Cümhuriyyətin süqutu ilə Azərbaycana ikinci zərbə dəydi – Qərbi Zəngəzur da ermənilərə verildi və Ermənistan SSR-in rəsmi ərazisi kimi xəritələrdə təsbitini tapdı. Halbuki həmişə azərbaycanlılar yaşayırdı.
1988-ci ildə isə Ermənistan SSR-in ərazisində yaşayan azərbaycanlıların kütləvi köçürülməsi başladı. Beləliklə, tarixi torpaqlarımızda monoetnik və şovinist bir dövlət yaradıldı. Bir nömrəli düşmən kimi isə bizi gördülər.
Rusiyanın Pyortdan qalan “Parçala, hökm sür” siyasəti SSRİ dönəmində də dəyişmədi. Azərbaycanla Ermənistanın xəritəsinə diqqət edin. Bu qədər girintili-çıxıntılı sərhədlərə dünyanın heç bir yerində rast gələ bilməzsiniz. Bu səbəbdən iki balaca ölkənin sərhəd uzunluğu min kilometrdən çoxdur. Üstəlik, Naxçıvan blokada şəraitində, hər iki tərəfdə anklav ərazilər. Bu azmış kimi qondarma bir muxtar vilayət yaradıb küll ixtiyarı ermənilərə vermişdilər. Məqsəd – regionda daima konflikt ocağı çatmaq və lazım gələndə müdaxilə imkanı yaratmaq idi.
Sovet rəhbərləri geniş əraziləri ermənilərə birdəfəyə hədiyyə verməklə yanaşı xırda-xırda peşkəşlər də edirdilər. Azərbaycanın dilbər guşəsi Qaragöl kimi...
Dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşən bu əsrarəngiz təbiət incisi həm də gözəlliyinə görə başıbəlalıdır. Cümhuriyyət dövrünün xəritəsində bu ərazilər heç mübahisə zonası da deyil.
Daha əvvəl – 1903-cü ilin xəritələrində də gölün adı məhz Azərbaycan dilində – Qaragöl kimi yazılıb.
1927-1929-cu illərdə müəyyən olunan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilən sərhəd xəttinə görə Qara göl və ətrafdakı yay otlaq sahələri Azərbaycanın tərkibindədir.
1928-ci ildə kolxozlar qurulanda Qara göl yaylağı Laçın rayonu üzrə 3 nömrəli yay otlaq sahəsi kimi Qarıqışlaq kolxozunun istifadəsinə verilib.
Azərbaycan SSR Nazirlər Sovetinin 3 may 1951-ci il 557 nömrəli qərarında da gölün və ətrafındakı otlaqların Laçın rayonu təsərrüfatlarının istifadəsinə verildiyi göstərilir.
Ata-babadan eşitdiklərimiz qeyd olunanları təsdiq edir. Zəngəzurda hamı Böyük İşıqlı dağının ətəyində yerləşən Qara gölü və Qaragöl yaylağının Qarıqışlaq, Hacılar, Quşçu, Soyuqbulaq, Qılışlı, Mişni kəndlərində yaşayan Gəloxçu tərəkəmələrin ixtiyarında olduğunu bilirdi.
Lap qədim inanca görə Qaragöl ətrafında peyğəmbərin ürək ağrılarını kəsən “Ələf” bitkisi bitdiyi üçün bura müqəddəs sayılıb. El-oba payızda yaylaqdan ayrılanda gölün sahilindəki böyük “Çıraq daşı”nın üstündə piltə yandırardı.
Ermənilərin Qaragöl iddiası ötən əsrin 60-70-ci illərindən başladı. Bunun üçün saxta xəritələr çap edir, faktlara söykənməyən cəfəng məqalələr yazır, bir sözlə ağıllarına gələni edir və bunun həqiqət kimi qəbul olunmasına canı-dildən çalışırdılar.
Təəssüf ki, bəzən həqiqətin əleyhinə gedən bu addımlar özünü doğruldur.
1973-cü ilin xəritəsində Qaragölün əsas hissəsi Ermənistan ərazisi kimi göstərilib. Ermənilər bu faktdan istifadə edib indi də gölün yalnız 30 faizinin Azərbaycana aid olduğunu deyirlər.
