«Hraparak» qəzeti 8 iyun tarixli sayında qeyd edir ki, İrəvanda iyunun 7-də KTMT parlament şurasının iclası keçirilib və iclasda Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyatislav Volodin sədrlik edib. Ermənistan parlamentindəki müxalifət fraksiyası iclasdan öncə V.Volodinə yazılı müraciət təqdim edərək burada iştirak etməmələrinin səbəbini açıqlayıb və bildirib ki, onunla ayrıca görüşüb mövcud durum barədə fikir mübadiləsi aparmaq istəyirlər. İrəvanın rəsmi KİV-ləri xəbər yayıb ki, Dövlət Dumasının sədri müxalifətlə görüşdən imtina edib və onlarla hər hansı mövzu barədə fiikr mübadiləsi aparmaq istəmədiyini diplomatik üsulla açıqlayıb. «Hayastan» fraksiyasının üzvü Aqnesa Xamoyan isə jurnalistlərə bildirib ki, onlar V.Volodinə göndərdikləri məktubda görüşə və dialoqa hazır olduqlarını bildirsələr də Dövlət Dumasının sədri iclas qurtardıqdan dərhal sonra Moskvaya qayıtdığına görə görüş baş tutmayıb. Qəzet əlavə edir ki, RF Dövlət Dumasının sədrinin İrəvana səfəri əvvəlcədən planlaşdırılmışdı və protokolda müxalif deputatlarla ayrıca görüş nəzərdə tutulmamışdır. Ona görə də müxalif erməni deputatların Volodinin ünvanına müxtəlif tənqidi fikirlər söyləməsi heç bir məntiqə sığmır.
Nəsib Qaramanlı