06.11.2024, 08:41
AZ EN
27.03.2024, 09:00

Qərbin Cənubi Qafqaz siyasəti: yeni müharibəyə təhrik?

Təhmasib NOVRUZOV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 fevral 2024-cü il Zəfər seçkisində tarixi qələbəsindən sonra andiçmə mərasimindəki möhtəşəm nitqində hər kəsə açıq mesaj verdi: “Biz ağır daşları tərpətmişik və bu ağır daşlar bundan narahatdırlar”.
      Gün keçdikcə tarixi qələbələrimizin memarı, Müzəffər Ali Baş Komandanın bu sözlərinin real həyatda əksini tapdığını müşahidə etməkdəyik. Otuz il bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğal altında qalmasına seyirçiliklə yanaşan, hətta bizi bu “status-kvo” ilə barışmağa təhrik etməyə çalışan bəzi qərb dövlətlərinin bu gün sərgilədikləri mövqe, sözün birbaşa mənasında ikiüzlülükdən başqa bir şey deyil. Ermənistandan, keçmiş Daqğlıq Qarabağdan və ətraf rayonlardan bir milyondan artıq azərbaycanlının silah gücünə, min bir zülmlərlə, işgəncələrlə  qovulub çıxarılmasına, minlərlə insanın – qocaların, qadınların, uşaqların, əliyalın mülki əhalinin bu köç zamanı ermənilər tərəfindən qətlə yetirilməsinə, Xocalı kimi dünyada misli-bərabəri olmayan qətliam faktına susan qərb bu gün torpaqlarımızı işğaldan azad etməyimiz, bununla BMT-nin dörd məlum Qətnaməsini öz gücümüzlə həyata keçirməyimiz nədən bu qədər hiddət doğurur? Bu gün avropa hansı səviyyəyə enib ki, bir milyarddan çox yer kürəsi sakininin iman gətirdiyi müqəddəs quranı-kərimi təhqir etmək istəyənlər sıraya düzülüb! O qədər cılız düşünürlər ki, bu hərəkələri ilə onlar bir milyarddan çox insanın heysiyyətini təhqir etməyi özlərinə fəxr bilirlər. Dünyaya özünü mədəniyyət beşiyi kimi təqdim edən Avropanın ortasında, Hüqonun, Balzakın, Dalinin vətənində, Fransada Azərbaycan şairəsi Natəvanın heykəli təhqir olunur, yetkililər də buna susur. İş o yerə çatıb ki, hətta idmanda, futbol meydançalarında da xalqımıza “göz dağı” verməkdən belə çəkinmirlər. Ardıcıl iki mərhələdə heç bir ciddi səbəb olmadan aparıcı oyunçunu meydandan qovmaq təsadüfi deyildi... Budurmu avropa adlanan, dünyanın mədəniyyət beşiyi hesab edilən qoca qitə?
      Axı niyə? Böyük mütəfəkkir şairimiz M.Ə.Sabirin təbirincə desək, ey əcəb, biz ki, sədaqət və ədalət yolunu azmamışıq, hayların bizə etdiklərininin beşdə birin etməmişik! BMT-də, dünyanın digər qurumlarında rəsmən tanınmış ərazimizin işğalda olan parçasından işğalçı, terrorçu qüvvələri qovub çıxarmışıq. Bu qədər! Bir nəfər də olsun mülki erməninnin burnu qanamadan, bir mülki obyektə də, bir tarixi abidəyə də toxunmadan, zərər vurmadan anoloqu olmayan beynəlxalq hərbi qaydalara əməl edilməklə əldə edilən bu qələbəni günümüzdə davam edən Rusiya-Ukrayna, İsrail-Həmas savaşları ilə müqayisə etmirlərmi bu qərb riyakarları görəsən?
      Bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138 nəfərdən 209 nəfərə qədər artırılıb. Ermənistan parlamentinin bu razılaşmanı məhz indi radifikasiya etməsi isə bir sıra mətləblərdən xəbər verir. Heç şübhəsiz, bu, Aİ, ABŞ, Fransa və Ermənistan siyasi və hərbi rəhbərliklərinin təhlükəsizliklə bağlı keçirdikləri görüşlərlə birbaşa bağlıdır. O da şübhəsizdir ki, bu format Azərbaycana qarşı yönəlib və Azərbaycanı, Azərbaycanın öncüllüyü ilə Cənubi Qafqazda yaranmaqda olan kövrək sabitliyi hədəf götürür. Təhlükəsizlik təminatı adı altında Ermənistanın dəstəklənməsi,  silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz etməyə xidmət göstərmiş olur.

