30.12.2024, 21:16
AZ EN
16.04.2022, 11:50

Bənzərsiz Zəngəzur toyları

Şərif AĞAYAR

Deyirlər, bir xalqın mədəni səviyyəsi ən çox onun xor kollektivləri ilə müəyyən olunur. Belədirsə sual çıxır ortalığa: bəs xor olmayan zamanlarda və məkanlarda bunu necə müəyyən etmək olar?

Məncə, xor dedikdə mütəxəssislər kollektiv sənətləri nəzərdə tuturlar. Bura teatrı da, kinonu da, orkestri də, ansamblı da, rəqsləri də aid etmək olar.

Xalqların toy adəti isə bütün bu universal sənət sahələrinin ilkinliyini təşkil edir. Diqqətlə nəzər yetirsək, görərik ki, bir toyda kollektiv sənətlərə aid nələrsə vardır.

Həm də toylar müxtəlif bölgələrin etnoqrafik adətlərini özündə ehtiva edir, bu xalqlaırn folkloruna xüsusi naxış, çalar əlavə edir.

Təəssüf hissi ilə qeyd edirik ki, toyların getdikcə “şəhərliləşməsi” onları biri-birinə bənzədir. Klassik “Kənd toyu” ifadəsi artıq tarixin arxivinə gömülməkdədir. Çünki indi kənd camaatının özü də zəhmət çəkməsin deyə hər şeyi şadlıq evində həyata keçirir. Belə deyək, kənd adamlarının özləri də “şəhər toyu” edirlər. 

Halbuki Azərbaycanın müxtəlif bölgələrində inanılmaz gözəl adət-ənənələri olan toy məclisləri keçirilirdi. Şübhəsiz, bu bölgələrdən biri də Zəngəzurdur.

Torpaqlarımızın işğaldan azad edilməsi bizi Qarabağın bir çox əraziləri ilə yanaşı Şərqi Zəngəzura da qovuşdurdu. Böyük qayıdış prosesi zamanı həm də bu ərazilərdə keçirilən toylar yada düşür. Könül istərdi ki, Zəngəzurun zurna, qaval və saz səsi ilə müşayiət olunan o səsli-sədalı toyları da qayıtsın, adamlar o unikal ənənələrin itib getməsinə imkan verməsin.

90-cı illərin məlum hadisələrinə qədər Zəngəzur dağlarında yeddi gün-yeddi gecə toy çaldıranlar olurdu. Lakin son illər belə geniş toylara çox az rast gəlinirdi. Toylar adətən üç gün keçirilirdi. Birinci odun gətirilir, ətliklər kəsilir, qab-qacaq, su tədarükü görülür və “Ciyəraxşamı” başlayırdı. Növbəti gün səhərdən axşama qədər toy davam edirdi. İki mağar qurulurdu – biri yemək, o biri oyun mağarı. Yemək-içmək mağarında kişilər oturur və adətən, saz aşıqları ilə balabançılar çalıb oxuyurdular. Həm də mikrofonsuz. Çünki yemək-içmək mağarında gur səs diskomfort yarada bilərdi.

Kişilər yeyib içə-içə aşığa qulaq asır, sifariş və xələtlər verir, bəzən kefləri durulanda aşıq və balabançının ifa etdiyi oynaq havaya qol götürüb süzürdülər. Lakin bura daha çox dinləmək yeri idi. Aşıq ibrətamiz söhbətlər edir, gözəl şeirlər oxuyur və sanballı havalar çalırdı.

Kişilər yeyib içəndən sonra oyun mağarına gəlirdilər. Burada həm kişilər, həm də qadınlar olurdu. Oyun mağarı teatr zalı kimi dizayn edilirdi. Qadın-qızlar və uşaqlar “zalın” əsas hissəsində, kişilər “amfiteatr”da otururdular. Yəni qadınlar musiqiçilərlə üzbəüz, kişilər isə ortada xüsusi hazırlanmış meydanın sağ və sol tərəflərində iki-üç sırada yerlərini alırdılar. Oyun mağarında da eynən teatrlar kimi arxadakı taxta oturacaqlar öndəkilərə nisbətən hündür hazırlanırdı ki, hamı oyun meydanını və musiqiçiləri görə bilsin.

Keçmişdə oyun mağarını zurna və nağara idarə edirdi. Elektron musiqi alətləri ixtira ediləndən sonra musiqiçilərin sayı artdı. Gitara və qarmon təşəbbüsü ələ aldı. Əslində, klassik toylarda modernləşmə məhz bu nüansdan başladı. Yeni musiqi alətləri qara zurnanı və çubuqla ifa olunan dəri nağaranı tədricən sıxışdırmağa başladı. Axır zamanlar qara zurnaya xüsusi nömrələr verirdilər. Bəzən isə zurna ansambla qarışır, lazım gələrsə ayrıca ifa edilirdi. Bəzən isə zurna və nağara bayıra çıxır, həyətin bir guşəsində üçüncü məclisi yaradırdı. Onlar daha çox toy evinə qoyun gətirən qonaqları qarşılamaq üçün çıxırdılar. Adət belə idi. Toya diri heyvan yazdıran ailələr onu qıpqırmızı boyayır, boynuna, buynuzuna lent bağlayır, ailənin qadınları əllərində xonça toy qoyununu müşayiət edirdilər. Bəy evinə yanaşanda qara zurna, bəzənsə qarmon onları qarşılamağa çıxırdı. Qonaqlar o tərəfdən, toy yiyələri bu tərəfdən biri-birinə qarşı oynayır, mübarəkbazlıq edir, axırda evin kişisi qoyunun başındakı ipi tutan uşağa və ya yeniyetməyə xələt verib onu təhvil alırdı.

