26.12.2024, 20:11
AZ EN
27.05.2024, 13:59

Laçında yuxu kimi bir gün

Şərif AĞAYAR

  • Dağlarla əhatə olunmuş dərin bir dərədir. Əslində, dərədən çox çayqırağı düzənlikdir. Çayın üstündən qövsvari asma ayaq körpüsü aşır. Bir körpü də çayın üzündə salınıb – yeridikcə ayağının altında yellənir. Qəribə hisslər keçirirsən, bilmirsən sudasan, qurudasan, havadasan...

Yamyaşıl düzənliyin sağında-solunda kitab vərəqi kimi oxumağa müsaid xalçalar düzülüb. Yaşıl düzənliyə ayaq basdınmı, əvvəl ətraf dağların, dalınca bu xalçaların sehrinə düşürsən.

Əlbəttə, xalçalar ətraf dağların hekayəsini danışır, keçmişi vərəq-vərəq açır gözünün qabağında. Maili duruşu ilə bu saat keçmişə qanadlanacağını düşünürsən. Oğul istər üstünə atılıb bu qeyri-adi səfərə hazır olduğunu bəyan eləsin.

Yaxınlıqda axdığı, durduğu bəlli olmayan çay parıldaşan xırda ləpələri ilə bu nağılın sehrini artırır. Uzaqdansa musiqi səsi gəlir. Kimsə oxuyur, kimsə saz çalır, kimsə sənə sehrli aləmə düşdüyünü dönə-dönə xatırladır.

Xalçaların arası ilə irəlilədikcə xalçaların öz keçmişi də vərəqlənir. Boyaq qazanları, cəhrələr, daraqlar, qoyun yunu... Bir az irəlidə bütün bu işləri görən el-elat insanlarının qədimi alaçığı. Yanında sinəsi qotazlı atlar hərlənir – gah otlayır, gah kişnəyir. Atlardan o yana ağıla doldurulmuş qoyun... Ağılın yanında, inanmayacaqsınız, zəncirə vurulmuş iri başlı çoban iti...

Çiyni yapıncılı ucaboy çoban isə lap uzaqdan boy göstərir. Bircə canavarı əskikdir bu mənzərənin. Əslində o da var! Daha doğrusu, varmış, sadəcə cəsur çoban qovalayıb burdan. Əlindəki çomaqla ağzının payını verib...

Ona görə belə şəstlə dayanıb.

Qələbə adama qürur bəxş edir.

Sağdan-soldan, yaxından-uzaqdan tanıdığın bütün adamlar burdadır. Tanımadığın adamlar da tanış, doğma gəlir sənə. Hamının üzü gülür. Hamı biri-birini təbrik edir. Hamı biri-birinə gözaydınlığı verir. Hamı xoşbəxtdir!

Arada göy üzünə qara bulud gəlir, bir anlıq şıdırğı yağış tökür, havanın nadincliyi heç kimin kefini pozmur, hamı bir azdan qara buludların dağılacağına, göy üzünün sarımtıl təbəssümlə gülümsəyəcəyinə inanır.

Elə də olur, təbii...

Göy üzü bir yandan boşalır, bir yandan dolur.

Çəmənlik də göy üzünə ayna tutur: adamla dolub-boşalır...

Yəqin hansısa bir yuxunu qələmə aldığımı düşündünüz. Günahınız yoxdur. Doğrudan da yuxu kimi bir gün yaşadıq. Laçında... Həmyerlimiz Elnarə Rəsulovanın 28 May Respublika Günü və qayıdış münasibəti ilə müəllif əsərlərindən ibarət “Xalça belə yarandı” adlı fərdi sərgisində...

Nağıllar aləminə Bakıdan yola çıxan kimi düşdük. Maşınımıza qələm adamlarını seçib oturtmuşdular elə bil: Müsəllim Həsənov, İlqar Rəsul, Ləman Ələşrəfqızı, Ramilə Qurbanlı, Orxan Məmmədli, Zöhrə Əliyeva, Bahəddin Həzi, Əzizə İsmayılova, Həmidə Rüstəmova, Cəlil Cavanşir, Lalə Azəri...  Veteran kino xadimi, sevə-sevə baxdığımız əllidən çox filmə direktorluq etmiş Nadir Əliyev... Qrupa daxil olan və digər maşınlarda gələn digər mötəbər qonaqlar... Təbii, yolun qeyri-rəsmi bələdçisi mənəm. Laçın öz yerində Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını da xeyli tanıyıram. Nə görürəm böyük həvəslə göstərirəm qələm və sənət dostlarıma. Ən çox da Vaqif Xaçaturyanın tutulduğu körpünü... Əvvəlcə sərhəd məntəqəmizə çatmamış Ermənistan üzdə saxladığımız tırların yerini göstərirəm, sonra gömrük postumuzu. “Şuşadan sonra ən böyük qələbəmiz bu oldu: Laçında keçid məntəqəsinə nəzarəti tam ələ almaq!” – bunu da mən deyirəm. Həmkarlarım razılaşır. Başqa variantları da yoxdur. Artıq Laçın ərazisindəyik. Mən burda çox güclüyəm. Yanlış söyləsəm də üstünü vurmazlar.

