10.10.2024, 14:47
AZ EN
01.07.2024, 17:52 191

“Politico” nəşri: Seçkilərin birinci turu Makron üçün alçaldıcı olub

XƏBƏRLƏR
  • Birləşmiş Ştatların nüfuzlu “Politico” nəşrində “Makronun dövrü başa çatdı. Le Peni kimsə dayandıra biləcəkmi?” sərlövhəli məqalə dərc edilib.

Nəşr Fransada parlament seçkilərinin birinci turundan sonra Emmanuel Makronun bütün qüvvələri ifrat sağçıların qarşısının alınmasına səfərbər etmək və ya öz hərəkatından qalanı xilas etməyə çalışmaq kimi son dərəcə ağrılı seçim qarşısında qaldığını vurğulayır.

Məqalədə qeyd edilir ki, bazar günü keçirilən parlament seçkilərinin birinci turu Fransanın 46 yaşlı lideri üçün alçaldıcı oldu və onun yeddi il əvvəl yeni, autsayder siyasətçidən prezidentliyə yüksəlişi qədər heyrətamiz hadisəyə çevrildi.

Nəşr xatırladır ki, Makron iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdə ultrasağçıların qarşısında uğradığı fəlakətli məğlubiyyətdən sonra növbədənkənar seçkiləri məhz Fransanın ifrata sürüklənməsi prosesini dayandırmaq məqsədi ilə çağırıb. Lakin o, tamamamilə əks nəticə əldə etdi.

Məqalədə qeyd olunur ki, Avropanın ikinci ən böyük iqtisadiyyatı və qitənin yeganə nüvə gücü indi ifrat sağçı hökumətin yaradılmasına həmişəkindən daha yaxındır və səsvermənin birinci turundan sonra Marin Le Penin “Milli birlik” partiyası liderlik edir: “Əgər iyulun 7-nə planlaşdırılan ikinci turda “Milli birlik” parlament çoxluğunu qazansa, (bu, tamamilə mümkündür), o zaman ölkəni qismən də olsa Avropa İttifaqını parçalamaq, miqrasiyaya qarşı müharibə aparmaq və NATO-nu tərk etmək vədi ilə ad çıxarmış siyasətçilər idarə edəcəklər”.

Məqalədə vurğulanır ki, Le Penin partiyası o vaxtdan bəri ən mübahisəli mövqelərini yumşaltsa da, Qərbin əsas siyasi ehkamlarına dərin şübhə ilə yanaşır. Seçkilərdəki qələbə onun 2027-ci ildə Fransa prezidenti seçkilərində qalib gəlmək şansını xeyli gücləndirəcək.

Fransanın “Ipsos” sorğu institutunun apardığı təhlilə görə, Le Penin partiyasının proqnozlaşdırılan nəticələri onu hakimiyyətin astanasına gətirib çıxarıb. İnstitutun məlumatında deyilir ki, onun partiyası birinci turda səslərin 33,2 faizini toplayıb, yəni ifrat sağçılar parlamentdə 230-280 yer qazana bilərlər.

Parlamentdə mütləq çoxluq üçün baryer 289 yer olduğundan, ifrat sağçılar hətta bir həftə ərzində “Milli birlik” partiyasının rəhbəri Jordan Bardellanın baş nazir olması ilə hökumət qura biləcəklər.

“Politico” qeyd edir: “İndi əsas sual ondan ibarətdir ki, kimsə və ya hər hansı bir qüvvə onu dayandıra bilərmi?” (Trend)

Oxşar xəbərlər