22.11.2024, 18:30
AZ EN
28.09.2022, 10:50 258

Ermənilər L.Ter-Petrosyana hücuma keçiblər

XƏBƏRLƏR

Məlum olduğu kimi, Ermənistanın sabiq prezidentləri görüşüb ölkədəki mövcud durumu müzakirə etdikdən sonra eks prezident Levon Ter-Petrosyan «Birinci kanal»a verdiyi müsahibəsində reallıqla barışmağı və Azərbaycanla sülh müqaviləsi imzalanmasının əhəmiyyətli olduğu bildirib. Müsahibədən dərhal sonra müxtəlif rəylər səsləndirilib. Müxalifət yenə də Azərbaycanla sülh müqaviləsinin bağlanmasının əleyhinə çıxıb və Levon Ter-Petrosyanı milli mənafeyə xidmət etməməkdə günahlandırıb. Özünü Şuşa şəhərinin rəhbəri adlandıran Arcivik Sarkisyan isə, necə deyərlər, daha irəli gedərək L.Ter-Petrosyanın haqqında bəzi faktları açıqlayıb. O, deyib ki, 1992-ci ilin mayında L.Ter-Petrosyan Farsıstanda (erməni müxalifəti İran əvəzinə Farsıstan sözünü işlədir -red.) Azərbaycan rəhbəri ilə görüşdə idi və getməmişdən öncə tapşırmışdı ki, atəşkəsə əməl olunsun. Ancaq Vazgen Sarkisyan öz döyüşçüləri ilə Şuşaya hücum etdi və oranı azərbaycanlıların əlindən aldı. L.Ter-Petrosyan Ermənistana qayıtdıqdan sonra V.Sarkisyanı yanına çağırıb danlamış və demişdi ki, sən gərək Şuşanı mən qayıdandan sonra alaydın. A.Sarkisyan uzun illər bu barədə danışmamasının səbəbini isə yenə ermənisayağı hiyləgərliklə bildirir və deyir ki, L.Ter-Petrosyanın prezidentliyi dövründə xeyli ərazi azərbaycanlılardan təmizlənib. Ancaq bu onun deyil, ayrı-ayrı şəxslərin və xaricdəki dostların sayəsində mümkün olub. Erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini də xatırlayan separatçı Sarkisyan onu da xüsusi vurğulayıb ki, L.Ter-Petrosyan Şuşanın və Kəlbəcərin Azərbaycana qaytarılmasına çox meylli idi və dəfələrlə bu barədə fikirlər səsləndirmişdi. Ancaq hakimiyyəti əldə saxlamaq üçün fikrindən əl çəkməli olurdu. 1998-ci ildə Ermənistanda baş verən «məxməri inqilab» nəticəsində L.Ter-Petrosyanın istefaya göndərilməsinin səbəbi də məhz Qarabağdakı ermənilərə muxtar respublika statusu verilməsi ilə bağlı fikirlərlə razılaşması idi.

Ümumiyyətlə, hazırda L.Ter-Petrosyana qarşı səslənən demək olar bütün fikirlərdə onun Ermənistanın mənafeyinə zidd olduğu bildirilir. Hətta bir nəfər L.Ter-Petrosyanın qanuni dövlət imtiyazlarından məhrum edilməsinin vacibliyini də bildirib.

Nəsib QARAMANLI

Oxşar xəbərlər