov, qardaşı Qənimət Kazımov və digərləri tədbirdə iştirak edirdilər.
Saat 16-30-da başlayan tədbir axşam saat 20-dək uzandı. Nə adamlar dağılışmaq istəyir, nə də çıxışçılar yorulub-usanırdı. Çünki bu gün Laçının Məhəbbətə, Məhəbbətin Laçına qovuşmasının bayramını qeyd edirdilər. Hərdən gözlərdə kövrəkliyin nəmi parıldasa da hər kəsin ürəyi fərəhlə dolmuşdu. Laçının tarixin şahidi olan qocaman dağları da qəddini şax saxlamışdı elə bil.