13.09.2024, 03:17
AZ EN
22.04.2022, 09:33

Uzaqların əlçatan vaxtı

Şərif AĞAYAR

Əzbər bilinmək şair üçün necə bir duyğudur? Nə zamansa ürəyindən pərvazlanan misraları dodaqdan-dodağa qonan görürsən. Sənin içindən gələn, sənin varlığından doğulan sözlər və fikirlər sonralar hamının mənəvi sərvətinə çevrilir, hər dəfə deyildikcə, oxunduqca səni də yaşadır.

Hansısa yunan müdriki deyirdi ki, xəzinənin öz yerində heç bir dəyəri yoxdur, o, yalnız ehtiyac duyulan şeylərə xərcləndiyi an dəyər qazanır. Deyəsən, söz də belədir. Nə qədər deyilmir, oxunmur, kitabların içində cansız vəziyyətdə qalır və belə deyək, kimsənin “işinə yaramır”. Elə ki, deyilir, oxunur cana gəlir, nəfəs almağa, yaşamağa və yaşatmağa başlayır.

Xalq şairi Ramiz Rövşən deyir, şair yaddaşlarda qaldığı qədərdir. Bu məntiqlə yazımızın bugünkü qəhrəmanını şəksiz-şübhəsiz xoşbəxt şair adlandıra bilərik. Söhbət məşhur el şairi Bəhmən Vətənoğludan gedir. Eynən Səməd Vurğun kimi onun da ən azı bir misrasını bilməyən azərbaycanlı tapmaq çox çətindir. Hətta müəllifini tanımadan bilənlər də var.

Nədir bunun sirri? Ovxarlı ilhammı, axıcı dilmi, səmimiyyətmi? Bəlkə, bütün bunlar da daxil olmaqla çoxlu fərqli komponentlər. Hətta sirli-sehrli səbəblər... Sirr-sehr niyə deyirəm? Şair özü yazanda da hansı misranın, hansı şeirin “xalq sertifikatı” qazanacağını bilmir. Bütün bunlar zamanla məlum olur. Şeirlər də eynən insan kimi müxtəlif talelərlə doğulurlar. Zəif, güclü, şanslı və s. Eləsi var, gözəldir, amma heç vaxt layiq olduğu qiyməti almır, eləsi də var, ortababdır, könüllərdə yuva qurur. Uğurlu şeirlərin sayı artdıqca biz bu uğuru ümumiləşdirib şairin özünə də aid edirik.

Rayonlarımız dalbadal işğal olunan vaxtları hamı təlaş içində bir-birini axtarırdı. Ölən kimdir, qalan kimdir, itən kimdir, kim düşmənin caynağından necə qurtulub, hansı qohum hara düşüb, güzəranı necədir? Təbii, o vaxt əlaqə saxlamağa mobil telefonlar da yox idi. Məcburi köçkünlüyün ən ağır mərhələsi bəlkə də elə bu idi. Ən yaxın insanlar aylarla bir-birindən xəbər tuta bilmirdilər. Hamının gözü axtarır, hamı hardansa soraq gözləyirdi. Bir də o yerlərin tanınmış söz adamları ilə maraqlanırdılar. Görəsən, salamatdırmı? Bəs niyə səsi-sorağı gəlmir? Niyə dərdimizi nəzmə çəkib yanan ürəyimizə su çiləmir.

Heredotun məşhur “Tarix” əsərində çətinliyə düşən yunanlar Delf adasına gedib ordakı məbəddən kömək istəyirdilər. Qəribədir, Delf kahinləri fikirlərini poetik parçalarla söyləyirdilər. Təxminən bizim “Qurani-Kərim” üslubunda. Eşidən adamlar o sözləri yozmağa başlayır, çıxardıqları mənaya uyğun hərəkət edirdilər. Sözləri doğru yozan xoşbəxtliyə çatır, yanlış yozan bədbəxtçiliyə yuvarlanırdı.

Qaçqınlıq və məcburi köçkünlük illərində el şairlərinin şeirləri də Delf kahinlərinin sehrli kəlamları kimi çatırdı insanlara, əvvəlcə böyük bir təskinlik bəxş edir, sonra öz mənası ilə önümüzə işıq salırdı.

Bəhmən Vətənoğlu o illərin unudulmaz simalarından idi. Onun Gəncə şəhərində qələmə aldığı aşağıdakı şeir həmin dövrü çox dəqiqliklə xarakterizə edir:

 

Axşam da qəribdi, mən də qəribəm,

Nələr ürəyimdən keçdi darıxdım.

Zalım ayrılığın kamil ovçusu...

Ox atdı sinəmi deşdi, darıxdım.

 

Nə kövrək saatdı, nə kövrək andı,

Ürəyim təngidi, nəfəsim yandı.

Kəpəzdən bir əlçim bulud boylandı

Xəyal uzaqlara uçdu, darıxdım.

 

Qoy yazım varağı qalmasın ağı,

Kim çəkər həsrəti Bəhmənsayağı.

Çox da müqəddəsdi Gəncə torpağı

Kəlbəcər yadıma düşdü, darıxdım.