Hamısı ilk dəfədir gəlir Laçına. Təranə Vahid də... Özün laçınlı olasan, “Ulduz” jurnalında baş redaktor müavini işləyəsən, indiyədək doğulduğun yurda getməyəsən. Elə ona görə şəhərdə düşən kimi gözləri dolur. Laçın plakatına sarılıb şəkil çəkdirəndə mən də tutuluram, tez aralanıram. Ev yiyəsi sayılıram axı. Gərək toxtaq duram. Həm də mən ağlamaq planını üç il əvvəl – ilk dəfə gedəndə doldurmuşam. İndi ağlamalı nə var? İndi Laçının ağlamalı yox, sevinməli çağıdır. Amma yox, nə qədər abadlıq, firavanlıq olur-olsun ilk görüşdə azı iki damla göz yaşı müstəhəbdir. Yəni olmasa da olar, amma olsa yaxşıdır. Arxada 30 illik əzab var. O abadlığın içində hönkürüb ağlayan laçınlı da görsəm qınamaram. Asan deyil...

Laçını hamı sevdi. İlk görüşdəncə. Çardağın altında furşet masası açılmışdı, heç kim fikir vermirdi. Hamı ətrafa açılan mənzərələrə, evlərə baxır, foto çəkdirirdi. Qarın qardaşdan irəlidir deyirlər, Laçından deyildi.

Tanıdığın, yaxın, dost bildiyin adamlarla azad və abad edilmiş yurda dönmək necə böyük duyğu imiş. Tanıdığın, yaxın, dost bildiyin adamlar necə fərqli görünürmüş belə yerdə. Hətta xoşun gəlməyən adamları da qucaqlamaq istəyirsən. Əslində, dərk edirsən ki, xoşun gəlmədiyi adam yoxmuş. Hər şey vəziyyətdən, situasiyadan asılı imiş. Axı keçmişin sehrli nağılını danışan bu dağların, bu xalçaların arasında başqa nə cür düşünmək olar?

Səhnədən dostumun birinin “Bakıabadlıq”ın əməkdaşı Lalə Əliyevanın səsi gəlir. Tədbirin təşkilatçısı onlardır. Onlar, bir də Prezidentin Laçın nümayəndəliyi... Sonra səhnədə başqa bir dostum – dəfələrlə birlikdə efirdə olduğumuz Rövşanə Ağasəfqızı görünür. dalınc Gülüstan Əliyeva, Elza Seyidcahan, Aşıq Sahil... Bu doğma, tanış səslərin fonunda kimlərlə qarşılaşmıram: Millət vəkili Aqil Abbas xanımı İradə Tuncay ilə, Mətbuat Şurasının sədri Rəşad Məcid başının dəstəsi ilə, keçmiş müdirim, APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı, Şuşada Bülbül Muzeyinin rəhbəri, keçmiş yataqxana qonşum Fəxrəddin Hacıbəyli, Mil-Muğan regional mədəniyyət idarəsinin rəhbəri, keçmiş iş yoldaşım, dostum Faiq Xudanlı, əslən laçınlı jurnalist Taleh Şahsuvarlı oğlu və atası ilə... Kimi qoyum, kimi deyim... Hələ laçında yaşayan sənət dostlarım, həmkarlarım və qohumlarımdan danışmıram.

Üstəlik, əmim oğlu Edilxan Dağlaroğlu... Onu burada görəcəyimə inanmıram. Olsa-olsa Ağbulaq yaylaqlarında olar. Ya da Ağcabədidə toyda-şənlikdə. Məclis aparıcısıdır. Mənə nə desə yaxşıdır? “Zabuxa toya çağırıblar!” Sevindiyimdən az qalıram qanadlanam. Sanki camaatın qayıtdığı mənə indi çatır. Ağcabədidən Zabuxa toya tamada çağırırlar. Əlavə edir əmim oğlu: “Dedim, madam, burdan-ora gəlirəm, iki gün tez gələcəm, gəzəcəm Laçını...” Halbuki ötən il yaylağa getmişdi. Altında da “Niva”sı. Bircə Gorusa keçmədi. Hər yeri gəzdi. Ancaq yenə istəyir. Haqlıdır. Doymaq olmur Laçından. Məni də ürəyim Minkənd çayı yoxuşa İşıqlının ətəyinə doğru dartır. Başımı qaldırıb havaya baxıram. Göy üzü qaşqabaqlıdır. Mənə tələsmə deyir. Buraların dadını çıxart deyir. Qoy yay gəlib oturuşsun dağlara deyir...

Etiraz eləmirəm.

Təbiətindən sözündən çıxmaq olmaz.

Prezident nümayəndəsi Məsim Məmmədov və “Bakıabadlıq”ın Laçın rayon üzrə nümayəndəsi Nəsimi Əsədovla görüşürük. Camaatın arasındadırlar. Sərgini başa-baş gəzirlər.

Rayon rəhbərliyinin sadəliyi tədbirə – dağlarla və xalçalarla çevrələnmiş bu sehrli aləmə xüsusi rəng qatır. 

Bayram şənliyi çoxdan başlayıb, xəbərimiz yoxdur. Arada buludlar yenə cığallıq edir, lakin insanlar meydandan çəkilmir. Hətta yağışın altında qol götürüb oynayanlar da var. Şəhərdə yaşayan əhali də iki-bir, üç-bir tökülüb gəlib Həkəri çayının kənarındakı bulvara. Həyat elə qaynayır, bu torpaqların nə vaxtsa işğal altında olduğuna inana bilmirsən.