Bu fikirlər rəqəmsal sosial media üzrə türkiyəli ekspert Emre Özcana məxsusdur. Onun sözlərinə görə, istifadəçilərin rəqəmsal media oxuculuğunun aşağı səviyyədə olması bu tipli dezinformasiya yayan şəxs və qurumların işlərini daha da asanlaşdırır. Nəticədə heç baş verməmiş, yaxud illər öncə olmuş hansısa hadisənin yeni bir xəbər imiş kimi yayılması sosial mediada “viral effekti” yaradır. Yəni, hər kəs biri-birində gördüyü hansısa feyk (saxta) xəbəri araşdırmadan sadəcə paylaşaraq cəmiyyətdə əslində olmayan bir məsələ haqqında fikirlər formalaşdırır
Ekspert qeyd edib ki, Türkiyədə qəbul olunan dezinformasiya ilə mübarizə haqqında yeni qanun layihəsinin də əsas hədəfi neqativ halları aradan qaldırmaqdır :
“Yeni qanun layihəsinə əsasən istifadəçilər bu kimi xəbərləri yayarkən daha diqqətli olmalıdırlar. Çünki, heç bir əsasa söykənməyən bu tipli xəbərlərin, yaxud saxta videoların paylaşılması həm xalq arasında kin və nifrətə çağırışlara, həm də ictimaiyyətdə lüzumsuz panikaya gətirib çıxara bilər. Belə olan halda isə əlbəttə dövlət müəyyən hüquqi müdaxilələr etməlidir. Məsələn, illər öncə hansısa başqa ölkədə çəkilmiş müharibə görüntülərinin ölkə seqmentində tamamilə aidiyyatı olmayan başlıqla paylaşılması, yaxud iqtisadi göstəriciləri real statistikalara uyğun olmayan formada cəmiyyətə təqdim etmək, təbii ki, həm jurnalist etikasına yaraşmır, həm də cəmiyyətdə çaşqınlıq yaradır və birmənalı qarşılanmır”.
E. Özcan vurğulayıb ki, qanun layihəsinin ən önəmli bəndlərindən biri də bundan ibarətdir ki, artıq saxta xəbərləri, ölkədəki bütün internet resurslarından eyni anda təmizləmək mümkün olacaq:
“İstər internet saytları, xəbər portalları, istərsə də, sosial mediadakı xəbər səhifələri bəzi dezinformasiyaları eyni anda paylaşa bilirlər. Artıq yeni qanuna əsasən ölkədəki internet paylayıcıları və internetin təmini bazaları bu kimi saxta xəbərlər eyni anda təmizləyəcək”.
Ekspert, bu praktikanın bir çox inkişaf etmiş ölkələrdə müsbət nəticələr verdiyini bildirib :
“Bildiyiniz kimi, bu kimi mexanizmlər bütün Avropa ölkələrində sınaqdan keçmiş metodlardandır. Hesab edirəm ki, xüsusilə Türkiyə kimi kritik coğrafiyada yerləşən və bir çox dövlət və qurumların maraq dairəsində olan ölkələrdə qeyd etdiyimiz istiqamətverici qanun layihələri işlənib hazırlanmalıdır. Yeri gəlmişkən, Azərbaycanın apardığı 44 günlük İkinci Qarabağ müharibəsində də ölkəniz müxtəlif səviyyəli dezinformasiyalara məruz qalmışdı. Nəzərə almaq lazımdır ki, bu kimi saxta xəbər istehsalçıları, troll səhifələri məhz belə kritik məqamlarda daha da fəallaşırlar. Məhz bu mənada Azərbaycan da, həmçinin digər dövlətlər də bu praktikadan səmərəli şəkildə istifadə edə bilərlər”. ("Report")