04.10.2023, 08:26
AZ EN
13.05.2022, 09:30

65 yaşın ən böyük hədiyyəsi

Şərif AĞAYAR

Məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayon Taxtakörpü qəsəbəsinə hər gedəndə qəribə hisslər keçirirəm. Vaxtıyla buralar fin evlərindən və qamışdan quraşdırılmış daxmalardan ibarət səhralığı xatırladırdı. Hətta yanacaqdoldurma məntəqəsini də dikdə dayanmış çənli maşın əvəz edirdi. Qəsəbənin mərkəzindəki çayxana da daxma idi və adam onun dəhlizində oturub isti, tozanaqlı düzəngahlara baxanda özünü ucqar Liviya çöllərində hiss edirdi. Taxtakörpüdən cənuba doğru uzanan xır yolu sovetlər vaxtından salınmış qış yataqlarının arası ilə İmişliyəcən uzanıb gedirdi. Yataqlarda vəziyyət lap çətin idi. Bu iqlimə uyğunlaşmamış dağ adamları min-bir əziyyətlə yaşayırdılar.

Ölkəmizdə iqtisadi dirçəliş başlayan kimi Taxtakörpüdə müasir tipli qəsəbə salındı. Geniş və rahat evlər, məktəb, xəstəxana... Parklar, yolkənarı səliqəli səkilər, ağaclar... Modern mağazalar, çayxanalar, iaşə obyektləri... Daimi işıq, qaz, telefon və internet xətti... Doğ­­rudan da inanılmaz idi. İlk baxışdan insanların heç bir ciddi problemi qalmamışdı. Lakin yaxın ünsiyyətdə olan kimi ən rahat şəraitin də onların qəlbindəki yurd nisgilini ovuda bilmədiyini görürdün. İnsanlar qurd kimi üzü dağlara yatırdılar. Tərs kimi havanın təmiz vaxtı buralardan Kirs dağı aydınca görünürdü. Bir yanı Laçın, bir yanı Şuşa, bir yanı Cəbrayıl... Göz görür, ayaq gedə bilmir. 

Xalq şairi Hüseyn Arif bir şeirində deyir ki, elin əhvalını dəlləkdən və aşıqdan soruşmaq lazımdır. Taxtakörpüdə bu müqəddəs missiyanı el şairləri yerinə yetirirdi və onlardan heç nə soruşmaq lazım deyildi. Özləri öz dərdlərini misralarla bəyana gətirirdilər. Belə şairlərdən biri də Eynulla Sadıqdır. Eynulla müəllim həm də tanınmış ziyalıdır. Uzun illər müəllim işləyib. Gəncliyindən bəri onun ömrü Qarabağ hadisələrinin içində keçib. 1970-ci illərdə Xankəndidə yerləşən pedaqoji universitetin filologiya fakültəsində oxuyub. Separatçı ermənilərin əzəli-əbədi Azərbaycan torpağını şeytan yuvasına necə döndərdiyinin canlı şahidi olub. Dalınca Topxana hadisələri, Ermənistanı və Xankəndini bürüyən mitinqlər... Nəfəs dərməyə macal tapmadan bir də gözümüzü açdıq ki, rayonlarımız işğal altında qalıb. Nizami ordu yox, xalq birliyi yox, beynəlxalq dəstək yox. Üstəlik, ölkə parçalanma təhlükəsi ilə üz-üzədir. Belə zamanlarda adamın olub-qalan ümidi də solub gedir və yeganə çarə dərdini vərəqlərlə bölüşməyə qalır. Eynulla müəllimin o vaxt qəlbinin odu ilə yazdığı aşağıdakı gəraylı bu gün də dillər əzbəridir:

 

Demə, məni unutmusan,

Ölmək üçün vətən dağlar.

Yuxumda aydın görünən,

Oyananda itən dağlar.

 

Vətən dərdi daşımaqdan

Gözlərim qan, ciyərim qan.

Sanki qopub binasından,

Ürəyimdə bitən dağlar.

 

Bəxtin artdı qeylü-qalı,

Qalan ömrüm təmənnalı.

Həyatımdan bir mənalı

Nəğmə kimi ötən dağlar.

 

Qaçqın kimi dilə-dişə

Yağı düşə, düşmən düşə.

Eynullatək qürbətkeşə

Dodaq büzür yetən, dağlar.

 

Eynulla Sadıq Zəngəzurda və Qarabağda yaxşı tanınan, respublika sazsevərləri üçün də unudulmaz olan ustad aşıq Umbay Axundovun kiçik qardaşdır. Yəni gözünü açandan evdə saz görüb, dastan eşidib, şeir dinləyib. Üstəgəl, özünün təbii istedadı və ədəbiyyata bəslədiyi sonsuz sevgi... İş bir az da ciddiləşib. Onun qardaşı oğlu mərhum Ədalət Axundov da tanınmış aşıq idi. Umbay Axundovla birlikdə söylədiyi “Şah İsmayıl” dastanı dastançılığımız üçün dəyərli bir töhfə kimi dövlət televiziyasının “Qızıl fond”unda saxlanılır.

