Rusiya Panişyana inanmır
“Hraparak” qəzetinin 22 aprel tarixli sayında “Paşinyan Putin görüşü o qədər də “sevgi şəraitində” keçməyib” başlıqlı məqalədə belə yazılır: “Moskva səfəri zamanı Paşinyanla Putin 30 maddədən ibarət “lavaş” bəyanat verdilər.
Burada tərəflər bir-birlərinə qarşı etimad göstərdiklərini, müxtəlif sahələrdəki əməkdaşlığı genişləndirmək barədə vədlər verdilər. Elə təəssürat yaranmışdı ki, görüş səmimiyyət şəraitində keçir. Amma dipomatik mənbələrdən sızan xəbərlərə görə, Paşinyan-Putin görüşü o qədər də “səmimi mühit”də keçməyib.
Həqiqət budur ki, Paşinyana növbəti dəfə xəbərdarlıq edilib ki, “artsax”ın, həmçinin Ermənistanın sərhədlərinin delimitasiyası, siyasi məsələlər, Qərb və Bakı ilə danışıqlardan, təkliflərdən, müxtəlif müzakirələrdən öncə Rusiya tərəfi ilə hər şeyi müzakirə etsin. Söhbət Brüssel görüşü və razılaşmalar haqqında gedib.
Bizim etibarlı mənbənin fikrincə, Rusiya tərəfi başa düşür ki, Paşinyan rusların 30 bənddən ibarət sənədinə imza atmasına baxmayaraq, istənilən anda üzünü Aİ-yə tutaraq müxtəlif razılaşmalara gedə bilər”.
Qatil konsul təyin edilir
“Joğovurt” qəzeti yazır ki, Gümrü şəhərinin sabiq meri Samvel Balasanyanın oğlu – Misaq Balasanyanın Ermənistanın Los-Ancelosda konsulu təyin ediləcəyi gözlənilir. Qəzet əlavə edir ki, onun adı bir neçə qətl hadisəsində hallansa da indi ölkəni təmsil etməyə hazırlaşır. Vurğulanır ki, 2012-ci ildə onun “Gümrü Pivə” açıq səhmdar cəmiyyətinin təhlükəsizlik xidməti əməkdaşını qətlə yetirdiyi barədə mətbuatda materiallar dərc olunmuşdur. 2016-cı il sentyabrın 20-də isə sabiq deputat Vardevan Qriqoryanın 26 yaşlı oğlu Arşaq Qriqoryanın baş nahiyyəsinə güllə vurulmasında da sifarişçi kimi onun adı hallanmışdı. Qeyd olunurdu ki, həmin vaxt V.Qriqoryan “Gümrü Qum-Çınqıl” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri idi və Qriqoryanlarla Balasanyanlar biznes rəqabəti aparırdılar. Gümrülülərin dediklərinə görə, Ermənistan Respublikasının İstintaq Komitəsi şəhərin meri Samvel Balasanyanın oğlu Misaqın qatil olduğunu üzə çıxarmış, amma bir qədərdən sonra bununla bağlı toplanmış cinayət işinə xitam verilib. Qatilin konsul təyin edilməsini görünməmiş hadisə adlandıran gümrülülər və digərləri belə adamın “diplomatik fəaliyyət”inin ölkəyə yalnız ziyan vuracağını bildiriblər.
Erməni siyasətçi Şarl Mişeli şantaj edir
Bu il iyunda keçirilmiş seçkilərə qədər Ermənistan parlamentinin AŞPA-dakı nümayəndələrindən olan Naira Zöhrabyan aprelin 22-də müxalifətin İrəvanın Azadlıq meydanında davam edən etiraz aksiyasında jurnalistlərin Paşinyanla bağlı suallarını belə cavablandırıb: “Tam əminliklə deyirəm, Nikol Paşinyan parlamentdə bəyan edəndə ki, beynəlxalq qurumlar “arsax”ın özmüqəddaratını təyinetmə hüququndan əl çəkməsini və Azərbaycanın tərkibində qalmasını tələb edir, mən dərhal anladım ki, Avropa İttifaqının prezidenti Şarl Mişel Ermənistana 2,6 milyard avronu məhz rüşvət kimi verib”.
Xəbəri “PAST” info yayıb.
800 erməni hərbiçi istintaqa cəlb olunub
Ermənistan parlamentinin aprelin 22-də keçirilən iclasında Rusiya-Ermənistan münasibətləri barədə dinləmələr olub, bəzi deputatlar monoetnik dövlət olan Ermənistanda başqa dilin, yəni rus dilinin dövlət dili statusu almasına qarşı kəskin çıxış ediblər. İclasdan sonra parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının iclası keçirilib. İclasda Ermənistanın baş prokuroru Artur Davtyanın prokurorluq orqanlarının 2021-ci ildəki fəaliyyəti barədə çıxışı dinlənilib. O, bildirib ki, 2021-ci ildə müxtəlif xarakterli cinayətlərlə yanaşı 44 günlük müharibə zamanı törədilmiş cinayət işləri ilə bağlı istintaq materialları toplanıb və 800 nəfərə qarşı cinayət işi açılıb. Onlardan 55 nəfəri döyüş mövqeyini atıb qaçdığına, müharibə şəraitində gərəkli tədbir görməməyə və s. müxtəlif müddətli həbs cəzalarına məhkum olunublar. Məhkum olunanların əksəriyyəti yüksək rütbəli hərbi qulluqçulardır. Jurnalistin «Baş nazir bu məsələlərə necə baxır?» sualına cavab olaraq isə A.Davidyan bildirib ki, ötən il N.Paşinyanın parlamentdəki çıxışı toplanmış cinayət işlərinin tədqiqatı zamanı material kimi istifadə olunur. «Müharibə dövründə yol verilmiş heç bir cinayət cəzasız qalmayacaq», - deyə baş prokuror sözügedən istiqamətdə işlərin davam etdiyini vurğulayıb.
Hazırladı: Nəsib QARAMANLI
Hazırda Ermənistan müxalifəti İrəvanın Azadlıq meydanında mitinq keçirir və «artsax»ın Azərbaycanın tərkibində olmaması üçün müharibəyə əl atacaqlarını bildirirlər. 44 günlük müharibədə darmadağın olan və 800 nəfəri cinayət məsuliyyətinə cəlb edilən Ermənistan ordusu Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilərmi? Cavab birmənalıdır: qətiyyən yox!