26.12.2024, 20:35
AZ EN
15.08.2023, 10:00

Keçmişin ağrıları, bu günün xoş anları

Sabit ƏZİMOV

  • Bu köç çox uzun müddət davam etdi, baxmayaraq ki, bizlər bunu istəmirdik. Nə vaxtsa hansısa ünvana yollanaraq doğma ocağımızdan kənarda səfərdə olardıqsa, yenə də evimizə dönməyə çalışardıq və istəyimizə çatardıq. Amma bu dəfə köç arzumuza uyğun deyil, məcburən oldu. Bütün maddi məxsusluğumuzu bir anın içərisində itirdik, yalnız mənəvi yükümüzü özümüzlə daşıdıq, əslində, get-gedə gözlərimizdən də hiss olunurdu ki, mənəvi yükün qədəri azalırdı, naümid hisslər əlimizi hər yerdən üzürdü, ədalətsiz yanaşmalar bizləri qane etmirdi.
  • İtirdiklərimizin miqyası o qədər böyük oldu ki, hətta sabaha olan ümid çırağının da özünə etibar, istinad qalmırdı.

Nədən belə bir dövrü yaşadıq, bunu qismət adlandırmaqla hər şeyi sığortalaya bilərikmi? Əsla yox!

Mənfur düşmənlərimizin xalqımıza qarşı yüzilliklər boyu hazırladığı məkrli planlar, zamanın imkan verdiyi dövrdə planlı şəkildə xəyanətkar niyyətlərini həyata keçirmək arzuları, fitnələri, Azərbaycan torpaqları hesabına böyük Ermənistan yaratmaq cəhdləri ən yaxın tariximizdə həmişə olmuş, havadarlarına arxalanan ermənilər məqsədli şəkildə soyqırımlar, terrorlar törətmiş, separatçı hərəkətlərindən əl çəkməmişdilər. Humanist xalqımız isə erməni fitnə-fəsadının nəticələrini bir çox hallarda unutmuş, üstündən keçmişdi. Belə halların qarşısının alınması üçün cavabdeh şəxslər tərəfindən qabaqlayıcı tədbirlər görülməmiş, baş vermiş neqativlərin aradan qaldırılması məqsədilə tədbirlər ya gec olmuş, ya da nəticəsiz qalmışdır. XIX əsrin əvvəllərində xanlıqların ləğvi, Azərbaycanın iki yerə bölünməsi, dilbər guşəmiz olan Qarabağımıza ermənilərin köçürülməsi, XX əsrin əvvəllərində azərbaycanlıların ermənilər tərəfindən bir neçə dəfə soyqırıma məruz qalması, İrəvan və Zəngəzurun Azərbaycandan qoparılaq Ermənistana verilməsi – bu ərazilərdə erməni dövlətinin yaradılması - bir daha təsdiq edir ki, böyük potensial, insan resursları və coğrafi əraziyə malik xalqımıza qarşı məkrli fəaliyyət dairəsi məqsədli xarakter daşımış, bu sahədə çarizm və sonrakı dövrdəki qurumlar eyni düşüncə və strategiya ətrafında birləşmişlər.

Tariximizin ən yaxın səhifələrinə nəzər saldıqda, yuxarıda qeyd etdiyim fikirlərin davamı olaraq, 1988-ci ildən bu günə kimi davam edən erməni separatizmi, Ermənistan dövlətinin beynəlxalq hüquq normalarını kobud pozması və saya salmaması nəticəsində bir milyona yaxın insanımız, doğma yurd yerlərindən qaçqın və məcburi köçkünə çevrildilər. Əvvəldə qeyd etdiyim kimi, hüquqlarımız pozuldu, beynəlxalq normada qəbul edilmiş insan haqları konvensiyaları vətəndaş, mülkiyyət hüquqlarımızı qoruya bilmədi, ikili standartlar əsasında acı mənzərələr yarandı. Bax, elə buna görə də uzunmüddətli köç baş verdi ...

