Yolumuz Şuşaya, oradan isə Laçınadır. Zəfər yolu ilə...
Qırx dörd gün davam edən Vətən müharibəsində qəhrəman əsgərlərimizin ayaq izləri ilə açdığı cığırla - Zəfər yoluyla. Həmin cığır indi asfalt örtüklü ən müasir avtomobil yoludur. Füzulidən baylayıb Şuşaya qalxan, oradan Laçına dolaylanan, Ermənistanla sərhədə qədər uzanan yol. Haqlı olaraq buna “Zəfər yolu” deyirik.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi infotur çərçivəsində Şuşa-Laçın səfərinə gedən 18 iştirakçının hamısı qələm adamlarıdır – şair, yazıçı, jurnalist-publisistlər. Hamısı da müstəqilliyin bərpasından sonra parlamış, ölkənin ən istedadlı yazarları kimi ad-san qazanan qələm adamları. Əksəriyyəti işğaldan azad olunmuş ərazilərə ilk dəfədir gedirdi. Bu iki fakt (iştirakçılarının şair və yazıçılardan ibarət olması, əksəriyyətinin işğaldan azad edilmiş ərazilərə ilk səfəri) özülüyündə çox maraqlı idi...
Bakıdan Füzuliyədək yazarların ədəbiyyat haqqında müzakirə və mülahizələri, Azərbaycan ədəbi mühitindəki mətbəx söhbətləri səfərə xüsusi şirinlik qatırdı. O qədər maraqlı müzakirələr gedirdi ki, mikroavtobusun sürücüsünün də diqqəti salondan ayrılmırdı. Şərif Ağayar hərdən boğazını qabağa uzadıb “Qardaşoğlu, çox yavaş sürürsən, sürəti bir az artır” deyəndən sonra gənc sürücü ayağını qaza basır, gözlər ön şüşədən yayınan kimi yenidən arxaya qulaq verirdi.
Əhmədbəylidən Füzuli şəhəri istiqamətinə irəlilədikcə düşmənin darmadağın etdiyi kəndlərin uçuq divarları mamır basmış məzar daşı kimi boy verir. Mikroavtobusun içərisinə qəribə bir sükut çökür, hamı maşının şüşəsindən ətrafa boylanır. Dağılmış kəndlərə zillənən gözlərə kədərə dolur, bayaqdan salonu başına götürmüş gülüş sədalarını təəssüf nidaları əvəzləyir. “Qaçqınkom”un bir neçə dəfə bölgəyə səfər etmiş gənc əməkdaşı Orxan Aslan pəncərədən ətrafa boylanan yolçuların heyrəntləndiyini görüb “Sol tərəf çöllük ərazilərdir, əsas dağıntılar sağdadı, ora baxın”, - deyə iştirakçılara bələdçilik edir...
İşğal dövründə ermənilərin “Ohanyan səddi” adlandıraraq qürrələndiyi, on kilometrlərlə uzanan dərin xəndəklərin yanından keçəndə düşmənin hiyləgərliyinə, bu istehkamı yarıb keçən Azərbaycan əsgərinin isə qəhrəmanlığına heyrətlənməmək mümkün deyil. Saysız-hesabsız beton dirəklərin məftillərlə bir-birinə bağlanmış mühəndis tələsi hörümçək torunu xatırladır. Hamı səssizcə bu mənzərəyə tamaşa edir, hər kəs heyrət içindədir, sanki ucsuz-bucaqsız dağıntıların ağrı-acısı ürəklərə hakimdir...
Sürətlə irəliləyən mikroavtobusun salonundakı məyusluğu Fəxri Uğurlunun kədərli və qayğılı səsi pozur: “Gör ey, bizə deyirlər ki, icazə verin ermənilər sizinlə birlikdə yaşasın. Bu vəhşilərlə necə yaşamaq olar?!”
Arxadakılardan kimsə ironik replika atır: “Qarabağda yox, Salyanda yaşaya bilərlər”.
Yazarların duzlu-məzəli zarafatları yenidən başlayır. Bu dəfə salyanlı İlham Əziz laçınlı Şərif Ağayarla evlərini dəyişməyə hazır olduğunu bildirir. Şərif həmkarının təklifi ilə bir şərtlə razılaşır: “Laçındakı evimi, üstəlik 3 illik müavinəti də verirəm sənə, amma nəbadə, qışda qayıdıb Salyanda yaşamaq eşqinə düşməyəsən”.
Maşın Füzuli şəhərində yenidən qurulan və bir hissəsi sakinlərin ixtiyarına verilən məhəllənin qarşısında dayanır. Yolçulara 15 dəqiqəlik fasilə verilir. Tikinti meydanını xatırladan geniş və yaraşıqlı məhəlləyə tamaşa etdikcə bayaqkı kədər və niskil tədricən əriyib yox olur. İndi hamının üzündə fərəh hissi aydın sezilir, hər kəs mobil telefonunu Azərbaycan bayraqları ilə bəzədilmiş binalara yönəldərək bu fəxarətli anları kameraya köçürür. Göz oxşayan binaların fonunda kollektiv şəkil çəkdirdikdən sonra yolumuza davam edirik...
