Qələbədən sonra çəkdiyimiz dərdlər, ağrılar xeyli unudulub. Lakin istər-istəməz təqvim nələrisə yada salır. Etiraf etməliyik ki, çox bəlalarımız unutqanlığımızın məhsuludur. İnsan həmişə kinlə yaşamamalıdır, lakin unutqan da olmamalıdır.
Məğlubiyyət də tarixləşir, qalibiyyət də. Bəzən məğlubiyyətin ömrü uzun çəkir, bəzən qalibiyyətin. Xalqlar bax bu paradoksdakı fərqin əhəmiyyətinə görə xoşbəxtdir. Bizi bu mənada xoşbəxt xalqlar sırasına aid etmək olar. Hicran nə qədər uzun oldusa, vüsal o qədər şirin gəldi.
Əlbəttə, söhbət bir zamanların məşum 8 may günündən gedir.
28 il əvvəl nələr baş verirdi? Tarixin ən çətin vaxtlarında ən böyük tiranlara boyun əyməyən Şuşa qalası mənasız bir düşmənin qədəmlərinə sərilirdi.
Açığını deyək, biz Şuşanın əhəmiyyətini onun olmadığı illərdə daha dərindən anladıq. Bütün itkiləri və əzabları gözə alıb, bir az da məntiqin qəddar tərəfindən yanaşaraq deyə bilərik ki, bəlkə də, bu itkilər, bu faciələr bizə lazım idi. Özümüzü tanımaq, nicat yolumuzu tapmaq və aqibətimizi düşünməkdən ötrü.
Şuşanın işğalı Azərbaycan ərazisində güclənməkdə olan separatçı qüvvələrin Ermənistana çıxışını təmin edirdi. Çünki bu möhtəşəm qaladan sonra Laçını da əldə saxlamaq mümkün olmayacaqdı. Laçın və Şuşa iki qardaş kimi kürək-kürəyə verib yağı düşmənin qarşısında dayanmışdı. Əslində, qarşısında yox, arasında: Şuşa üzü Xankəndidəki separatçılara, Laçın üzü Ermənistandakı işğalçılara... Texnika yox, nizami ordu yox, siyasi iradə yox... Belə baxanda o qədər duruş gətirməyin özü də bir iş idi. Amma haracan? Məğlubiyyət qaçılmaz idi. Çünki alternativ görünmürdü.
Şuşadan sonra Laçın onca gün davam gətirdi.
Laçınla Şuşanın işğalı isə təkcə Qarabağı deyil, bütün Azərbaycanı təhlükə altına atırdı. Yaxşı ki, o aralar heç olmasa atəşkəs müqaviləsini imzalaya bildik və müharibəni dayandırdıq. Bizə vaxt lazım idi.
Nələr yaşamadıq Şuşasız keçirdiyimiz bu 28 ildə? Şuşa itirdiyimiz hər şeyin simvoluna çevrilmişdi. Şuşa deyəndə bütün işğal olunan ərazilər, hətta Qərbi Zəngəzurdakı ata-baba torpaqlarımız gəlib gözümüzün qarşısında dayanırdı. Şuşa təkcə coğrafi yox, həm də mənəvi xəritəmizin ülviyyət nöqtəsi idi. Adı çəkilən kimi ürəyimizin başı göynəyirdi.
O zamanlar ilk baxışdan elə bilirdik ki, Şuşanı yalnız o tərəflərdən olan və qaçqınlıq, məcburi köçkünlük həyatı yaşayan insanlar bu qədər çox sevir. Əslində, bir az da belə idi. Bakının dəbdəbəsinə, “öz kefi”ndə olan insanlarına baxdıqca Qarabağın yaddan çıxdığını düşünürdük. Mən bu faktı giley-güzar üçün qeyd etmirəm. Bəlkə də, təbiidir. Dünyanın hər yerində insan komforta, xoşbəxtliyə, əyləncəyə meyllidir. Heç kimin şəxsi həyatına müdaxilə etmək olmur axı. Belə vaxtlarda düşünən beyinlər cəmiyyətə düzgün istiqamət verməlidir. Tale yüklü məsələlərə laqeyd qaldıqca bəla daha çox adamın üstünə gəlir.
