Torpaqlarımızın işğaldan azad olunması, dağıdılmış şəhər və kəndlərimizdə geniş quruculuq işlərinin aparılması nəinki bugünə və gələcəyə, keçmişə də öz təsirini göstərir. Elə bil günəş fərqli yerdən, həm də daha gur işıqla çıxıb və rəngləri bizə daha aydın göstərir. Əvvəl 90-cı illərin ağır itkiləri hamımıza finalı görünməyən qorxulu yuxu kimi gəlirdi. Hər şey havadan asılı qalmışdı. Ümidimiz ölməmişdi, onu itirmişdik. Sizə deyim, bəzən itirmək, ölümdən daha əzablıdır. Ümid ölübsə, hər şeydən əlini üzüb sakitcə oturursan, itibsə, ömrün tikan üstündə keçir. Axı itənin bir gün tapılma ehtimalı var. Əslində, bu ehtimal özü də bir ümiddir, lakin otuz il uzanırsa məşəqqətdir...
Bəli, indi 90-cı illərin məşum hadisələri eynən nağıllarımızdakı nikbin finala doğru inkişaf edən süjeti xatırladır. Biz başımıza gələndən baş çıxara bilirik. Hadisələri daha dərindən anlayırıq.
Mən siyasətçi deyiləm. Müharibə və diplomatiyadan da mütəxəssis kimi danışmaq iddiam yoxdur. Lakin bir həqiqəti bütün çılpaqlığı ilə bilirəm: 44 günlük müharibə bizim qədər ermənilərə də lazım idi. Hətta bəlkə bizdən də artıq...
Sirr deyil ki, mütərəqqi Qərbin çox həssas yanaşdığı insan haqları məsələsi Qarabağda konflikt yaratmaq istəyən, necə deyərlər, çörəyi bu qarşıdurmadan çıxan qüvvələrin əlində bir alətdir. Guya bu adamlar Qarabağdakı ermənilərin halına acıyır, onlara kömək etmək istəyirlər. Halbuki problemi yaradan humanist libasa bürünmüş mperialist qüvvələrin özüdür.
Yutubda bir material var, “Qara polkovnik” ləqəbi ilə tanınan Fətulla Hüseynov Daxili İşlər Nazirliyinin nümayəndəsi kimi Qarabağa gəlir, ermənilərlə görüşür, onları öz sərt sözləri ilə münaqişədən çəkindirməyə çağırır. Sizi inandırım, istənilən xarici mütəxəssis bu beş-on dəqiqəlik materiala baxsa, məlum konfliktin necə yarandığını açıq-aydın görər.
Şəxsən mən bu kadrlara ilk dəfə baxanda polkovnik mənə çox sadəlövh görünmüşdü. Çünki o, xarici havadarlara arxalanıb ölkəmizi bir-birinə vuran erməniləri qanunun dili ilə hədələyirdi, deyirdi, niyə dinc oturmursunuz, biz güc sərf eləmək istəmirik, yoxsa, Allaha and olsun, birinizi də salamat buraxmarıq...
Lakin bu sözlərdən sonra Xocalı qətliamı baş vermişdi, Şuşa, Laçın işğal olunmuşdu, ardınca neçə rayonumuz getmişdi...
Videomaterialda ermənilərin demədiyi cavabı eşidirdim: Bizə heç nə edə bilməzsiniz!
Doğrudan da zaman hər şeyi həll etmək iqtidarındadır.
Sən demə, edə bilərmişik!
Sən demə, 44 günün içində Lələtəpədən Şuşayacan əfsanəyə bənzər döyüş yolu keçərmişik.
Xankəndidə bizə tərəf əsib-sovuran separatçılar qaçıb bunkerlərdə gizlənərmiş...
Mənə görə, Şuşaya üçrəngli bayrağımızın taxılmasından sonra gördüyümüz, görə bildiyimiz ən mühüm iş Laçın post-məntəqəsinin qurulmasıdır. Bu tarixi hadisə ərazi bütövlüyümüzün və suveren haqqımızın qarantıdır. Doğrudur, Qarabağda hələ də Ermənistana aid silahlı qüvvələr var, Xankəndi hələ də qanunlarımıza tabe olmur, lakin biz vətən torpağını qucaqlaya bilmişik. Bakının Kəlbəcərdən uzanan əli ilə Qubadlıdan uzanan əli Laçın post-keçid məntəqəsində bir-birinə qovuşub. Biz Qarabağda otuz ildir gurhagur yanan alovu qucağımıza ala bilmişik. İndi o münaqişə zonasının hər tərəfində biz varıq. Yanğını tam söndürmək üçün onu əvvəlcə təcrid etməli, sonra məhdudlaşdırmalısan. Biz bunu bacarmışıq. Alovların tamam sönməsinə az qalıb. Hətta bu vəziyyətdə dayanıb heç nə etməsək də, o şər tonqalı öz-özünə səngiyəcək. Çünki başqa çıxış yolu yoxdur.
