Bu barədə türkiyəli analitik Gürbüz Eren fransız işğalçılarına qarşı üsyan edən ilk türk kəndinin sakinlərinin qəhrəmanlığına həsr olunmuş məqaləsində yazır.
Məqalə “Independent Türkçe” nəşrində dərc edilib. Məqalədə qeyd olunur ki, fransızlar Cənubi Anadolunun işğal altında olan ərazilərində qalmaq cəhdi ilə Livan və Suriyadan erməniləri bu ərazilərə köçürməyə başlayıblar, cəza dəstəsi qismində isə fransız ordusunun tərkibində yaradılmış “Erməni legionu”ndan istifadə ediblər.
“Hatay vilayəti 1918-ci il oktyabrın 30-da Mudros barışıq müqaviləsi şərtlərinə əsasən Fransanın nəzarətinə keçən bir çox vilayətdən biridir. Dörtyolun işğalını gerçəkləşdirən fransız qüvvələri 400 erməni əsgərindən ibarət bir batalyon idi. Yaxın Şərq ölkələrindən buraya minə qədər erməni köçürüldü və onlar yerli əhaliyə qarşı zorakılıq etməyə başladılar. Özerli kəndinin sakinləri ilk olaraq qiyam qaldırdılar və evlərini qarət edən iki ermənini öldürdülər”, – deyə türkiyəli analitikin məqaləsində deyilir.
Məqalə müəllifi qeyd edir ki, bu türk kəndində baş verən hadisələr Anadolunun cənubunda genişmiqyaslı azadlıq mübarizəsinin başlanması üçün qığılcım oldu.
Özerli kəndinin sakinlərinin hərəkətlərini yatırmaq üçün fransızlar 1918-ci il dekabrın 18-də yerli sakinlərlə atışmada 17 nəfəri itirərək tələsik geri çəkilən hərbi dəstə göndərdilər. Bununla da fransızlara və ermənilərə qarşı mübarizədə ilk qələbə qazanıldı.
Nəşrin müəllifi fransız zabitlərindən birinin öz komandanlığına göndərdiyi depeşanın mətninə istinad edir, burada ermənilərin hərəkətləri ucbatından Hatay əhalisinin Fransa ordusuna qarşı çox düşməncəsinə münasibət bəslədiyi bildirilir.
Özerlidəki yığma qoşun tezliklə 300 nəfərə çatdı və bu, fransızları 1919-cu il sentyabrın 5-də artilleriyanı cəlb etməklə genişmiqyaslı hərbi əməliyyata başlamağa məcbur etdi.
Kara Hasanın komandanlığı altında olan türklər fransız və erməni qüvvələrinin hücumlarına baxmayaraq, üstün gələn qüvvələrin irəliləməsini dəf etməklə yanaşı, əks-hücumlar da təşkil edə bildilər. Nəticədə işğalçılar yenidən Dörtyol bölgəsinə çəkildlər, - deyə “İndependent Türkçe” nəşrinin materialında deyilir. (AZƏRTAC)