Şəbəkə 2022-ci ilin sentyabrında keçirilən BMT-nin terror qurbanlarının ailələrinə dəstək üzrə Birinci Qlobal Konqresinin əsas nəticəsidir. O, dünyanın hər yerindən terrorizm qurbanlarının ailə üzvlərini və sağ qalanları, bu sahədə ictimai birlikləri və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirir.
Məqsəd terrorizm qurbanlarının yaxınları və sağ qalanlar üçün bir-birlərini dəstəkləmək, möhkəm əlaqələr yaratmaq və müdafiəçi, pedaqoq və sülh qurucuları qismində çıxışlar etmək üçün təhlükəsiz platforma təmin etməkdir.
BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov bildirib ki, milliyyətindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün qurbanlarla həmrəylik nümayiş etdirilir. O əlavə edib: “Təsəvvürə belə gəlməyən şəxsi faciə qarşısında bir çoxları həmrəylik və tolerantlığın güclü müdafiəçilərinə çevrilərək səslərini ucaltmağı seçdilər”. O, eyni zamanda, hökumətləri və vətəndaş cəmiyyətini bu kateqoriyadan olan insanlara daha çox dəstək verməyə çağırıb: “Bir çox hallarda qurbanların ailələrinin və sağ qalanların ehtiyacları təcili və kifayət qədər maliyyələşdirilmir. Beynəlxalq və milli səviyyədə yardımlar getdikcə azalır”.
İspaniya xarici işlər naziri Joze Manuel Albares Bueno deyib: “VoTAN-ın inkişafı artıq İspaniyadan maliyyə dəstəyi alıb və onun işə salınması qurbanların yaxınlarının bir-birinə bağlanmasına və bir-birini dəstəkləməsinə imkan verəcək mühüm addımdır. Vətəndaş cəmiyyəti və hökumətlər arasında sinerji qurbanların ailələrinin ehtiyaclarını başa düşmək üçün vacibdir, ona görə də biz inanırıq ki, digər üzv dövlətlər, xüsusilə Dostlar Qrupuna daxil olanlar da Qlobal Şəbəkəni dəstəkləyəcək”.
İspaniya və İraqın sədrlik etdiyi Terror Qurbanlarının Dostları Qrupu təxminən altı il əvvəl qurbanların hüquqlarının müdafiəsi ehtiyacını müdafiə etmək üçün yaradılıb.
İraq Respublikasının BMT-də Daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili, həmsədr Abbas əl-Fətlavi Qrupun bütün zərərçəkənlərlə həmrəy olduğunu təsdiqləyib. (AZƏRTAC)