 

Şeir Bəhmən müəllimin sinəsindən üzülməmiş dillər əzbəri oldu. Aşıqlar oxudu, qiraətçilər söylədi, azarkeşlər ürəyinin üstündə gəzdirdiyi bloknotun ən hörmətli yerinə yazdı.

Əlbəttə, bu şeir təkcə zamanı yox, Bəhmənin yaradıcılığını da aydın xarakterizə edir, onun dillər əzbəri olmasının sirlərini açır. Əslində açmır, bu sirri ilahi qata qaldırır. Sanki deyir: məni izah etməyə çalışma, oxu, zövq al!

Şairin digər şeirlərində diqqətimizi cəlb edən sənətkarlıq burda da çox yüksək səviyyədədir. Zəngəzurun hana qurulan, xalça toxunan kəndlərində yaşamış insanlara “əlçim” sözünü izah etməyə ehtiyac yoxdur. Yeni nəslin bu sözün mənasını bilməmə ehtimalını nəzərə alaraq deyim ki, “əlçim” təmiz yuyulmuş və didilmiş papaq boyda yun topasıdır. O eynən buluda bənzəyir.  Gəlin, bu qədər dəqiq tapılmış təşbehin bir də Kəpəzdən boylanan variantını xəyalımızda canlandıraq. O buludun bir ucu mütləq Murovun o üzündə, Bəhmənin qoyub gəldiyi doğma yerlərin səmasındadır. Şair Gəncədən görünən bu mənzərə qarşısında heç bir hoqqabazlıq etmədən “Xəyal uzaqlara uçdu, darıxdım” söyləməklə oxucunu daha da mütəəssir edir. Bu xəyal indiyəcən gördüyümüz xəyaldan deyil. O uçmaq da başqa uçmaqdır. Nə qədər bənzəsə də buludun əlçim kimi əlçatmaz olmadığının amansız həsrətidir daha çox. Amma həm də bir ümid parlayır şeirin içindən. O əlçatmaz uzaqlara qovuşmağın gizli sevinci boylanır.    

Bəhmən Vətənoğlunu şərti olaraq Delf kahini hesab etsək, onun kəlamlarının dürüst yozulduğunu düşünməliyik. Kəlbəcər düşməndən azad edilibsə başqa variantımız yoxdur. Və bir də işin sırf rasional tərəfi var: bu otuz ildə o yerləri unudulmağa qoymayanlardan biri də Bəhmən Vətənoğludur. Dillər əzbərinə çevrilən onlarla şeirində Kəlbəcər deyib dad döyüb! Bu səmimiyyət, bu ağrı, bu həsrət mütləq və mütləq göylərin diqqətini cəlb edəcəkdi.

Bəzən düşünürlər ki, torpaqlarımızın azadlığı bu səpkili şeirləri tarixə çevirir. Əvvəla, Bəhmən Vətənoğlu yaradıcılığı yalnız didərginlik mövzusu ilə məhdudlaşmır. O, hələ sovetlər dövründən bütün respublikada məşhur idi. “Haqqa qardaş yaranmışam” və “Allahsız dünya” adlı kitabları da çıxmışdı. Göyçədə, Laçında, Kəlbəcərdə, Qazaxda, Borçalıda şeirləri aşıqlar tərəfindən ifa olunur, toyda-mağarda muğam üstündə oxunurdu. Bəhməni əsl dissident saymaq olar. Çünki Azərbaycanda dissidentlik yalnız el ədəbiyyatında mümkün idi. Təkləli Novruz, Azaflı Mikayıl, Borsunlu Məzahir, Sücaət kimi sosialist quruluşun eybəcərliyini açıq tənqid edən və əksəriyyəti həbsxana həyatı yaşayan şairləri mətbuata yaxın qoymurdular. Bəhmən Vətənoğlu müəllim olsa da, eyni yolun davamçısı idi. Xüsusən onun sovet məmurlarının rüşvətxorluğu haqda yazdığı şeir silsiləsi əsl “sandıq ədəbiyyatı” nümunəsi idi. Sadəcə, xalqın yaddaşı onları sandıqdan “xilas etmişdi”.

İkincisi, biz 20-ci əsrin əvvəlinin ovqatını Aşıq Ələsgərin şeirlərindən hiss etdiyimiz kimi, əsrin sonunda da didər­ginliyə məhkum edilmiş çarəsiz insanlarımızın duyğu və yaşantısını Bəhmən Vətənoğlu kimi qələm adamlarının şeirlərindən öyrənirik. İnsana səmimi sevgi o şeirləri həmişə diri saxlayacaq. Ən başlıcası isə klassik aşıq şeiri janrlarında göstərdiyi qeyri-adi sənətkarlıqdır.

O başqa söhbət ki, indən belə nə el, nə də xalq şairlərimiz bir daha bu mövzuda şeirlər yazmayacaqlar. Çünki tarixin özü dəyişir və hamı kimi qələm adamları üçün də yeni səhifələr açılır.

Şərif AĞAYAR