Yaşadığım rayon, iş fəaliyyətim əsas verirdi ki, ərazidə baş verən hadisələr müstəvisində məlumatlı olum. Fikrimcə, müəyyən qədər məlumat bazamızın olması hadisələrə mövqe sərgiləmək, təsir etmək imkanı yaradırdı. Lakin o dövrlər üçün səciyyəvi olan xüsusiyyətlərdən biri də milli münasibətlərin qızışdırılmasına yol verməmək hesab edilirdi. Buna baxmayaraq, Xankəndində yaşayan ermənilər mərkəzi hakimiyyət orqanları, xaricdə yaşayan erməni lobbisi və SSRİ adlanan böyük birliyin süqutuna plan hazırlayan qüvvələrlə əməkdaşlıq edərək Azərbaycan torpaqlarının böyük hissəsini Ermənistana birləşdirmək istəyirdilər.

Keçmiş vilayətin ərazisində konstitusion hüquqlarımız erməni vətəndaşlarımız, dövlət qurumları tərəfindən pozulmağa başlayarkən qətiyyətli tədbirlərin görülməsində respublikamızın rəhbər orqanlarının fəaliyyətsizliyi dəfələrlə tənqid edildiyi üçün bu məsələyə xüsusi toxunmağı ehtiyac bilmirəm, lakin bir məsələ üzərində dayanaraq qeyd etməliyəm ki, zamanın diqtə etdiyi və baş verən proseslərə qarşı ayıqlıq, siyasi uzaqgörənlik nümayiş etdirmək idarəedici şəxsin, siyasi hakimiyyət təmsilçisinin ən yüksək keyfiyyətləri hesab edilməlidir. Köçkünlüyə səbəb ola biləcək vəziyyətə cavabdehlik daşıyan xüsusi qurumların fəaliyyətsizliyi isə hamımızın gözünün qabağında idi, hətta xalq hərəkatı, könüllü müdafiə qüvvələri və digər birliklərin yalnız şəxsi müstəvidə fəaliyyətləri, düşüncə tərzləri ümumi məqsədləri uzlaşdırmaq qabiliyyətinə, dayağa malik deyildi...

Köçkünlük üçün zəmin yaradacaq halların aradan qaldırılması üçün nə qədər təşəbbüs, ardıcıl fəaliyyət mexanizmləri göstərsək, hazırlasaq da, bir çox hallarda nəticəsiz qalırdı. 1991-ci il dekabr ayında Ağdam-Xocalı yolunun açılması istiqamətində yerli özünümüdafiə batalyonları ilə birlikdə rayon rəhbərliyinin həyata keçirdiyi uğurlu əməliyyat planını kim dayandırdı?

Bu gün çox böyük əhəmiyyəti olan məsələlərdən biri də Ağdam - Xankəndi - Şuşa yolunun açılmasıdır, mütləq şəkildə buna nail olmalıyıq! Bir məsələni dəqiq deyə bilərəm ki, işğala məruz qalan, hərtərəfli inkişaf etmiş Ağdam rayonunda 1988-ci ildən 1993-cü il işğal dövrünə qədər rayon rəhbərliyi əsassız olaraq bir neçə dəfə dəyişdirilmiş, aparat işçilərinə qarşı münasibət və yanaşmada yanlışlığa yol verilmiş, eyni zamanda kadr potensialı idarəetmə təcrübəsi zəif olanlarla əvəzlənmişdir, hətta rəhbər kadrların o dövrün tələbləri qaydasında plenum qərarı ilə seçilməsi və RİH başçısının sərəncamla təsdiq edilməsi qaydaları kobudcasına pozulmuşdur.

Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa-quruculuq işlərinin geniş vüsət aldığı bir dövrdə azad edilmiş rayonlarımızda vaxtilə çalışmış insanlarımızın arzuları, hüquqlarının bərpası nəzərə alınmaqla aktiv fəaliyyətlərinin təmin edilməsinə xüsusi yanaşmanın vaxtı çatmışdır. Fikrimcə, vətən torpağı qarşısında məsuliyyət və borcun ödənilməsində hər birimiz cavabdehlik daşımalı, iqtisadi və digər layihələrin həyata keçirilməsinə dəstək verməliyik. Bəzən uzun illər keçdikdən sonra rayonlarımızda baş vermiş məsələlərə bu cür yanaşmağa görə fərqli, hətta gecikmiş rəy düşüncəsi yarana bilər, lakin unutmaq lazım deyil ki, keçmiş respublika rəhbərliyindən tutmuş yerli hakimiyyət orqanlarındakı bir çox qabiliyyəti olmayanların fərsizliyi - belə adlandırmaq xalq dilində daha doğru olar - torpaqlarımızın işğalına şərait yaratdı, hakimiyyət çəkişmələri, xarici separatçı qüvvələrin ölkə ərazisində parçalayıcı hərəkətləri stabilliyi tam olaraq pozdu, anarxiya baş alıb getdi, bu da ciddi səbəb olaraq köçkünlük həyatı yaşamağımıza şərait yaratdı. Prezident İlham Əliyev bu mövzuyla bağlı çıxışlarında işğal faktının yaranmasında siyasi kor idarəetmə rəhbərlərinin xəyanətkar mövqeyini xüsusi qeyd etmişdir.

