Həmişə həyatda yaxşılıq axtar,
Yaxşı ad almaqda əbədiyyət var!
N. Gəncəvi.
Müdriklərin dediyi kəlamlar zaman-zaman sınaqdan çıxaraq bu günümüzə gəlib çatmış, həyatımızın dəyəri, mənası, istiqaməti onların üzərində köklənmişdir.
Yurd yerlərimiz, bu torpaqlarda doğulan insanlar, ərazilərlə bağlı nə varsa, hamısı mənə əzizdir, qiymətlidir, həyatımın mənasıdır. Bu vətən torpağı Azərbaycan - Qarabağ - Ağdamdır!
Ağdamsız ağdamlı olmaq atasız-anasız yetim kimidir. Ağdamsız Qarabağ, Qarabağsız Azərbaycan yaşaya bilməz. Uzun illər ərzində işğala məruz qalmış ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibə onu göstərdi ki, bu torpaqların əsl sahibləri Qarabağsız yaşamayacaqlarını döyüş meydanında, haqq-ədalət mübarizəsində sübut etdilər.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bütün dünya üçün örnək olan müasir müharibə modelini təqdim etdi, dinc sakinlərin həyatına təhlükə gətirməyən döyüş əməliyyatını zəfərlə başa çatdırdı. İgid Azərbaycan övladları vətən uğrunda şəhid oldular, lakin bütöv bir xalqın şərəf və ləyaqət məsələsində Azərbaycan xalqının qəhrəmanlıq obrazını dünyaya nümayiş etdirdilər. Həyat hər bir insan üçün qiymətli, şirindir, şərəfli yaşamaq isə daha qiymətlidir - demişlər. Bu sətirləri yazarkən Ağdamın minlərlə şəhidinin, bu torpağın qəhrəman oğullarının, elm, mədəniyyət, dövlət xadimlərinin, fədakar, zəhmətkeş insanların simaları gözümün önündə canlanır. Hər bir ağdamlının dünya elmindən aldığı dəyər nə qədər böyük olmuşdursa, elə dünya elminə də çox böyük dəyərlər vermişlər. Dünya elminə yeniliklər gətirmiş Xudu Məmmədov, Ədilə Namazova, Rafiq Əliyev Ağdam torpağının yetirmələridir. Təbii ki, bu siyahını uzatmaq olar. Məhəmməd peyğəmbər buyururdu ki, elm Çində olsa da, onun ardınca gedin.
Cəsarətli, elm, mədəniyyət, dövlət qurucularının, qabaqcıl iqtisadiyyat yaratmaq bacarığı olan insanların vətəni idi Ağdam. Öz sözünü deməyi, vicdanının səsini dinləməyi, qüruru ilə seçilən, say-seçmə ziyalıları olan Ağdamda yaşadığım və çalışdığım illər çox qısa olsa da, bütöv bir ömürə bərabərdir, desəm - səhv etmərəm. Məsləkim - tərcümeyi halımdır deyən şair Abbas Səhhətin ifadəsi Ağdamın şanlı tarixi ilə tam uzlaşır.
Tarixi Azərbaycan torpaqları dəfələrlə zülmə məruz qalmışdır. Xalqımızın ucaltdığı, o cümlədən Ağdamda olan tarixi abidələrimiz, mədəni irsimizin böyük hissəsi yerlə yeksan edilmiş, vandalizmə məruz qalmışdır, amma bizi sındıra bilməmişlər. Əcdadlarımızın bəşəri ideyaları nəsildən-nəsillərə ötürülmüşdür. Soykökümüzü yayındırmaq, assimilyasiyaya məruz qoymaq istəyənlər olmuşdur, lakin sağlam kök qorunub saxlanılmış, məhv olmaqdan xilas ola bilmişdir. Bunu qeyd etməkdə məqsədim ondan ibarətdir ki, istər Ağdamda doğulub boya-başa çatdığımız, istərsə də məcburi köçkün həyatı yaşadığımız dövrdə xarici əks təsirlərlə nə qədər unutqanlıq, vətənsizlik hisslərini bizlərə sırımaq, yaşatmaq istəsələr də, Ağdamı unutmadıq, əksinə ona bağlılığımızı daha da artırdıq, xoşbəxt günlərə qovuşacağımıza inandıq, mübarizə apardıq, ümid bəslədik. Ülvi məqsədlər naminə yaşayan, haqsızlığa qarşı mübarizə aparmağa hər zaman hazır olan vətəndaşlarımız görkəmli şəxsiyyətlər, vətənpərvərlər olmağı bacardılar. Dahi şəxsiyyətlərdən birinin dediyi kimi, "Yaşamaq və azadlıq - hər gün onların uğrunda mübarizə aparanlara layiqdir". Vahid məqsəd uğrunda qazanılmış tarixi Zəfərimiz yuxarıda qeyd etdiyimiz fikrin bir daha təsdiqidir.
