London şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Khojaly” (“Xocalı”) pyesi kitab şəklində çap edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova bildirib ki, dramaturq Nik Odun pyesi Xocalı soyqırımından sağ qurtulan şahidlərin acı hekayələri əsasında yazılıb. Pyesin əsas süjeti Xocalıdakı insanların müharibədən əvvəl, müharibə dövrü və müharibədən sonrakı həyatını əhatə edir. Kitab İngiltərənin məşhur “Waterstones” kitab mağazasında satışa çıxarılıb.
Qeyd edək ki, bu il fevralın 26-27-də Londonda fəaliyyət göstərən “Debunk” teatrı Nik Odun “Xocalı” pyesini yerli ictimaiyyətə təqdim edib. Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, London Azərbaycan Evinin dəstəyi və Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Bedford küçəsində yerləşən Müqəddəs Pavel (St.Paul) kilsəsində baş tutan tamaşada rolları britaniyalı aktyorlar və aktrisalar canlandırıb. Tamaşa yerli teatr tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Tamaşa 1–5 mart 2022-ci il tarixində Union Teatrında da nümayiş etdirilib.
Bu layihə Debunk Teatrının rəhbəri Sənan Əliyevin təşəbbüsü ilə reallaşdırılıb.
Kitabı aşağıdakı linkdən əldə etmək mümkündür:
https://www.waterstones.com/book/khojaly/nick-awde/9781908755964