Doğma ocaqlarımızdan məcburi köçkün düşmək, ardıcıl olaraq rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması elə bir fəlakət yaratmışdı ki, yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı nəticəsində Müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və əbədiliyi təmin edildi, onun xalqın gücünə olan böyük inamı, vətən sevgisi bu günümüzə gəlib çıxmağımıza səbəb oldu – bu, birmənalıdır!

Köçkünlük həyatımızın ilk illərində hansı səfalətə məruz qaldığımızı yaxşı xatırlayıram, öz cismini erməni terror birləşmələrinin əlindən xilas edən insanların nəyi var idi ki? Dəmiryol xətlərinin üzərində olan vaqonlar, təmirsiz ictimai binalar, yarımçıq tikililər, uşaq bağçaları, məktəblər, palçıq-qamış materialından hazırlanmış kərpic evlər, çadırlarda məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyəti o qədər dözülməz həddə çatmışdı ki, insan həyatı üçün heç bir tələbləri ödəməyən bu yaşayış yerləri, əslində, gün ərzində çətin yaşayışı təmin edirdi və sabaha olan ümidi ödəmirdi. Nə qədər insanımız bu şəraitdə dünyasını dəyişdi, vətən həsrətinə dözə bilmədi?! Rahat mənzilindən birdən-birə belə şəraitə düşərək yaşamağa vərdiş etmək asandırmı? Köçkünlük həyatımız yalnız torpaqlarımızın işğalı ilə məhdudlaşmadı, iş şəraitimizi itirdik, maddi vəsaitlərimiz, əmlakımız ermənilər tərəfindən talan edildi, tarixi-mədəniyyət abidələrimiz vandalizmə məruz qaldı, doğma torpaqlarımıza - dövlətimizə layiqincə xidmət etmək arzumuz yarımçıq qaldı, belə demək mümkündürsə, gözümüz görə-görə bir ömür yolunu itirdik. Bütün bunlara görə hələ də beynəlxalq müstəvidə hüquqlarımızı tapdalayan Ermənistan dövlətinə qarşı tədbirlər görülməmişdir. “İtirdiklərimizin mənəvi və maddi kompensasiyası necə ödəniləcək, bu məsələnin icrasını təmin etmək kimin üzərində qalacaq?” sualına hələ də bir cavab yoxdur. Bu günümüzdə də hələ ərazimizdə yaşayan separatçıların tör-töküntülətinin müxtəlif siyasi çağırışlarla dünya ictimaiyyətini yalan və böhtanlarla aldatmaq cəhdləri səngiməyib. Dövlətimizin ərazi bütövlüyünü siyasi alver predmetinə çevirmək istəyənlər isə öz cəzalarını alacaqlar!

Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə bütün varlığı ilə inanan, ömrünün qalan hissəsini xalqına bağışlayan Ulu Öndərimiz Heydər Əliyev bütün dövrlərdə məcburi köçkünlərə qarşı həssaslıqla yanaşdı, sosial şəraitin yaradılması, yaşayışın təmin edilməsi istiqamətində mümkün variantlardan səmərəli istifadə edilməsi üçün zəruri tədbirlər həyata keçirdi. Bütün dövrlərdə məcburi köçkünlərlə keçirilən görüşlərdə ümid hisslərimizi möhkəmləndirdi, bütün dövlət qurumları, vətəndaş birliyi təşkilatları qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılmasına yönəldildi, geniş yerlərdə köçkünlər üçün yeni qəsəbələrin salınması ilə bağlı dövlət proqramları uğurla yerinə yetirildi. Qeyd etməyi zəruri hesab hesab edirəm ki, bilavasitə Heydər Əliyevin xarici ölkələrin diplomatik qurumları, supergüc dövlətlərin rəhbərləri ilə görüşlər keçirib Azərbaycan həqiqətlərini çatdıra bilməsi nəticəsində bir çox əsaslı məsələlərin təməli qoyuldu, siyasi-iqtisadi sahədə “Əsrin müqaviləsi” ilə başlanan, bugünkü uğurlarımıza səbəb olan beynəlxalq layihələrin həyata keçməsinə tam şərait yaradıldı. İqtisadi səviyyədə güclənən Azərbaycanımızın uğurları həm ölkənin qüdrətini, həm də dünyamiqyaslı nüfuzunu artırdı, eyni zamanda, məcburi köçkün olmuş vətəndaşların - hər birimizin həyatında əsaslı dönüş yaratdı.

Hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərkən cənab İlham Əliyevin dediyi “Bir nəfər də qaçqın və məcburi köçkün çadırlarda qalmayaraq, yeni üslubda tikilmiş yaşayış evləri ilə təmin olunacaq” sözləri çox uğurla həyata keçirildi, yeni yaşayış kompleksləri istifadəyə verildi, yurd həsrətli insanlarımız mənzillərlə təmin olundu. Zaman keçdikcə qəlbimizin dərinliyində kök salmış vətən həsrətinə son qoyulduğu gün - 2020-ci ilin 8 noyabr Qələbəsi isə uzun illər ərzində davam edən məcburi köçkünlüyü yaradan səbəbi aradan qaldırdı: torpaqlarımız işğaldan azad edildi, bütövlükdə xalqımızın həyatında yeni şanlı bir tarixin əsası qoyuldu. Qarabağımızın azadlığa qovuşması üçün Ulu Öndərin ata vəsiyyətini övladı - Prezident İlham Əliyev ağıl və sərkərdələrə məxsus qabiliyyətlə həyata keçirdi. 44 günlük müharibə nəticəsində bütün xalqımız vahid birlik nümayiş etdirdi, Müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli Azərbaycan Ordusunun müasir müharibə aparmaq qabiliyyəti dünya hərb tarixinə yazıldı və yeni dünya hərb modelinin formalaşmasında da böyük rol oynamaqdadır. Zəfərin qazanılması ilə biz məcburi köçkünlərin həyatında yeni bir dövrün başladığını gördük. Bəli, çox gözlədik, mübarizə apardıq, ən başlıcası isə torpaqlarımızın azadlığına nail olduq. Qərbi Azərbaycandan da qaçqın düşən azərbaycanlılarımızın yurd yerlərinə qayıdacağı gündəmdədir.

Artıq biz doğma yurd yerlərimizə qayıdırıq, Zəngilanın Ağalı kəndinə, Tərtərin Talış kəndinə, Suqovuşan qəsəbəsinə, Laçın şəhərinə və kəndlərinə, azad olunmuş şəhər və kəndlərimizə ləyaqətli qayıdışa başlanmışdır. Şuşa, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd şəhərlərində də bərpa-quruculuq işləri davam etdirilir. Şöhrəti bütün dünyada mövcud olmuş, vətənpərvər insanların vətəni - mənim Ağdamım da işğaldan azad edildikdən sonra tarixi şöhrətini və qürurunu bərpa etməkdədir. 2021-ci il May ayının 28-də təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyevin təbirincə desək, yeni üslubda qurulan Ağdam dünyanın ən gözəl şəhərlərindən biri olacaqdır.

Hər gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hüquq və səlahiyyətləri çərçivəsində köçkünlərimizin ləyaqətli qayıdışının təşkilini gördükcə qəlbimizdə böyük sevinc hissləri yaşayırıq, köçkünlük həyatımızla bağlı çətinliklərimizin tam arxada qaldığını görürük. Bir zamanlar müsibətlərə məruz qalmış vətən övladları doğma ocaqlarına qayıdırlar. Bundan da gözəl nə ola bilər?

Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq arzulayıram.

Uzun illərin həsrətindən sonra azad edilmiş torpaqlarımıza qovuşmaqdan ali hiss ola bilməz!

Ağdamda görüşmək arzusu ilə!