Ağdamda yaşadığım illərdə bir daha əmin oldum ki, torpaq, insan, ictimai mühit, şəxsiyyət amili bir - biri ilə bağlı olduğu üçün, cəmiyyətdə mövcud münasibətlərin bütün formalarında hər zaman təsirini göstərir. Rayonda formalaşmış güclü idarəetmə sistemi, təhsil, səhiyyə, mədəniyyət, ticarət və iaşə xidmətləri, nümunəvi, qabaqcıl təcrübəyə əsaslanan kənd təsərrüfatı, tikinti, xidmət və s. sahələr inkişaf baxımından o səviyyədə idi ki, bununla hər bir ağdamlı fəxr edirdi. Ağdam rayonu işğala məruz qalan dövrə qədər burada 100 min ton üzüm, 40 min ton taxıl və pambıq istehsal olunurdu, kompleks heyvandarlıq, baramaçılıq, yemçilik rayon iqtisadiyyatının əsasını təşkil edirdi. Ağdam respublikamızda ən qabaqcıl yerlərdən birini tuturdu, keçmiş ittifaq səviyyəsində qabaqcıl, nümunəvi mövqeyə malik idi. Dünyada ikinci Çörək muzeyi, SSRİ-də ikinci dəzgahqayırma istehsalat birliyi, xalçaçılıq birliyi, muğam mərkəzi, turizm müəssisələri, tarixi abidələr, qabaqcıl təcrübə məktəbləri, hələ o vaxtlar heç bir yerdə mövcud olmayan, rayonun iqtisadiyyatını onlayn rejimdə əks etdirən Texniki Yaradıcılıq Mərkəzi məhz böyük inkişafın nəticəsi idi. 1993-cü ilin işğal dövrünə qədər Ağdamda azad rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülmüşdür, eyni zamanda ənənəvi Natəvan qızlar bayramı, Xarıbülbül festivalı, Aşıq Pəri məclisi, Çövkan idman yarışmasına ev sahibliyi Ağdama məxsus idi, təbii ki, bu tədbirlərin keçirilməsində rayon mədəniyyət və idman şöbələrinin, rayon ictimaiyyətinin xüsusi rolunu qeyd etməliyəm.
Ağdamda istehsal olunmuş məhsullar bir sıra xarici ölkələrə ixrac edilirdi. Xüsusi dizayn və milli arxitekturanı özündə əks etdirən rayonun Əmək sarayında xarici ölkələrdən mal mübadiləsi əsasında alınmış dəyərli məhsulların rayonun zəhmətkeş insanlarına paylanmasının iştirakçısı və şahidi olmuşam, bu da güclü iqtisadiyyatımız sayəsində mümkün olmuşdur.
Ağdamda ziyalı təbəqəsi, idarəetmə strukturunda çalışan insanlarımızı xatırlayarkən necə böyük potensiala malik olduğumuz heç vaxt unudulmur. Adbaad qeyd etməsəm də - heç kim bundan inciməz -, bildirməliyəm ki, ağsaqqal sözlərinə hörmət var idi, böyük-kiçik yeri bilinirdi, qabaqcıl təsərrüfatçılar, orden və medallarla təltif edilmiş, fəxri ad daşıyıcıları, elm, mədəniyyəti təmsil edən mənəvi, iqtisadi zəngin ağdamlılar indi də gözüm önündə canlanır, onları xoş, qürur hissləri ilə xatırlayıram. Zəngin mənbəyə söykənərək qərar verməyi, böyük axtarışlar sistemində saf-çürük etməyi bacaran şəxsiyyət fenomenində Ağdamın çox dəyərli insanları olmuş və bu gündə vardır. “Xalqı yaşat, onun qəlbində yaşa” ideyasını ideallaşdırmağı bacaran doğma torpağımızın fədakar insanları ilə həmişə fəxr etmişəm, həyat amalıma bu münasibətləri daxil etməyə çalışmışam, düşünürəm ki, bu fikirlər hər birimizi torpağa, vətənə bağlamaqda xüsusi rol oynayır.