Bir xalqın ən böyük faciəsi nağıllar aləmində yaşamasıdır. Erməniləri inandırmışdılar ki, tezliklə Böyük Ermənistan qurulacaq, türklər Qafqazdan çıxıb gedəcək. “Ohanyan səddi” keçilməzdir və işğal əbədidir. Hətta özünü demokrat adlandıran Nikol Paşinyanın da bir çıxışı vardı – Azərbaycan ordusu nəinki Ermənistan, heç “Arsax” ordusu ilə də bacarmaz...
Adam xalqına bu boyda yalan satarmı? Və haracan? Axı gec-tez haqq-hesab günü gəlib çatır və bütün yalanlar sabın köpüyü kimi dağılır.
Bugünlərdə cani Vaqif Xaçatiryanın həbsi olunması da erməni xalqı üçün çox ibrətamizdir. Baxıram, gənc qızı var, mikrofonların qarşısına çıxıb ağlayır. Göz yaşlarına anan qurban! Bizdəki də göz yaşı idi, hamam suyu deyildi! Deyirsən, atam erməni xalqının simvoludur. Görünür, ya atanın kim olduğunu bilmirsən, ya da yalan danışırsan. Bir xalqın simvolu Xaçaturyandırsa, daş o xalqın təpəsinə!
Uşaq qatili... Gücünü yaşlılara, qadınlara göstərən bir zavallı... Post-keçid məntəqəsində gözlərinin içinə diqqətlə baxsaydı çox şey görərdin. Görünür, bu haqda qızına heç nə danışmayıb. Hələ də dəhşətli yalanlarla əhatəsindədirlər.
Zavallı sözünü elə belə işlətmədim. Orta məktəb uşağını yandırmaq dünyanın heç bir əxlaqına, hətta müharibə əxlaqına da sığmır. Adam döyüşər də, ölər də, öldürər də. Azyaşlı uşağı yandırmağın adı şərəfsizlikdir, döyüşmək deyil. Qarşı tərəf silahsızdırsa, köməksizdirsə, müharibə aparmırsa və bu silahsız, köməksiz, müharibə aparmayan insanlar ucdantutma qətlə yetirilirsə, söhbət müharibədən yox, soyqırımından gedir Müharibə cinayətindən gedir. Qatillikdən gedir.
Görəsən, Xaçaturyanın qızı o göz yaşlarını nə üçün tökür? Nəyə ümid edir? Erməniləri bizə tərəf nasoslayanlar indi bir caniyə görə silah götürüb Azərbaycanın üstünə gələcəklər? İcazə verin gülüm! Gəlməyəcəklər!
Aldanmağa davam etməyin.
Gerçəkləri, nəhayət, öyrənin.
Şəxsən mən gözümü açıb evdə uşaq yandıran bir ata görsəm, ondan tərəddüd etmədən imtina edərəm. Əks halda mən də necəsə, nə cürsə o qətlin iştirakçısıyam.
Azərbaycan bütün addımlarında beynəlxalq qanunlara sadiqdir. Dünya ala gözümüzə aşiq deyil. Sadəcə ədalətli mövqeyimizi qəbul etmək məcburiyyətindədir. Lələtəpədən Şuşaya, Laçına, Kəlbəcərə qədər bir uşağa, bir qocaya, bir qadına güllə atmadıq. Əgər biz də soyqırımı törətsəydik, indi Xaçaturyan da yox idi, onun mikrofonlar qarşısında ağlayan qızı da.
Bu yaxınlarda Allah bilir neçənci ildönümünü kütləvi şəkildə qeyd etdiyimiz Kərbəla hadisələrindən sonrakı dövrü anladan bir İran serialı var. İmamın qatillərinin və bu qətldə iştirak edənlərin tapılıb cəzalandırılmasından bəhs edir. Təbii, tarixi faktlar əsasında...
Ədalət bir gün mütləq təcəlla edir.
Və bu, həmişə belə olur.
Orta əsrlərdə də, indi də!
Ədalətin təcəllası üçünsə, mütləq ədalətli müharibənin qalibi olmalısan.
Bu mənada 44 günlük zəfər müharibəsi tarixə çox dərslər keçəcək.