      Qərb dünyanın bir sıra regionlarında, o cümlədən Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirir və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq planları qurur. Bu, bütün regionda ciddi təlatümlər, yeni müharibələr və qarşıdurmalar vəd edir. Bundan həmin qüvvələr nə qazanırlar? Açıq şəkildə, gizlətmədən oynanılan bu geosiyasi oyun Rusiyanı Qafqazdan çıxarmaq, İrana təzyiq üçün regiondan istifadə etmək və Azərbaycana “demokratiya”, “söz və insan azadlığı” kimi çeynənmiş ibarəli sözlərlə təsir etmək, nəticədə bu ölkədən daha çox iqtisadi resurslar qoparmaq qərbin başlıca məqsədləridir. Sadəcə qərb Azərbaycan siyasi rəhbərliyinin diplomatik gücünü, beynəlxalq aləmdə və ölkədə olan danılmaz nüfuzunu, siyasi praqmatik keyfiyyətlərini xəfifə almaqla yanlışlıqlara yol verdiklərini anlamadan oyuna davam etdirirlər. Bu isə, əvvəlki 20 ildə olduğu kimi, yenə də sonda məhz onların gözləntilərinin puç olacağını deməyə tam əsas verir.
      Təbii ki, Azərbaycan müstəqil siyasət yeridən bir ölkədir və nə Rusiyanın, nə də qərbin əsassız istək və arzularına boyun əyəcək durumda deyil. 30 illik işğal dövründə bunu etməyibsə, gərəkdir ki, qərb də Rusiya kimi Azərbaycanın belə oyunlarda Ermənistan kimi molionet rolunda olmayacağını anlamalıdır. Əksinə, belə olacağını gözləmələri də qərbin ağılsızlığının təcəssümüdür.  Üstəlik, Azərbaycan iki qüdrətli region dövləti – Türkiyə və Rusiya ilə müttəfiqlik səviyyəsində anlaşma imzalayıbsa, nədən indiki durumda Rusiya kimi nəhəng güclə qarşı-qarşıya gəlməlidir? Axı ATƏT-in  Minsk Qrupunun 30 illik fəaliyyəti dövründə həmsədrlər arasında, gec də olsa  məhz Rusiya Azərbaycanın müstəqil siyasi kursuna ehtiram göstərən yeganə ölkə oldu! ABŞ-dən, Fransadan fərqli olaraq Rusiya Azərbaycanın 44 günlük savaşı dönəmində də, sonrakı hadisələrdə də ədalətli mövqe nümayiş etdirdi. Söz yox, Rusiyanın belə mövqe nümayiş etdirməsində həm Türkiyə və Türk Birliyi Təşkilatı faktorları, həm Ermənistanın indiki hakimiyyətinin qərbyönlü siyasəti, onlara yoxdan dövlət yaratmış Rusiyaya arxa çevirməsi, həm də Azərbaycanın indiki blokada şəraitində olan Rusiyaya nə qədər vacib ölkə olması da mühüm əhımiyyətli rol oynayır. Ancaq, xalqın təbirincə desək, “ya zəlzələdən, ya vəlvələdən”, Rusiya bu gün haqqın, ədalətin, haqlı və ədalətli tərəf olan Azərbaycanın yanındadırsa, nədən Azərbaycan belə güclü dostuna qarşı çıxmalı, qərbin geosiyasi maraqları namınə qonşusu ilə qarşı-qarşıya gəlməlidir? Solovyovlar, simonyanlar, zatulinlər erməni pulu hesabına Azərbaycana qarşı piyar kompaniyası aparsalar da, Rusiyanın rəsmi dairələrinin indiki mövqeyi Azərbaycanın maraqları ilə uzlaşırsa, niyə biz maraqlarımıza zidd getməliyik? Rusiyada baş verən məlum terror aktını da Azərbaycana bağlamaq istəyənlər (başda Solovyov olmaqla – T.N.) dəridən-qabıqdan çıxsalar da, Rusiya rəsmilərinin mövqeyi bunu qətiyyətlə rədd edir ki, bu da Rusiyanın indiki hakimiyyətinin Azərbaycana münasibətinin həqiqətən qarşılıqlı inam üzərində olduğunu deməyə əsas verir. O başqa mövzunun söhbətidir ki, haylar müstəqilliyin ilk illərində Azərbaycanın səriştəsiz rəhbərlərinin yanlış siyasətindən yararlanaraq torpaqlarımızı işğal edən zaman məhz Rusiya ona dəstək verdi və nəticədə kövrək olan müstəqilliyimiz, suverenliyimiz təhlükə ilə üz-üzə qaldı...
       Bir məqama da xüsusi diqqət yetirməyi mühüm hesab edirik. Heç kimə sirr deyil ki, Qərb dünyası hansı ölkəyə, hansısa maraqları baxımından oyun qurursa, bu oyunların başında həmin ölkənin sadəlövh, bəzən xəyanətkar, pul, var-dövlət, şan-şöhrət  düşkünü olan insanlarından maksimum yararalanmağa çalışırlar. Mmüxtəlif ölkələrin daxilində gedən prosesləri müşahidə etməklə kifayətlənmək olar ki, qərbin oyunları sırasında bu xətt  hər zaman öndə olub. Nə yazıqlar ki, Azərbaycanda da belə ünsürlər tapılır və hər vasitə ilə ölkəmizdə yaranmış indiki birliyi, “Dəmir Yumruq”u sarsıtmaq, qarşıdurmalar yaratmaq, ölkənin indiki siyasi və hərbi rəhbərliyini gözdən salmaq, onlara qarşı inamsızlıq toxumu səpmək üçün milyonlarla vəsait buraxıb belələlərindən istifadə edə bilirlər. Hesab edirik ki, bu məsələdə də xalq olaraq ayıq-sayıqlığımızı əldən verməməli, belə ünsürlərin meydan sulaması üçün boşluqlar yaratmamalıyıq. Əks-təqdirdə istəklərinə nail olarlarsa (qulaqlardan uzaq-T.N.), bizləri hansı fəlakətlər gözlədiyini deməyə ehtiyac görmürük.