Yaxın dövrümüzdə məclislərdə, müxtəlif tədbirlərdə Qarabağ, onun dilbər guşəsi Ağdam haqqında arzularımız bu olurdu ki, işğala məruz qalmış yurd yerlərimiz azad olunsun, doğma ocağımıza qayıdaq. 2020-ci ildə qazandığımız qələbə nəticəsində biz tam azadlığımıza qovuşmaq üzrəyik, Qarabağ - Ağdamdan danışırıq. Qarşımızda duran əsas vəzifə isə doğma Ağdama qovuşmaq, ona xidmət etməkdir - bundan böyük, şərəfli, müqəddəs arzu ola bilərmi?!
Həyat, yaşadığımız dövr bizə vəd edir ki, dünyagörmüş insanları digərləri ilə bərabər səviyyədə tutmaq olmaz, insanlar arasında ən yaxşısı da başqalarına həyat, xeyir verənlərdir. Təəssüf ki, mövcud potensiala malik olan adamlarımızı hələ də lazım olan istiqamətlərə yönəldə bilmirik və ya vaxtı çatmış məsələlərə cəlb edə bilmirik, hansı ki, çox vacib, vaxtı çatmış məsələlərdən hesab edirəm. Uzun illər ərzində ictimai-siyasi münasibətlərə kölgə salan baxışlara yenidən, müasir reallıq baxımından yanaşmağın, zənnimcə, vaxtı çatmışdır, bir çox taleyüklü məsələlərin həllində neqativlərin ümumi işimizə necə xələl gətirdiyinin də şahidi olmuşuq.
Rayonlarımızın işğalından sonra yerli əhalinin müxtəlif baxışları, davranışlarında da dəyişiklik yaranmışdır, lakin çalışmalıyıq ki, tarixi mənsubluğu, mənəvi dəyərləri əks etdirən xüsusiyyətləri özümüzdə həmişə saxlayaq.
Tanrının böyük məhəbbət sahibi olduğunu, bəndənin sevgi ilə yaradıldığını, insanların qüsursuz olduğunu bildiyimiz üçün torpağı, bir-birini hörmət və məhəbbətlə sevmək, qarşılıqlı münasibətləri qorumaq, onu daha da möhkəmləndirmək mühüm amillərdəndir.
Əcdadlarımızın, əzizlərimizin vaxtilə yaşadığı Ağdamda hazırda bərpa-quruculuq işləri geniş vüsət almışdır. Taleyimizə - tariximizin düyünlərinə görə ayrı-ayrı adamları, yerlilərimizi qınamaq istəmirəm. Adı özündən, özü adından böyük olan Qarabağı - Ağdamı, bu gün sürətlə gözəlləşən, bərpa olunan, beynəlxalq tədbirlərin mərkəzinə çevrilən, mədəniyyət paytaxtımız Şuşanı vaxtilə itirsək də, indi bu torpaqlardan şər qüvvələr qovulmuşdur. İndi Qarabağ təkcə ərazi vahidi deyil, bütöv Azərbaycan xalqının and yeridir, şəhidlərimizin qanı ilə suvarılmış müqəddəs torpağımızdır, hər bir Azərbaycan vətəndaşının ocağıdır.
Doğma torpaqlarımıza artıq yollar açılmışdır, əsl sahibləri yurd yerlərini ziyarət edirlər, böyük, ləyaqətli qayıdış ərəfəsindəyik. Torpaqlarımızda "Qarabağ şikəstəsi" səslənir. Şuşamızdan bütün dünyaya muğamlarımız yayılmaqdadır. Bu qoca dünyaya indi cavan, qürurlu Qarabağ - Ağdam gəlir və həyatımızın daimi məkanına çevrilməkdədir.
Uğurlu başlanğıc yaxşı nəticələr verər. 2021-ci il mayın 28-də - möhtərəm Prezident İlham Əliyev Ağdamda təməlqoymada iştirak etdi. Belə bir deyim var ki, nəticəsi şadlıq olan qəmi qəm hesab etmə. Ağdamda, bütöv Qarabağda nə qədər şəhidlərimiz olsa da, keçilmiş yol əsl qəhrəmanlıq məktəbidir, örnəkdir, qürur və şərəfin ünvanıdır.
Xəyalımda olan və yeni qurulan Ağdamla üzbəüz dayanmışıq, biz vətənə qayıtmağa hazırlaşırıq. Nə qədər qüssə-kədər dolu illər yaşamışıqsa da, Ağdama qovuşmağımız bizlərə sevinc hissləri yaşadacaq, bu hisslər hər zaman üstünlük təşkil edəcəkdir. Xeyrin şər üzərində qalib gəldiyi gün isə Tanrı dərgahında ən uca zirvə hesab edilir!
AĞDAMDA GÖRÜŞMƏK ARZUSUYLA!