Ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edən Svante Lundqrenin məqaləsində bir çox cəhətdən yalnışlığa yol verdiyini diqqətə çatdıran səfir, Ermənistanın keçmiş Dağlıq Qarabağ regionu və 7 ərazisi də daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğalını xatırlatmamaqla, əvvəlki münaqişənin fonunu təhrif etdiyini bildirib.
700.000-dən çox azərbaycanlının qovulması ilə nəticələnən işğalın BMT Təhlükəsizlik Şurasının dörd qətnamələri ilə pisləndiyini xatırlandığı məqalədə deyilir, "Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə edərək, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib və ərazisini özü azad etməyə məcbur olub".
Ermənistanın əvvəllər işğal etdiyi ərazilərdə bir milyondan çox mina yerləşdirdiyi və sonradan təhvil verilən mina sahələrinin xəritələrinin cəmi 20-25 faiz düzgün olduğu da qeyd edən Zaur Əhmədov vurğulayıb ki, bu minalar müharibə başa çatdıqdan sonra ikisi jurnalist olmaqla 36 azərbaycanlının həyatına son qoyub, daha 160 nəfərə xəsarət yetirib.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan müharibə yerindən uzaq şəhərlərə hücumlar həyata keçirməsinə də toxunan diplomat, bu halların Human Rights Watch və digər müstəqil təşkilatlar tərəfindən qeydə alındığını diqqətə çatdırıb.
"Bu hücumlar müharibə cinayətidir və beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir. Bununla yanaşı, Azərbaycana aid çoxlu sayda əhəmiyyətli mədəniyyət abidələri və obyektləri dağılması da müharibə qanunlarının ciddi pozuntusudur", - deyə məqalədə vurğulanır.
Qarabağdakı son gərginliyə də toxunulan mətndə, Ermənistanın hələ də geri çəkmədiyi hərbi qüvvələrin destruktiv təsiri qeyd edilib.
Sülh sazişi öhdəliklərinin Ermənistan tərəfindən pozulmasına diqqət yetirən Azərbaycanın İsveçdəki səfiri bildirib ki, erməni qüvvələrinin çıxarılması müddəası hələ də yerinə yetirilməyib və ərazidə qalan silahlılar mütəmadi olaraq təxribat törətməkdə davam edir. Məqalədə habelə beş prinsipdən ibarət Azərbaycan Ermənistana beynəlxalq hüquqa əsaslanan sülh sazişinin bağlanması haqqında da bəhs edilib. Səfir Zaur Əhmədovun sözlərinə görə Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandığı təqdirdə, Cənubi Qafqazda davamlı sülh, sabitlik mümkün olacaq və Şimali Avropa əməkdaşlığı regional əməkdaşlıq üçün ibrətamiz model rolunu oynaya bilər. Qeyd edilib ki, bu günlərdə Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Brüsseldə keçirilən görüş sülh prosesində irəliləyişin olacağına ümidləri artırır. (AZƏRTAC)