26.12.2024, 20:45
AZ EN
09.08.2023, 11:10

Dostun varsa, ən zəngin adamsan!

Sabit ƏZİMOV

  • Dünya həyatı və insanlıq, milyon illər ərzində mövcud olan, yenilənmiş, inkişaf edən canlı varlıqların məlum yaşayış məskəni olan Yer kürəsi haqqında nə qədər danışılmış və yazılmış olsa belə, hələ də bir çox məsələlər sirr olaraq qalır, əbədi olmayan dünyamızda mövcud reallıqlara söykənərək həyatımızı davam etdiririk.

Nə qədər dünyəvi dəyərlər qazanıb, arzularımız istiqamətində mübarizə aparsaq da, bir çox hallarda qəlb rahatlığımızı təmin edəcək sirdaş axtarırıq, bu zaman ailə dəyərləri ilə yanaşı, əqidə, məslək, ədalət, səmimiyyət, etibar, təmənnasızlıq, xoş münasibət, sədaqət və sair keyfiyyətləri özündə cəm edən Dosta ehtiyacımız olur, bu adı şərəflə qoruyanlarla şəxsi məsələlərdə tən ortaqlıq nümayiş etdirə biləcək keyfiyyət daşıyıcısı olmağa çalışırıq.

Təbii ki, söhbətin nədən getdiyi hər birinizə aydın oldu. Elə bu sətirin ardınca qeyd etməliyəm ki, hər bir sözün daşıdığı məna və məzmun nə qədər qiymətli olsa da, Dost sözünün ağırlığı, zənginliyi dilimizdə olan, münasibətləri tənzimləyən ifadələrdən çox fərqlənir və müqayisə edilmir. Odur ki, “dostun varsa, ən zəngin adamsan” ifadəsi, əslində, bu sözün ən üstün dəyərlərə xas olmasının təsdiqidir.

Yəqin edirəm ki, çoxlarımız keçmişə səyahət edərək sözün bütövlüyü baxımından Dost münasibətinin möhkəm təmələ söykənməsi haqqında yaşadığımız həyatdan, bədii ədəbiyyatdan, digər nümunələrdən çoxlu misallar gətirə bilərik, eyni zamanda, mövcud reallıqların diqtəsi və bu sözü dəyərdən salan məziyyətlərin yaratdığı əksiklik hallarına da rast gəlirik. Lakin hansı situasiya olursa-olsun, Dost dediyimiz insana qarşı münasibətlərimizi qoruyub saxlamağı bacarmalıyıq. Xırda da olsa, ona ləkə vurmaq olmaz. Dost və dostluq haqqında həyat nümunələrinə çevrilmiş insanlarımızı yaxşı tanıyırıq, eşidirik, görürük, müdriklik tərəzisində özünü doğrultmuş insanların tövsiyələri də çox vaxt köməyimizə çatır. Fərdi istiqamətə toxunmadan, regionda, bütünlükdə yer kürəsində qarşıdurmaların başında gələn, itirilmiş dəyərlərin törətdiyi ziddiyət - antiinsani münasibətlərin kökündə də dost münasibətlərində olan nöqsanların mövcudluğudur, bunun nəticəsi kimi dünya miqyasında olan müharibələr, bir-birinə qarşı soyuq münasibətlər, yersiz rəqabət və çəkişmələr, şəxsi maraqlara görə insani dəyərlərə hörmətsizlik, ikili standartlar xüsusi yer tutmaqdadır. Əlbəttə ki, bütün neqativlərdən kənarda olaraq dostluğu qorumaq, sədaqətlilik prinsiplərini üstün dəyərlərə çevirə bilmək çətin olduğu qədər də şərəflidir!

Uzun illərin sınağından çıxaraq başlanan dostluq həmişə möhkəm olur, riyakarlıq, saxtakarlıq bu əlaqədən tamamilə kənar olur. Lakin bu da təsdiq olunur ki, həyat təcrübəsi və düzgün olmayan seçim zamanı ciddi fəsadlar yaranır, hətta dostluq münasibətləri qırılır və ya əksinə, sınağa məruz qaldığı dövrdə möhkəmlənir. El arasında yayılmış misallardan birində deyildiyi kimi 'həqiqi dostluq üçün nə qədər duz-çörək yeməlisən”.

Yaşadığım ömür illərini vərəqlədikcə çox insanlarla dostluq etdiyimi mənəvi sərvətim hesab edirəm, əlbəttə ki, çox dosta malik olmaq da asan deyil. İndiki və gələcək nəsillərə örnək yarada biləcək, dost sözü ilə sıx əlaqəsi olan keyfiyyətləri qoruyub saxlayaraq nümunə kimi təqdim edə biliriksə, əslində bu, insanlıq - cəmiyyət qarşısında borcdur, rəmzidir. İnsan tərbiyəsi, paklıq, səxavətlilik, kamillik kimi xüsusi tələb olunan cəhətlər məhz dostluğun ehtiyac bildiyi mənəvi daşıyıcılardır. Nə xoşbəxt insan olasan ki, bu keyfiyyətləri özündə cəm edə biləsən, tərəf hesab etdiyin dostluğu zənginləşdirəsən.

Bu bir həqiqətdir ki, gənclik illərində möhkəm təmələ söykənən dostluq münasibətləri heç vaxt unudulmur, hətta formalaşaraq qarşılıqlı ailə münasibətlərinin də inkişaf etdirilməsində müsbət rol oynayır. Dost sözünü yerə salmaq olarmı? Böyük tarixi şəxsiyyətlərin də həyatda qazandığı uğurların başında dostluq münasibətlərinin böyük rolu olmuşdur və bu günümüzdə də belədir. Ciddi bir məsələni saf-çürük edərək gücün kifayət etmədiyi zaman məsləhətə ehtiyac, ağıllı çıxış yolu tapmaqda dostun necə böyük qüvvət olduğuna şübhəmiz yoxdur.

Bəzən də elə olur ki, uzun illər dostluq etdiyin şəxs maddi və vəzifə mənsubluğu qazandığı zaman sürətlə dəyişir, uyğun prinsipləri qorumadığı məlum olur. Çox keçmədən “intellekt” səviyyəsi hərislik güdazına yuvarlanır, dostluq rəmzləri tapdalanır - acı reallıq baş verir, belə hallar isə dostluqda qəbuledilməzdir.

Sınaqdan çıxmış müdrik misallar var:

-Dost yolunda boran olar, qar olar.

-Dost min isə azdır, düşmən bir isə çoxdur.

-Dost tapmaq, xəzinə tapmaqdır.

-Dostluq alınmır, qazanılır.

-Dostu tapmaq çətin, itirmək asandır.

-Hər şeyin təzəsi, dostun köhnəsi.

-Dost sənin ikinci özünsən.

Belə misallar çoxdur, əsas odur ki, əməl edək, dostluq tellərini qırmayaq.

Sosial şəbəkələr vasitəsilə qazandığım, tanıdığım dostlarla fikir mübadiləsi edərkən nəyin düz, səhv olduğuna rəy bildirirsiniz, əlavələrinizlə də söhbətlərə zənginlik gətirirsiniz. Həyatımızın daha maraqlı olması, paylaşımlarıma rəy bildirdiyinizə görə Sizlərə - dostlarıma olan hörmət və ehtiramımı qəbul edin.

Yaxşı ki, varsınız!