I hissə https://vetensesi.az/articles/111 linkdə
Qarabağdakı real vəziyyətdən asılı olaraq general-qubernatorluq bəzi məsələləri Britaniya qüvvələrinin komandanı Uilyam Tomsonla razılaşdırırdı. Erməni millətçiləri külək gələn bu yırtığı genişləndirib, Qarabağda suveren, hüquqi haqların təmin olunmasına mane olmağa çalışırdılar. Həmin vaxt Ermənistan da demokratik cümhuriyyət idi və Azərbaycanla qarşılıqlı bir-birini tanıyırdılar. Və ən ağrılısı, milli hökumətimiz tarixi torpaqlarımızda – keçmiş İrəvan xanlığından qalan, çar Rusiyasına Ermənistan vilayəti kimi daxil olan ərazidə yaranmış respublikanı tanımaq məcburiyyətində qalmışdı. Bu vəsilə ilə Şuşada da erməni milli şurasının üzvləri vardı. Hər iki demokratik cümhuriyyətin rəsmi münasibətlərinə əsasən onlar dinc əhalinin sülh və əminamanlıq şəraitində yaşaması işində Xosrov dəstək verməli idilər.
Amma...
Faktlara nəzər salaq. Elə həmin milli şura üzvlərinin də təhriki ilə Ermənistan Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək Xosrov bəyin tamam ingilislərə tabe olması məsələsini qaldırır, bu “zərurəti” Qarabağda və Zəngəzurda yaşayan erməni əhalinin təhlükəsizliyi ilə izah edirdilər. Məqsəd, əlbəttə, bu ərazilərin Azərbaycana aid olduğuna beynəlxalq aləmdə şübhə yaratmaq, bütün vasitələrlə onu əlahiddə ərazi kimi qoparıb torpaq iddialarını asanlaşdırmaq idi. Xosrov bəy kimi tədbirli adam bunu bilməzdimi? O saat tədbir görüldü və Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri cavab bəyanatını verdi və həm Zəngəzurun, həm də Qarabağın ayrılmaz Azərbaycan torpaqları olduğunu bir daha vurğuladı.
Məhz bu diplomatik gedişlərin təsiri ilə ingilislər ölkəmizin ərazi bütövlüyünü realda da tanıyıb Xosrov bəyin daşıdığı vəzifənin qanuniliyini müdafiə etdilər. Beləliklə, bədnam qonşularımız hərbi əməliyyatlarda olduğu kimi, siyasi-diplomatik müstəvidə də məğlub olub geri çəkildilər.
Lakin cəmi üç-dörd ilin içində tarixi torpaqlarımızda müstəqil respublika yaradan ermənilər sovet respublikası kimi SSRİ-yə daxil olanda Qərbi Zəngəzuru da bizdən qoparmağa nail oldular. Üstəlik, yuxarı Qarabağda yaşayan ermənilər üçün muxtar vilayət inzibati ərazi vahidi yaradıldı. Beləliklə, həm Naxçıvan blokadaya düşdü, həm Azərbaycanın əsas hissəsi ilə Türkiyənin quru sərhədi bağlandı, həm də Qarabağda gələcək konflikt üçün ciddi baza yaradıldı.
Məhz bu səbəbdən yüz il sonra da eyni hadisələrin şahidi oluruq: bir yandan Ermənistan Qarabağı bütövlükdə Azərbaycan ərazisi kimi tanıyır, digər yandan 8 noyabr Şuşa bəyannaməsinin ziddinə gedərək silahlı qüvvələrini ərazimizdən çıxarmır. Bəhanələri dəyişməyib: Qarabağda yaşayan dinc ermənilərin hüquqları...
Lakin yüz il əvvəlkindən fərqli olaraq müstəqil dövlətimiz əbədidir və onun güclü ordusu var.