Füzulinin, Xocavəndin bütün əraziləri, hətta Xocalının bir neçə yaşayış məntəqəsi artıq geridə qalıb. Yol boyu erməni vəhşiliyinin izləri göz deşir. Vaxtilə Azərbaycanın ən gözəl, abad və güllü-gülüstanlı kəndləri indi xarabalığı xatırladır. Vəhşi barbarlar kimi ad çıxarmış ermənilərin hansı şəraitdə yaşadıqları od vurub yandırmadıqları, qanunsuz məskunlaşdıqları bir neçə kəndin görkəmindən bəlli. Hansı kənddə, hansı evdə yaşayıblarsa, azərbaycanlıların tikib-qurduqlarının hesabına dolanıblar, otuz il ərzində daşı daş üstünə qoymayıblar, Şəhriyar Del Gərani demişkən, özlərinə bir tualet də tikməyiblər.
Yol boyu hər yan qara və qorxulu kabusa bürünüb, ta Şuşaya qədər. Vətən müharibəsindən dərhal sonra çəkilən asfalt yoldan başqa heç bir həyat əlaməti hiss olunmur. Hələ Şuşanın özündən əvvəl işğal edilən, Azərbaycan ordusunun Zəfərinə qədər ermənilərin qanunsuz yaşadıqları Daşaltı kəndinə yetişəndə isə...
Daşaltının sıldırım qayaları üzərində yerləşən Şuşa şəhəri. Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsini yazdığı məkan. Otuz illik işğalın möcüzəvi sonluğu, Qarabağa qayıdışın start nöqtəsi buradan başlamışdı. Bıçaq və süngülərlə silahlanmış Vətən oğulları Daşaltının sıldırım qayalarına bərkidilmiş iplər vasitəsilə Şuşaya dırmaşaraq Qarabağın baş tacını işğalçılardan təmizlədikdən sonra ilk azan səsi məhz burada səsləndirilmişdi.
Qan-qırmızı rəngə boyanmış “ŞUŞA” lövhəsinin yanındakı komendant postuna yaxınlaşırıq, İşğaldan azad olunmuş əraziyə girişdə və Xocəvənddə olduğu kimi, burada da pasportlarımızı yoxlayırlar. Yolun solunda, cəmi bir neçə metr məsafədə Rusiya sülhməramlılarına məxsus müşahidə məntəqəsində bircə hərbçi var. Ayaq üstdə dayanmış rus hərbçisi başışını aşağı salıb nəsə qurcalanır. Müşahidə məntəqəsinin beton blokları üzərində uzanmış mor pişiyin tez-tez biz tərəfə boylanması diqqətdən yayınmır. Adama elə gəlir ki, burada rus əsgərinə ən yaxın və sədaqətli canlı elə həmin pişikdir...
Pasport yoxlanışından sonra Şuşanın mərkəzinə doğru yolumuza davam edirik. Doğma şəhərin tanış küçələr, yaddaşlara köçmüş binaları qarşılayır bizi. Hər yan Azərbaycan xalqının əsrlərdən bəri süzülüb gələn adət-ənənələrini, həyat tərzini, tarixini, milli-mənəvi dəyərlərini özündə əks etdirən nişanələrlə doludur. Müharibənin dəhşətli izləri hər addımda seçilir – top və qrad mərmilərinin dağıtdığı tikililər, baxılmsız qalmış küçə və meydanlar, dam örtüyü çökmüş binalar...
Vəhşi işğalçılar Şuşanı nə qədər dağıntıya məruz qoysalar da, Azərbaycan xalqına məxsus tarixi silə bilməyib. Qədim mədəniyyət abidələri, tarixi binalar uçuq-sökük olsa belə, Şuşanın özünəməxsusluğu daşlardan-divarlardan silinməyib. Məşhur “Cıdır düzü” də öz gözəlliyini və möhtəşəmliyini qoruyub saxlayır...
Daşaltının sıldırım qayaları ilə Şuşaya dırmaşan qəhrəman oğulları Zəfərə qovuşduran şəhər indi tikinti meydanını xatırladır. Buradakı hər üç binadan biri restavrasiya olunur, yaxud yenidən tikilir. Yenidən qurulan binlar, restavrasiya olunan tarixi-mədəni abidələr, bərpa-quruculuq işlərində çalışan adamlar...
Şuşada ictimai iaşə xidməti obyektlərinə də rast gəlinir – “SOCAR”ın kişik yanacaqdoldurma məntəqəsi, “Qoçət” restoranı, “Araz market”, “Bravo” mağazası...
Əsaslı şəkildə yenidən qurulan Molla Mənah Vaqifin məqbərəsini ziyarət etdikdən sonra yolumuz Laçınadır.
Gözəl Laçın! Şuşadan fərqli olaraq, Laçın şəhəri tamamilə yenidən qurulub. Müasir dizaynla zövqlə bər edilən evlər, asfalt örtüklü küçələr, yeni salınan geniş və işıqlı park və meydanlar...
Burada hər şey yenidən qurulub. Azərbaycan Ordusunun qazandığı Qələbənin, Zəfərin təntənəsi Laçında daha çox hiss olunur. Laçına həyat yenidən qayıdıb. Böyük qayıdış hər addımda hiss olunur...
Laçına gələcəyi, xoşbəxt günləri hələ qarşıda olan boy-buxunlu, yaraşıqlı bir oğlana bənzəyir. Çoxlu arzuları olan, xoşbəxt gələcəyinə inanan, arzulara doğru inamla addımlayan gənc oğlana!
Laçını heç vaxt belə gözəl və yaraşıqlı görməmişdim!
Şəhidlərin qanından güc alıb pərvazlanır Laçınımız!
Qələbə ruhlu Laçınızımız!
Qovuşdurana şükür!
(Ardı var)