       Qəribədir, ilkin dövrdə Aİ-nin Ermənistandakı missiyası qısamüddətli olmalı idi. Ancaq  sonradan uzunmüddətli status təsdiq olundu və onun hərbiləşdirilməsinə başlanıldı. Qərb bu yolla regiona hərbi müdaxiləyə start vermiş oldu. Hazırda ABŞ-nin də bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir. Bütün bu proseslər Azərbaycanın sərhədlərində baş verir və təbii ki, Azərbaycana qarşı yönəlib. Görünən odur ki, qərb inteqrasiya olunmuş, əməkdaşlıq mühitinin formalaşdığı Cənubi Qafqaz əvəzinə militarizasiya olunmuş və silah-sursatla doldurulmuş, barıt çəlləyini xatırladan region istəyir. Bu prosesdə Ermənistan tarixi ənənəsinə sadiq qalaraq vasitəçi qismində çıxış edir. ABŞ başda olmaqla qərbin regiona hərbi müdaxiləsi Azərbaycanla yanaşı İran və Rusiyaya qarşı da mümkün təhdid və təhlükə vəd edir. Rusiya və İranın isə bu faktları hələ də susqunluqla qarşılaması, hesab edirik ki, başqa mətləblərdən xəbər verir. Ya tufan öncəsi sakitlikdir, ya da pərdələr arxasında türk dünyasının birliytini pozmaqla bağlı hansısa gizli razılaşmalar var...
 

SON XƏBƏRLƏR