Yemək mağarını tamada, oyun mağarını padşah idarə edirdi. Onlar məclisdə xaosun əmələ gəlməsinə imkan vermir, sağlıqları, çıxışları və oyunları ardıcıl düzür, məclisi proqramlaşdırırdılar.

Yemək mağarı kimi oyun mağarında da çıxış edən, şeir deyən qonaqlar olurdu.

Ümumilikdə həyət toylarında yaddaqalan çıxışlar olurdu və bir-birindən fərqlənirdi. Çıxışlarda adətən xüsusi çəkisi olan ağsaqqallarla yanaşı, istedadlı insanlara da söz verilirdi. Onlara xüsusi vaxt ayrılırdı. Səsi olan, yaxşı şeir söyləyən və gözəl rəqs edən adamların çıxışları maraqla izlənirdi. Bunlar adətən gecə vaxtı baş tuturdu.

Toy səhərdən axşamacan davam edir, axşam bir neçə saatlıq fasilə verilirdi. Fasilədə həm musiqiçilər dincəlir, yemək yeyir, həm də insanlar evlərinə dağılıq həyət-bacaya baxır, mal-heyvanını rahlayırdılar. Bundan sonra bütün kənd yenidən toy evinə yığışırdı. Adətən gecə yemək mağarında adam olmurdu. Hamı oyun mağarında şənlənməyə toplaşırdı. Tək-tük qonaq gələrsə, onlara xüsusi xidmət göstərirdilər.

Çal-çağır gecə yarıyacan çəkirdi.

Növbəti gün tezdən toy olan həyətdən tüstü qalxan kimi camaat yenidən ora toplaşırdı. Bu gün iki vacib ayin baş verirdi: gəlin gətirmək və bəy tərifi... Gəlin günorta saatlarında gətirilirdi. Bunun da öz incə və yaddaqalan adətləri vardı: qapıaçdı, əlbağlama, yolkəsmə və s.

Oğlan evindən səyyar musiqiçilər maşınlara doluşub gəlin gətirməyə gedirdilər. Gəlin evinin qapısında xüsusi stollar qoyulurdu və orada qız evinin padşahı otururdu. Oğlan evindən gedən musiqiçilər bir-iki saat həmin padşaha tabe olur, qız evinin qapısında çal-çağır edirdi. Sonra gəlini götürüb gəlirdilər.

Oğlan evinin çal-çağırı bəy tərifinəcən çəkirdi. Bəy tərifini adətən iki aşıq aparırdı. Onlar bəyin qohumlarının və yaxınlarının adını xüsusi qafiyələrlə çəkməklə onlardan xələt istəyirdilər.

Bəy tərifində bəy və onun sağdışı, soldışı oyun mağarının ortasında otururdu. Adətən gəlin mağarın heç birinə gətirilmirdi.

Toy bəy tərifi ilə yekunlaşırdı.

Zəngəzur toylarının bir qəribə cəhəti də vardı. Bəzən kəndin xüsusi adamları gülməli oyun nömrələri göstərir, insanların, xüsusən uşaqların kefini açırdılar. Belə maraqlı performans göstərən adamlara kənardan xələt verənlər də olurdu.

Toylar bütün kəndi öz ətrafına toplayırdı. Bu həm də sevən gənclərin bir-birini görməsi üçün əla fürsət idi.

Təbii, hər kənddə kinoteatr və ya klub yox idi. Mədəni istirahət elə də qənaətbəxş səviyyədə təşkil edilmirdi. Toy həm də kəndin mədəni-kütləvi tədbiri, əyləncə yeri idi.

Qaçqınlıq və məcburi köçkünlük illərində adamlar həyət toylarının həsrətini çəkməyə başladılar. Sosial vəziyyətə görə bu toylar artıq bir gün keçirilirdi. Yemək mağarı ilə oyun mağarı birləşdirilmişdi. Günorta yeyib içir, axşama doğru yemək mağarını dəyişib oyun mağarına çevirirdilər. Amma yenə də bu məkan restoran toylarından yorulmuş insanlar üçün xoş əyləncə idi.

Biz Zəngəzura dönməklə həm də öz müqəddəs keçmişimizə dönəcək, bu cür unudulmaz toyları da yenidən bərpa edəcəyik. Ən azı kimlərsə o illəri yada salmaq üçün hərdən bir məhz o cür həyət toyları təşkil edəcəkdir. Axı toy təkcə evlənmək ayini deyil, həm də bir elin, bir toplumun mədəni-mənəvi vəsiqəsidir. Biz bir xalq olaraq həm də bu cür gözəl adət-ənənələrdə yaşayırıq.