Rusiyanın “xüsusi hərbi əməliyyat” adı ilə Ukrayana apardığı savaş nəticəsində daimi yaşayış yerindən qaçqın düşşən insanların sayı 1,7 milyona çatıb. Müharibədən qaçan ukraynalılar qonşu Polşa, Rumıniya, Slovakiya və digər ölkələrə üz tutur, ölkədə on minlərlə insan məcburi köçkünə çevrilib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bu ilin iyul ayına qədər qaçqınların sayının 4 milyona çatacağını təxmin edir.
BMT-nin yardım agentlikləri Ukraynanın humanitar yardıma və müdafiəyə ehtiyacı olan bütün bölgələrinə maneəsiz daxil olmaq imkanına çağırır. Bu çağırış Ukraynada humanitar dəhlizlərin yaradılması səyləri ilə bağlı xəbərlər fonunda verilib.
“Amerikanın səsi”nin məlumatına görə, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Ukrayna və Rusiya arasında mülki şəxslərin münaqişə zonalarından təhlükəsiz keçidinin asanlaşdırılmasına dair əldə edilmiş razılaşmanı alqışlayır. Qarşı tərəflərin nümayəndələri bazar ertəsi Belarusda razılaşmaının əldə edilməsi təklif ediblər.
Bununla belə, idarənin sözçüsü Yens Laerke bildirib ki, BMT nümayəndələri hələlik humanitar dəhlizlərin yaradılması ilə bağlı hər iki tərəfdən hər hansı yazılı mesaj almayıb. Onun sözlərinə görə, Ukrayna boyu baş verən zorakılıqlar insanları dəhşətə gətirir və milyonlarla insanın təcili olaraq təhlükəsiz keçid və həyatları xilas edəcək yardıma ehtiyacı var.
Həftə sonu Polşa sərhəddində ukraynalı qaçqınlara baş çəkən ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton artan humanitar böhranla əlaqədar 2,75 milyard dolların ayrılmasına çalışır.
Bu arada, martın 6-da Ukrayna hərbi qüvvələrinin sərhədlərə nəzarət etmək üçün cənubda Nikolaiv və şimalda Çernihivdə Rusiya qüvvələri ilə “şiddətli döyüşlər” apardıqlarını bildirdyi vaxta təsadüf edir.
“Əsas səylər Mariupol şəhərinin müdafiəsinə yönəlib”, Ukrayna hərbi qüvvələrinin Facebook səhifəsində deyilir. Eyni zamanda, Ukrayna təhlükəsizlik qüvvələrinin Donetsk vilayətində əməliyyat apardığı qeyd edilib.
Ukrayna ordusu həmçinin bu günə qədər Rusiya hərbi qüvvələrinin 88 təyyarəsini vurduğunu və bir neçə pilotu əsir götürdüyünü bildirib.
Mariupol şəhəri bir neçə gündür ki, işıq, ərzaq və su olmadan mühasirədədir. Rusiya humanitar dəhliz açmaq üçün atəşkəs elan etdikdən sonra yerli rəsmilər 450 min nəfər əhalinin avtobus və şəxsi avtomobillərlə şəhəri tərk edə biləcəyini bildirib.
Lakin evakuasiya gecikir, rəsmilər bildirir ki, “Rusiya tərəfi atəşkəsə əməl etmir və həm Mariupolun özünü, həm də şəhərin ətrafını atəşə tutmaqda davam edir”.