Erməni qadın deputatlıqdan imtina edib
«Hraparak» qəzetinin 25 may tarixli sayında qeyd olunur ki, Ermənistan parlamentindəki «Vətəndaş müqaviləsi» fraksiyasının üzvü Anuş Beğloyan müxalifətin etiraz aksiyaları başlayarkən öz partiya yoldaşlarına bildirmişdi ki, bu aksiyalar Ermənistanın xeyrinədir. Əgər hadisələr belə davam edərsə, Ermənistan naminə deputat mandatından imtina edəcək. Bu yaxınlarda parlamentdə öz mandatını yerə qoyan Anuş Beğloyanın əvəzinə «Mənim addımım» blokundan namizəd Qayane Yeğeazaryan parlamentdə təmsil olunur. Sənədlərə baxış zamanı məlum olub ki, onun ali təhsili yoxdur, orta təhsillidir. İrəvanda 175 saylı orta məktəbi bitirdikdən sonra 2015-ci ilin mayınadək müxtəlif yerlərdə işləyib. 2015-ci ildə təsis edilən «Vətəndaş müqaviləsi» partiyasının ilk üzvlərindən və funksionerlərindəndir. Onun ali təhsil olmasına baxmayaraq qərara alınıb ki, parlamentdə təmsil olunsun.
Qəzet həmçinin vurğulayır ki, bu parlamentdə yeganə orta təhsilli deputat deyil. Hripsime Hunanyanın da ali təhsili yoxdur. O, ixtisasca orta təhsilli şəfqət bacısıdır. Mandatdan imtina edən Anuş Beğloyan hazırda itaətsizlik aksiyasının tərəfdarlarından biri olmaqla sabiq partiya yoldaşlarını daim tənqid edir.
Ermənistanda Prezident iqamətgahı mühasirəyə alınıb
Mayın 25-də səhər saat 8-dən başlayaraq Ermənistanın Prezident iqamətgahının əhatəsində xeyli itaətsizlik nümayəndəsi toplaşıb. Onlar yolları kəsərək Prezident aparatında işləyən adamları binaya girməyə qoymayıblar. Polisin xəbərdarlığına baxmayaraq etirazçılar dağılışmadığına görə bir azdan sonra buraya əlavə polis qüvvələri yeridilib. Xatırladıq ki, bir gün öncə isə itaətsizlik edənlər xarici işlər nazirliyinin binasını dövrəyə alaraq öz nümayəndələrinin qəbul edilməsini tələb etmişdilər. Daşnak deputat İşxan Sağatelyan demişdi: «Xarici işlər nazirliyi çoxdandır xuliqan durumundadır. Ona görə də XİN Ermənistanın mənafeyi ilə əlaqədar iş görmür. Ararat nazir təyin edilərkən dediyim sözləri yəqin ki, xatırlayırsınız. O vaxt demişdim ki, mənə siyasi məsuliyyəti və davranışı olan nazir lazımdır. Onların isə öz satqınlıqlarını bərabər bölən nazirə ehtiyacları var. Bizim nümayəndələr istəyir ki, xarici işlər nazirliyinin nüfuzu, səriştəsi olsun ki, xalqın mənafeyini ifadə etsin. Bunlar xalqın əleyhinə iş görürlər. Buna isə heç bir haqları yoxdur». Bir az sonra parlamentin müxalif deputatlarının bir qrupu xarici işlər nazirliyinə daxil olaraq nazir müavinləri Mnasaqan Səfəryan və Vahe Gevorkyanla görüşüblər. Diskusiya zamanı müavinlər vurğulayıblar ki, hələ konkret heç bir sənəd imzalanmayıb. Onlar Qarabağın Azərbaycanın tərkibində qalıb-qalmayacağı barədə suala cavabdan isə imtina edərək yenə bildiriblər ki, müzakirələr gedir. Heç bir sənəd imzalanmayıb.
Dövlət mühafizə xidmətinin rəisi həbs ediləcəkmi?
«Joğovurt» qəzeti 25 tarixli sayında yazır ki, Ermənistanın baş prokurorluğuna Dövlət Mühafizə xidmətinin rəisi Sarkis Hovanesyan barədə şikayət ərizəsi daxil olub. Bildirilir ki, DMX-nın rəisi mayın 2-də keçirilən etiraz aksiyası zamanı «Mediahab» informasiya agentliyinin reportyoru Nare Gevorkyana və operator Arman Qazaryana qarşı kobudluq edib, onları və daha bir aksiya iştirakçısını söyüb. Məsələyə parlamentin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Toğmasyan daha ciddi münasibət bildirib və o, yazılı şəkildə Baş prokurorluğa müraciət edib. Respublika baş prokorurloğunun istintaq komitəsi ərizə ilə bağlı təqdiqatlara başlayıb və hər iki media nümayəndəsi DMX-nın rəisinin cinayət məsuliyyətinə cəlb olunmasında israrlı olduqlarını bildirirlər.
24 NEWS-da yayımlanmış videoçarxdan isə görünür ki, mayın 25-də «Dirəniş» hərəkatının çağırışı ilə itaətsizlik iştirakçıları Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binasını da mühasirəyə alıblar.
Nəsib QARAMANLI