Lap qədim zamanlardan bizim coğrafiyada çox qüdrətli dövlətlər qurulub. Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər kimi böyük imperiyalar tariximiz üçün əsl dövlətçilik ənənəsi qoymuşdur. Lakin sonrakı əsrlərdə bizim ərazilərdə nəhəng imperiyalar parçalanmış, yerinə xırda xanlıqlar yaranmışdır. Bəlkə də ölkəmizin tarixinin ən kədərli dövrü xanlıqlar dövrüdür. Təxminən beş-altı rayon boyda ərazisi olan bu iddialı kiçik dövlətlər bir-biri ilə vuruşub qardaş qanı axıdırdılar. Hər biri də Azərbaycanı birləşdirmək uğrunda vuruşduqlarını düşünür, lakin nəticə əksinə alınırdı. Bu həm də kənar güclərə torpaqlarımızı işğal etmək fürsəti verirdi. Elə Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri vasitəsi ilə bölünməsinin də ən əsas səbəbi bu oldu. Bir-biri ilə bütövlükdə ittifaqa girə bilməyən xanlıqlar o zamankı Rusiya imperiyasının hücumları qarşısında tab gətirmədi. Sonunda vətənimizin Arazdan şimaldakı hissəsi müxtəlif inzibati vahidlər şəklində Rusiyaya birləşdi. Biz Rus çarlığının tərkibində də bütöv deyildik.
20-ci əsrin ilk rübündə dünyanın siyasi mənzərəsi dəyişdi. Birinci dünya müharibəsi nəticəsində xeyli zəifləyən Rusiya imperiyası 1917-ci ildə baş verən burjua inqilabı ilə parçalandı və Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu. Bədbəxtlikdən burjuaziya hakimiyyəti ələ keçirə bilmədi, bir neçə ay sonra bolşeviklər qiyam edərək taxt-tacı ələ keçirdilər və tədricən keçmiş Rusiya imperiyasının ərazilərində hətta çarizmin özündən də totalitar bir sistem qurdular. Bir-birinin ardınca gələn bu gözlənilməz hadisələrin içərisində Azərbaycanın böyük oğulları vətənimizin əksər torpaqlarını özündə birləşdirən müstəqil ölkə yarada bildilər. Bu, müsəlman şərqində ilk demokratik respublika idi.
Bəzən müqayisə aparanda adamın inanmağı gəlmir. Əvvəldən müstəqil olan və ölkələrinin müstəqilliyini itirməyən müsəlman dövlətlərində bu proses Azərbaycandakı qədər sürətlə getmədi. Doğrudan da bəzən tarixin qəribə cilvələri olur.
Bizim Rusiya çarlığının daxilindəki mövqeyimiz də xristian xalqları qədər əlverişli deyildi. Cəmiyyətimizdə kütləvi savadsızlıq və dini mövhumat hökm sürürdü. Mirzə Cəlilin, Əbdürrəhimbəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin əsərlərini oxuduqca o dövrün siyasi-mədəni mühitini aydınca təsəvvür etmək olur. İnsanlar yalnız öz kasıblığının dərdindədir. Onlarda ictimai şüur sıfır dərəcəsindədir. Üstəlik, imperiya rəhbərləri savadsız müsəlman qövmü kimi bizə yuxarıdan aşağı baxır, istənilən məsələdə ayrı-seçkilik salırdılar.
Bəzən xalqın böyük oğulları da məhz belə ağır mühitdə yetişir və zamanı qabaqlayır. Elə islam peyğəmbəri də tarixi missiyasına başlayanda ərəblər cahilliyin pik həddini yaşayırdılar. Amma baş tutdu. Tale bu şansı Azərbaycan xalqına çox görmədi.
Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə yaradılan yeni hökumət Tiflisdə fəaliyyətə başlasa da, az müddət sonra Gəncəyə, 1918-ci ilin sentyabrından isə Bakıya köçdü. Cümhuriyyət cəmi 23 ay yaşadı. Lakin bu az vaxt ərzində tariximiz üçün əvəzolunmaz işlər gördü.
