Erməni deputat etiraf etdi
«Vətəndaş müqaviləsi» fraksiyasının nümayəndəsi Vigen Xaçatryan Ermənistan parlamentinin aprelin 14-də keçirilmiş iclasında Azərbaycanın sülh təklifi ilə bağlı çağırışına dəstək verdiyini ifadə edib. O, deyib: «Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmaması barədə fikir irəli sürmək düzgün deyil». Bir sıra tarixi həqiqətləri deputatlara xatırladan V.Xaçatıryan əlavə edib ki, 1996-cı ildə yaranan «Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur» fikri yanlış olub. O, deyib ki, o vaxt bu fikri irəli sürən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da yanıldığını etiraf edib. Deputat əlavə edib ki, 1998-ci ildə başlayan hərəkat iki qonşu xalq arasında düşmənçilik yaratdı və bu getdikcə dərinləşdi. Nəticədə Bakıda, Sumqayıtda, Gəncədə, Qarabağda yaşayan ermənilər köçüb getməyə məcbur oldular. DQMV-da vaxtilə guya 500 minə yaxın erməninin yaşadığını deyən erməni deputat indi Qarabağda ermənilərin sayının xeyli azaldığını bildirib.
Populist şüarların əleyhdarı olan V.Xaçatryan etiraf edib ki, artıq dayanmaq vaxtıdır. «Başa düşmək lazımdır ki, qəhrəmanlıq göstərib məhv olmaq yox, həyatı davam etdirmək lazımdır», - deyə o dinin siyasətə qarışdırılmasının da indiki halda təhlükəli olduğunu vurğulayıb. Qeyd edib ki, bir çox ermənilər «azadlıq, ya ölüm» şüarını irəli sürürlər. Bu, yalnız fikirdir. «Bizə ölüm yox, azadlıq sərf edir» - deyə o fikrini yekunlaşdırıb.
Müxalifət parlamentin iclasında iştirak etməyib
Ermənistan parlamentinin aprelin 14-dəki iclasının gündəliyinə 2021-2026-cı illər üçün hökumətin proqramı, televiziya və radio komitəsinin sədri Tiqran Hakopyanın 2021-ci illə bağlı hesabatı, ictimai təşkilatlarla iş komissiyasına seçki məsələləri gündəliyə daxil edilmişdir. «Hayastan» fraksiyasının rəhbəri S.Ohanyan və «Badiv unem» fraksiyasının katibi Hayk Mamicanyanın təşəbbüsü ilə müxalifət həmin iclasda iştirak etməyib. İqtidarçı deputat Lusine Badalyan isə öz çıxışında baş nazir N.Paşinyanı vətənpərvərlikdə və səmimilikdə 1918-ci ildə yaradılmış erməni respublikasının baş naziri Hovanes Qazançyunla müqayisə edib və bildirib ki, vətəni, milləti üçün xeyirxah iş görənlər nə vaxtsa təqiblə üzləşir, hətta həbsxanada güllələnir. O, Ermənistanın indiki şəraitdə gücsüz olduğunu vurğulayaraq bildirib ki, indi əsas məqsəd ölkənin müstəqilliyini və təhlükəsizliyini təmin etmək üçün lazımi işlər görməkdir.
Paşinyan xalqı ağıllı olmağa çağırdı
Ermənistan parlametinin aprelin 14-dəki iclasında iştirak edən baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması, sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsi ilə bağlı müxtəlif suallara cavab verdikdən sonra yekun nitqi ilə çıxış edib. O bildirib ki, Azərbaycanın 5 bənddən ibarət sülh təklifi diqqətlə öyrənilib və müəyyən fikirlər yaranıb. Sərhədlərin müəyyənləşdirilib təsdiqləməsi məsələsinin zəruriliyini vurğulayan N.Paşinyan deyib ki, «sərhəddə sərhədçi dayanmalıdır, ayrı-ayrı qoşun növləri yox. Bir yüksəkliyin bu gün birinin, sabahsa başqa birinin əlinə keçməsi və nəticədə qan axıdılması doğru deyil. Sərhədlər müəyyənləşəndən sonra hər kəs öz mövqeyində duracaq və orada əlavə qoşun hissələrinə ehtiyac qalmayacaq. Sərhəddə sərhədçilər olacaqlar».
Paşinyan müxalifətin tənqidlərinə də münasibət bildirib. Onu kapitulyant, türk agenti adlandıranların özlərinin hakimiyyətdə olduqları vaxt dövlətə ciddi ziyan vurduqlarını, talançı olduqlarını vurğulayıb. Sonra isə xalqa müraciətlə deyib: «Nə üçün və nə qədər torpaq saxlamalıyıq? Çoxlarına dərs olacaq qədər saxlamışıq! Nəhayət, gəlin bunu başa düşək. Yenə də Böyük Cümədir, yenə də Allahın nəfəsini hiss edirik: Gərək baxasan ki, görəsən, gərək eşidəsən və başa düşəsən. Daha bəsdir, gəlin baxaq, gəlin eşidək, gəlin başa düşək! Ona görə ki, biz indi Ermənistanın və «Artsax»ın mövcud olub-olmayacağı barədə danışırıq. Unutmaq olmaz ki, Ermənistan adi torpaq deyil. Ermənistan statuslu cəmiyyətdir, dövlətdir, beynəlxalq hüquq subyektidir! Biz bunu istəyirik. Bəli, ətrafımızda təhlükəli və böyük aqressiya var. Bu aqressiya təkcə bildiyimiz, gördüyümüz yerdə deyil, həm də müxtəlif yerlərdə var. Bunun qarşısını almaq üçün başqa variant yoxdur».
Paşinyan həmçinin bildirib ki, aprel ayının 30-dək sərhədlərin müəyyənləşdirilməsi və təsdiqlənməsi ilə məşğul olacaq komissiyanın üzvlərinin müəyyənləşdirilməsi üzrə iş gedir. Onun parlamentdəki çıxışının məntiqi yekunu belədir: Azərbaycanla sülh müqaviləsi imzalamaq!
Nəsib QARAMANLI