Erməni milli şurasının üzvləri Xosrov bəy üçün təkcə diplomatik problemlər yaratmır, onlar həm də Şuşadakı evlərində silah saxlayır, silahlı quldurlara sığınacaq verirdilər. Bu isə Qarabağ general-qubernatorluğunun rəsmi mərkəzi olan şəhərdə asayişin təmin olunmasına imkan vermirdi. Xosrov bəy onlarla silah dilində danışa bilərdi, lakin etmədi, bütün qanunsuz silahları və silahlıları zərərsizləşdirəndən sonra şura üzvlərinə toxunmadı, sadəcə onlara Şuşanı tərk eləmək əmrini verdi. O cümhuriyyət rəhbərliyinə göndərdiyi məktublarda bu barədə yazmışdı və təkcə bu fakt Xosrov bəyin Qarabağa, Zəngəzura müharibə yox, sülh, əmin-amanlıq və qanun-qayda yaratmaq məqsədi ilə gəldiyinin bariz nümunəsidir. Dahi Üzeyir bəy Hacıbəyli onun bu mövqeyini yüksək qiymətləndirərək “Azərbaycan” qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı:
«Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücudə malik olan kimi sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olması idi, burası - Azərbaycanın cənnəti hesab olunan bur yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu».
Cümhuriyyətin süqutundan sonra onun qurucularına münasibət aydın idi. Lakin onların hamısı ilə eyni cür davranmadılar. Daha doğrusu, bolşeviklərin cümhuriyyət qurucularını zərərsizləşdirmək taktikası biri-birindən fərqlənirdi. Bəzilərini qətlə yetirir, bəzilərini “qanuni yolla” həbs edir, bəzilərinə isə Azərbaycandan kənarda terrorun hədəfinə gətirirdilər. Bu mənada Xosrov bəy Məhəmməd Əmin Rəsulzadə ilə oxşar aqibəti yaşadı. Onu əvvəlcə həbs etdilər, sonra qaçması üçün şərait yaratdılar. Halbuki o da Nuru paşa kimi hərəkət edərək bolşeviklərlə dil tapmaq, onlarla keçmiş münasibətlərindən istifadə edib Qarabağ və Zəngəzurdakı hakimiyyətini, dolayısı ilə ata-baba torpaqlarımızı qorumaq istəyirdi. Hətta bu məqsədlə Qarabağda İnqilabi Komitə də yaratmışdı. Hətta bolşeviklər Xosrov bəyin yaratdığı komitəni tanımış, yeni vəzifəsinin vəsiqəsini vermək üçün onu Bakıya çağırmışdılar.
Lakin Bakıda Xosrov bəyi həbs gözləyirdi.
Hərbi Tribunalın göstərişə ilə ona cinayət işi açıldı. Xosrov bəyin mühakimə qovluğu arxivlərdə bu günədək qalmaqdadır. Cinayət işi başlayır, hətta Xosrov bəy izahat verib tərcümeyi-halını da yazır, lakin davam etmir. Nə onun ləğv edilməsi, nə də dayandırılması haqqında bur sənəd vardır. Ona görə Xosrov bəyin azadlığa çıxması ilə bağlı bir neçə versiya irəli sürülür. Birincisi və ən inandırıcısı Nəriman Nərimanov və Çingiz İldırımla münasibəti məsələsidir. Məlum olduğu kimi Xosrov bəy Odessada (tarixi sənədlərdə Odessa yazılır, lakin Xosrov bəy öz tərcümeyi-halında Xarkovda oxuduğunu yazıb) Nəriman Nərimanovla bir yerdə oxumuşdu. Həm imkanlı, həm intellektual, həm cəsarətli, həm də təəssübkeş bəy oğlunun oradakı mövqeyini və sosial vəziyyəti elə də yaxşı olmayan Nərimanovla münasibətini təsəvvür etmək çətin deyil. Aradakı böyük xətir-hörmət istisna olunmur. Görünür, milli məsələlərdə başqa bolşeviklərdən xeyli fərqlənən Nərimanov Xosrov bəyin həbsinə və ermənilərin təhriki ilə öldürülməsinə biganə qalmayıb. Eləcə də bir zamanlar Xosrov bəyin silahdaşı kimi fəaliyyət göstərən və bu qüdrətli Azərbaycan oğlunu lazımınca tanıyan Çingiz İldırım...