Bəzən çox da uzun yaşamaması və Qızıl Ordunun Bakını işğal etməsi nəticəsində süquta uğraması faktı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dəyərini verməkdə bizə mane olur. Elə dəyərlər var ki, heç zaman məğlubiyyətə uğramır. Böyük lider Rəsulzadənin söylədiyi məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri də bu sarsılmaz məntiqə söykənir. O, Stalinin “Siz qısa hakimiyyətinizlə bu xalqa nə verdiniz?” sualına cavabında da eyni mənanı ifadə edirdi: “Müstəqilliyin nə olduğunu ona dadızdırdıq, bunu heç zaman unutmayacaqdır.”
Doğrudan da belə oldu. Bayrağımız düz 71 il sonra yenidən dalğalandı və biz müstəqilliyi unutmadıq. Halbuki buna çox cəhdlər edildi. Sovet ideologiyası repressiyalarla yanaşı həm də unutqanlıq silahından istifadə edirdi. Məşhur qırğız yazıçı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanında yaratdığı Manqurt obrazı da məhz bu ideoloji sistemin insan yaddaşına qənim kəsilməsindən bəhs edirdi. Çünki o yaddaşda milli kimlik və azadlıq vardı.
Cümhuriyyət bizə nə verdi? Əvvəla, xanlıqlar şəklində müstəqil dövlətlərə parçalanan, sonra müxtəlif inzibati bölgülərlə Rusiya imperiyasına birləşdirilən torpaqlarımızı bütövləşdirdi. Hətta cümhuriyyət süqutundan sonra belə SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə birləşməyimiz üçün öz hüququ bazasını qoruyub saxladı. Yəni, əgər AXC olmasaydı Azərbaycan SSR də olmazdı. Azərbaycan SSR isə bugünkü müstəqil ölkəmizin hüquqi əcdadıdır. Rusiyanın tərkibinə müttəfiq respublika hüququ olmadan birləşən respublikaların indiki statusuna baxanda bunu aydınca görə bilərik.
23 ay bir dövlət üçün çox kiçik zamandır. Heç nəfəs dərmək fürsəti də deyil. Lakin Azərbaycanın dəyərli oğulları bu imkansızlıq içərisində bizə dünyanın ən böyük mirasını qoydular.
SSRİ-nin parçalanması ilə biz həmin tarixi miras üzərində öz yeni dövlətimizi yaratdıq. Doğrudur, tarixi vəziyyət xeyli dəyişmişdi, lakin ümumi istiqamət bir idi: Azad və Suveren Azərbaycan!
Tarix hər zaman gələcəyə təsiri ilə dəyərlidir. Ən böyük hadisə belə gələcəyə mütərəqqi nələrsə ötürmürsə, tarixdə o qədər də əhəmiyyətli yerə sahib ola bilmir. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri əvəzsizdir. Biz dünən və bu gün kimi gələcəkdə də ölkə əhəmiyyətli uğurlar üçün bu qiymətli ənənələrə borclu olacağıq.
Diqqət etsəniz həm bir xalq, həm bir dövlət olaraq indi də məhz AXC-dən qalan dəyərlərin keşiyində dayanmışıq. Çünki bu dəyərlər dəyişməzdir və dünyanın hər tərəfində eynidir: dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması.
Bu gün artıq biz Azərbaycanın bir dövlət kimi yüksəlişini görürük. Deməli, cümhuriyyətdən qalan və heç vaxt dəyişməyən dəyərlərimiz daha etibarlı təminat altındadır. Bu yolda canından keçməyə hazır oğullarımız da var, siyasi iradəmiz də, gücümüz də. Biz müstəqilliyimizin 31-ci ilini yaşamaqla və illərdən bəri işğal altında qalan torpaqlarımızı azad etməklə cümhuriyyətçi sələflərimizin ruhunu sevindiririk. Bu sevinc sevinclərin ən böyüyüdür.