Etiraf edək ki, həm mətbuatda, həm ədəbiyyatda, həm də təhsildə Şuşa daim gündəmdə oldu, bircə gün də olsun unudulmadı. Nə qədər zəngin həyat yaşasaq da nəsə çatmırdı. Bu 28 il bizə ağlı başında olan heç bir azərbaycanlının Şuşasız xoşbəxt ola bilməyəcəyini öyrətdi. Həzrəti Musanın qövmü kimi qaranlıq badiyəni adladıq. Məhz dərk olunmuş bu zərurətin sayəsində Şuşanı yalınız şəkillərdə görən gənclərimiz onun uğurunda ölüm-dirim savaşına qalxdılar. Elə bir savaş ki, dünyanın hərb tarixinin ən maraqlı səhifələrindən birinə çevrildi. Üstündən aylar keçməmiş dünyanın bir çox yerlərində araşdırmağa, tədris etməyə, nümunə göstərməyə başladılar. Türkiyə kimi böyük hərbi gücə malik olan ölkənin müdafiə naziri bu zəfər savaşı üçün azərbaycanlı qardaşları ilə qürur duyduğunu söylədi.
Şuşa həm də bizim ədəbi ünvanımızdır. Onun qədər bədii obraza çevrilən şəhərimiz yoxdur. Şuşa şeirlərin, mahnıların, nəğmələrin ünvanı, hekayələrin, pyeslərin, romanların mövzusudur. Bəzən düşmənə qaşqabaq sallayan yenilməz bir igid, bəzən duman yaylığını çiyninə salan qənirsiz bir gözəldir. Bütün bu metaforaların arxasında isə Azərbaycan xalqının bu cənnət diyara bəslədiyi böyük məhəbbət dayanır.
Doğrudur, Şuşa deyəndə Pənahəli xan, İbrahim xan, Şah Qacar yada düşür, gözümüzün önündə əsrlərə meydan oxuyan, düşmənə bac verməyən alınmaz bir qala canlanır. Lakin xalqımızın yüz illərlə formalaşmış humanist xarakterinə uyğun olaraq biz Şuşanı daha çox Molla Pənah Vaqif, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Yusif Vəzir, Üzeyir bəy, Bülbül kimi mədəniyyət insanları ilə yad edirik. Dünyada hər qarışı, hər addımı sənət nişanəsinə çevrilən belə bir şəhər tapmaq o qədər də asan deyil. Hər tinində, hər küçəsində, hər məhəlləsində, hətta az qala hər evində tarixdə iz qoymuş sənətkarlar yaşayıb. İşğaldan, dağıntıdan sonra da bu izləri qoruya bilib Şuşa. Çünki ustadlar demiş, haqdan yanan çıraq bad ilə sönmür.
Biz Şuşaya qayıtmışıq. Hərblə - qan tökərək, can verərək aldığımız torpağa Şuşaya layiq mədəniyyətlə qayıtmışıq. Ora apardığımız ilk əmanət Üzeyir bəyin, Bülbülün, Natəvanın barbarcasına güllələnmiş heykəlləri oldu. O heykəllərin “yarasını sağaldaraq” öz yerlərinə qoyduq. Kaş dünyada bütün həqiqətlər öz yerini bu cür alsın.
Biz orda əlində silah tutan igid bir əsgər abidəsi də qoya bilərdik. Qoyacağıq da. Buna hər mənada haqqımız çatır. Lakin biz Şuşadan dünyaya daha çox sülh, dostluq çağırışları göndəririk. Biz işğalçıdan fərqli olaraq Şuşanı abad görmək istəyirik. Dünyanın dörd bir yanından insanları bura musiqi, şeir, kitab festivallarına dəvət edirik. Dost kimi gələn Şuşada sevgi görəcək. Düşmən kimi gələninsə burnunu əzmək üçün çomağımız daima əlimizdədir. Harasa soxulmaq istəyən burnu əzmək özü də bir mədəniyyətdir.
Silahlı qüvvələr dövlətin vacib atributudur. Ordusuz dövlət dövlət deyil. Lakin bu gücün nə üçün istifadə edilməsi çox vacibdir. Azərbaycan ordusu Azərbaycan xalqını, onun mədəniyyətini, mənəviyyatını, ümumi mənada desək, ŞUŞASINI qorumaq üçündür. Bizim kiminsə torpağında gözümüz yoxdur. Özümüz özümüzə bəsik. Heç bir zərərli komplekslə yaşamırıq. Bu gün Şuşa başda olmaqla işğaldan azad olunmuş ərazilərdə görülən işlər və keçirilən tədbirlər bunun əyani sübutudur.
Şərif AĞAYAR