Ötən əsrin 60-70-ci illərində Qaragöl uğrunda soyuq müharibə səngimək bilməyib. Bu barədə danışan Laçının tanınmış ağsaqqalı, 1970-ci illərdən bəri rayonda rəhbər vəzifələrdə işləmiş Qəzənfər Hüseynov deyir: “1983-cü ildə Ermənistan SSR-nin təkidli xahişi ilə, SSRİ Nazirlər Soveti iki respublika arasında olan mübahisəli ərazilər barədə müzakirə aparmış, bəzi yerlərin Ermənistandan Azərbaycana, digər yerlərin isə bizdən onlara verilməsi haqqında qərar qəbul etmişdi. 1983-cü ildə də “Qara göl”ün də üçdə iki hissəsi Ermənistana verildi. Bu torpaq mübadiləsi onunla nəticələndi ki, ermənilər onlara düşən payı aldılar, bizə düşən pay isə verilmədi”.
1970-1974-cü illərdə ermənilər Qaragöl yaylağının böyük bir hissəsini indiki Ermənistan ərazisinə qatmağa nail oldular. Moskvanın bu qərarı əleyhinə çıxan Laçın ziyalılarının illərlə sürən yazışma, mübarizəyə və kəskin etirazlarına baxmayaraq ermənilərə bağışlanmış ərazini qaytarmaq mümkün olmadı.
Məsələ burasındadır ki, sovet dövründə ermənilərə verilmiş digər ərazilərimiz kimi, Qaragölün də Ermənistana verilməsi barədə heç bir rəsmi sənəd yoxdur. Partiya Komitəsində qərar qəbul edilir, sərhədlər dəyişdirilir, lakin bu barədə heç bir rəsmi sənəd imzalanmırdı.
1987-ci ildə Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində Qaragöl Dövlət Təbiət Qoruğu yaradılanda düşmən bir addım da qabağa atdı. Gölün əsas hissəsi Ermənistanın ərazisi kimi göstərildi. Bundan sonra təbiətin vəhşicəsinə istismarı başladı. Ermənilər Azərbaycan əhalisinin özü də içdiyi, heyvanına da içirdiyi suyu əkin sahələrinə vuraraq onun səviyyəsini xeyli aşağı saldı, flora və faunaya ciddi zərər dəydi. Arabir azərbaycanlıların ciddi müqaviməti ilə üzləşib işi məhdudlaşdırsalar da, bir müddət sonra yenə davam edirdilər. Qoruğun rəhbərliyi və administrativ heyəti ermənilərdən təşkil edildiyi üçün çox zaman onlara təsir etmək mümkün olmurdu.
Beləliklə, realda azərbaycanlılara məxsus olan göl, saxta sənədlərlə ermənilərə verilmişdi.
Ötən əsrin əvvəllərində Yuxarı Qarabağla yanaşı Şərqi Zəngəzurun da bütünlüklə işğalı hər şeyi dəyişdirdi. Azərbaycanlılar öz ata-baba yurdlarından qovuldu və Qaragöl kimi neçə-neçə göllər, dağlar, yaylaqlar, otlaqlar, şəhərlər, qəsəbələr, kəndlər düşmən tapdağında qaldı.
Lakin gec oldu, güc oldu. Azərbaycan 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatı ilə öz ərazilərinin suverenliyini tam təmin etdi. Düşmən həm ölkəmizin içindən qovuldu, həm də dövlət sərhədində öz yerinə oturduldu. Azərbaycanın böyük qələbəsi bəzi tarixi yanlışları da düzəltməyə imkan yaratdı. Bu yanlışların içində Qaragöl də vardı.
Qələbənin ardınca Azərbaycan Dövlət Sərhəd Xidməti həm Ermənistana, həm də Rusiyanın sülhməramlı qüvvələrinə həqiqi sənədlər təqdim etdi. Bu sənədlər Qaragölün və ətraf ərazilərin ermənilər tərəfindən zəbt edildiyinin əyani sübutu idi. Sənədin ardınca isə müzəffər əsgərimiz lazımı yüksəkliklərdə qərar tutaraq Qaragölü öz nəzarətinə götürdü. İndi Qarabağla yanaşı Qara göl də erməni şovinistlərinin fəryad repertuarına daxildir. Lakin normal ermənilər, etiraf etsələr də, etməsələr də, Qarabağ kimi Qaragölün də kimə məxsus olduğunu yaxşı bilirlər.
Düşmən yenə “Parçala və hökm sür” siyasətinin yaratdığı mübahisəli xəritələrdən öz xeyrinə istifadə etməyə çalışır. Necə deyərlər, suyu bulandırıb öz balığını tutmaq istəyir. Həqiqət isə Qara gölün suları kimi şəffaf və aydındır. Ən başlıcası, keçmiş illərdən fərqli olaraq bu tər-təmiz həqiqəti müdafiə eləməyə hərbi gücümüz də var, siyasi səbatımız da. Çox çəkməz bütün abadlaşan ərazilərimiz kimi Qaragöl də minlərlə turisti özünə cəlb edən cənnət guşəsinə çevrilər.