İkinci versiya qardaşı Sultan bəyin pul gücünə onu xilas etməsidir. Doğrudur, həmin vaxt hakimiyyətdə rüşvətxor məmur tapmaq asan idi, lakin Xosrov bəy sadə bir məhbus deyildi ki, bu işi belə asanlıqla görsünlər.
Üçüncü versiya əslən Laçın tərəfdən olan diribaş bolşevik Ocaqqulu Musayevin (Onu ermənilər 1922-ci ildə Gorusda öldürdülər) köməyidir. Hətta onun Xosrov bəyi silah gücünə həbsdən çıxarıb qaçırdığını yazanlar da var.
Məsələ budur ki, ikinci və ya üçüncü versiyaları belə ovaxtkı respublika rəhbərlərinin xəbəri olmadan reallaşdırmaq mümkün deyildi. Sadəcə, Xosrov bəyi içəridə saxlamağa nə maddi sübut vardı, nə də mənəvi haqq. Üzeyir bəyin də yazdığı kimi, o həm daim ədalətlə davranan və heç bir qanun pozuntusuna yol verməyən bir rəhbər, həm də ləyaqətli, vicdanlı bir insan idi. Hətta erməni ekstremistlərinin o zaman tez-tələsik hazırladığı şər-böhtan kampaniyası da işə yaramadı.
Xosrov bəy həbsdə ola-ola qardaşı Sultan bəyə Azərbaycanı tərk edib İrana keçməsi ilə bağlı xəbər göndərmişdi. Lakin Sultan bəy getmədi. O həm yurd-yuvasından ayrıla bilmir, həm də qardaşını həbsdə qoyub getməyi özünə sığışdırmırdı. Deyilənə görə, Xosrov bəy həbsdən çıxandan sonra iki il Laçında – Abdallar kəndində yaşayıb. Hər iki qardaş son ana qədər bolşevik hakimiyyətinin tezliklə iflasa uğrayacağına və cümhuriyyətin bərpa olunacağına inanıb. Lakin hadisələr başqa şəkil alıb və onlar canları qədər sevdiyi doğma torpağı qoyub Arazı keçmək məcburiyyətində qalıblar.
Bununla nəinki hər şey bitmədi, əksinə, Xosrov bəyin həyatında yeni mərhələ başladı. Bir çox cümhuriyyət qurucuları kimi o da Azərbaycandan kənarda onun uğrunda mübarizəyə qalxdı. Xosrov bəyin mühacirət həyatı ayrıca bir tədqiqat işinin mövzusudur. İnşallah yaxın zamanlarda biz bu haqda yığcam bir yazı ilə çıxış edərik. Əlbəttə, bir yazı yalnız dəryadan bir damladır.
Son olaraq onu da qeyd edim ki, Xosrov bəy İnqilabi Komitənin rəhbəri kimi Şuşada qalsa, nə Qərbi Zəngəzur əldən çıxacaqdı, nə də qanuni ərazilərimizdə DQMV kimi sarsaq bir qurum yaradılacaqdı. Görünür, elə buna görə getməli idi.
Bu gün Xosrov bəyin doğulub-böyüdüyü Laçın torpağı, uçilişdə oxuduğu və illər sonra general-qubernator kimi gəlib erməni ekstremistlərindən tamam təmizlədiyi Şuşa şəhəri azaddır. Hər iki şəhərdə dayanmadan quruculuq işləri gedir. Onun ruhuna bundan böyük ehtiram təsəvvür eləmək mümkün deyil.