Ədalət Axundov çox erkən – 33 yaşında dünyasını dəyişdi. Elə bil günəş günün günorta çağı qürub elədi. Ən dəhşətlisi, onun məzarı da minlərlə doğma məzar kimi düşmən əsarətində qaldı. Laçın azad olunandan sonra bir qrup adam doğma Qarakeçdi kəndinə getdi. Onların içərisində Axundovlar nəslinin başqa bir nümayəndəsi – Ədalət Axundovun oğlu Aşıq Təbriz də vardı. Onun atasının məzarı başında diz çökərək saz çalması işğaldan azad edilən torpaqlara qayıdışla bağlı ən təsirli detallardandır. Kimsə gizlicə o ifanı telefonun yaddaşına köçürmüşdü. Az keçmədən sosial şəbəkələrdə paylaşıldı və yüz minlərlə baxıldı.

Elə Taxtakörpüdəki yeni əhval da bu tarixi hadisədən sonra başladı. Laçının azad edilməsi xəbəri günəş kimi insanların çöhrəsində doğmuşdu. Bu xəbər Eynulla müəllim kimi şairlərin yaradıcılığında da şadlıq əks sədası kimi səsləndi. Şair deyən olmuşdu. Vaxtı ilə bir qoşması ilə xalqı doğma torpaqları üçün ayağa qalxmağa çağırırdı:

 

Alam qılıncımı, gələm qeyrətə,

Döyüşə-döyüşə çıxam dağlara.

Şəhid köynəyini bayraq eyləyib,

Ağlaya-ağlaya taxam dağlara.

 

Bayraq o ucalıqlara doğrudan da taxıldı. Özü də lap şeirdə deyildiyi kimi. Qarakeçdi kəndindən olan şəhid Elnur Cabbarov kimi neçə-neçə qeyrətli oğulun qanı bahasına qələbəni əldə edə bildik. Azadlıq mücadiləsində Eynulla müəllimin yaxın qohumu Cövhər Sadıqzadə də qəhrəmanlıq göstərdi, ayağından yaralandı.

Eynulla müəllim çəkdiyi bütün əziy­yətlərə rəğmən özünü xoşbəxt sənətkar saya bilir. Çünki qəlbən bağlı olduğu doğma yerlərin azadlığını gözləri ilə gördü. Üstəlik, 65 illik yubileyi camaatın öz təsərrüfatları ilə Laçın yaylaqlarına köçməyə hazırlaşdığı bir vaxta təsadüf edirdi.  Buna görə də Taxtakörpü qəsəbəsindəki Laçın Mədəniyyət Mərkəzində keçirilən yubiley məclisi öz şuxluğu ilə seçilirdi. Bu, həmişəki tədbirlərə bənzəmirdi.

Yubiley ərəfəsində Eynulla müəllimin “Hara gedir bu insanlar” adlı kitabı da işıq üzü gördü. Bu, yaşın hesabatı kimi təqdim olunan kitabda şairin şeirləri ilə yanaşı məktubları, hekayətləri və məqalələri də toplanıb. “Mən necə qocaldım” adlı ilk kitabından fərqli olaraq burada Laçına qovuşmağın sevinci də vardır.

Eynulla müəllimin iki övladı da sənətkardır. Böyük oğlu Elvin Axundov modern saz ifaçılığında özünəməxsus üslubu ilə seçilir. Kiçik oğlu Pərviz Axund isə klassik saz ifaçılığını mənimsəyib. O həm saz müəllimi, həm də aşıq kimi fəaliyyət göstərir. Pərviz həm də yaxşı şairdir. “Və hamını unutmaq” adlı şeirlər kitabı çap olunub.

Sənətkar elin görən gözü, eşidən qulağı, döyünən ürəyidir. Bu mənada Eynulla Sadıqla tanışlıq məcburi köçkün həyatı yaşayan minlərlə insanla tanışlıq deməkdir. Onların duyğu və düşüncələrinə şahid olmaqdır. Lakin şairin yaradıcılığı yalnız vətənpərvərlik ruhunda yazılmış şeirlərlə məhdudlaşmır. Onun kitablarında, xüsusən son kitabında bütün mövzularda nümunələr tapmaq mümkündür.

Bundan sonra Eynulla Sadıq daha rəngarəng mövzularda şeirlər qələmə alacaq və onun səsi doğma Laçın dağlarından gələcək. Biz yaxın vaxtlarda şairin doğma dağların ən gözəl yerləri ilə görüşə həsr etdiyi şeirləri də oxuyacağıq. Dağılmış kənd-kəsək nə qədər insanın qəlbini dağlasa da, vətənin azadlığının sevinci daha böyükdür. Yüz illərə sığmayacaq qədər böyük...

Şərif AĞAYAR