Materialda 1848-ci ilin 22 iyun axşamında, "Fevral inqilabı" nəticəsində sonuncu fransız kralının devrilməsindən cəmi 4 ay sonra Paris küçələrində yenidən barrikadaların peyda olmasından danışılır. Etirazın səbəbi yeni Respublika hökumətinin fəhlələrə "əmək hüququ" ilə bağlı verilən vədi pozması olub.
"Dörd gün sonra üsyan amansızcasına yatırıldı, minlərlə üsyançılar barrikadaların üzərində qətlə yetirildi, işçi məhəllələrində toplar və yandırıcı raketlər atılır, məhkumlar isə güllələnilirdi. Son həddə zorakılığın tətbiqinin kökləri - istər monarxiya olsun, istərsə də respublika - Fransa dövlətinin, müstəmləkəçi xarakterinə dayanırdı. İstər monarxiya dövründə, istərsə də respublika idarəetmə formasında hakimiyyət ölkə daxilindəki iğtişaşları yatırmaq üçün müstəmləkə Afrikanın ordusuna müraciət edirdi", - məqalədə deyilir.
Müəllif qeyd edir ki, 1848-ci ildə kral öz taxtını qorumaq üçün Əlcəzairin keçmiş general qubernatoru Tomas-Rober Büjoya müraciət edib. Büjo Əlcəzairdə terrorçu rejimə rəhbərlik edirdi ki, bu rejimi tarixçi Cenifer E.Seşns zorakılığın, əlil buraxma və edamların "institusionallaşdırılması" kimi təsvir edirdi.
"İyun üsyanı" baş qaldırdıqda isə hökumət Əlcəzairin yeni general qubernatoru Ejen Kavenyakı çağırdı. İyunun 24-də hökumət özünü buraxdı və hakimiyyəti Kavenyaka təhvil verdi. 1832-ci ildən Əlcəzairdə olan Kavenyak Afrika ordusunun törətdiyi vəhşiliklərin təcrübəli siması idi.
"Afrika ordusunun iyun üsyançıları ilə mübarizəyə cəlb edilmiş digər yüksək vəzifəli xadimləri arasında polkovnik Şarras, general Lamorisyer (Əlcəzairin daha bir keçmiş general qubernatoru), general Bedo, general Dyüvivye və general Neqrie var idi. Conatan M.Hausun hərbi tədqiqatında qeyd olunub ki, general rütbəsi almış ilk üç polkovnik iyun günlərində Afrika ordusunda xidmət edirdi. İsteblişment iyun üsyançılarına hücuma bəraət verərək işçilərin narazılığını görməzdən gəldi və onları respublikanın, nəticədə sivil cəmiyyətin düşmənləri kimi qələmə verdi. Üsyançılar şəhərin qeyri-sivil camaatı kimi təsvir olunurdular. "Le Constitutionnel" qəzeti onları yerli amerikalı və əlcəzairlilərlə müqayisə edirdi. İmperialist ölkələrdə hərbi əməliyyatları işıqlandırarcasına senzura altındakı fransız mətbuatı ordunu sıx məskunlaşmış şəhəri atəşə tutduğuna görə qınamırdı, əksinə guya üsyançılar tərəfindən baş kəsmə, əlil buraxma və zəhərləmələr barədə qorxunc şaiyələri tirajlayırdı ki, onları geniş ictimaiyyətin gözündə barbar kimi qələmə versin. Bu müstəmləkə registri əlbəttə ki, ölkədə "sivilizator missiyası"na haqq qazandırmaq məqsədi daşıyırdı", - deyə müəllif yazır.
Materialda iyun üsyançılarını ürəkdən müdafiə edən yeganə görkəmli şəxsiyyətlərin inqilabçılar Karl Marks və Fridrix Engels olduğu vurğulanır.
"Marksın Kölndə redaktə etdiyi "Neue Rheinische Zeitung" qəzetində Engels dəfələrlə generalların müstəmləkə mənşəli olduqlarını xatırladırdı. Dyüvivyenin 1836-cı ildə Konstantinin müsadirəsi zamanı komandir kimi rolunu xatırladan Engels onun Sen-Lui adasında "Əlcəzair barbarlığı" (burada o fransızların Əlcəzairdəki barbarlığını nəzərdə tuturdu) ilə hərəkət edərək parislililərə qarşı ağır artilleriyadan istifadə etməsini paralel görürdü. İyun üsyançılarının Afrika ordusunun generalları üzərindəki qələbəsi fransız müstəmləkəçiliyinə zərbə vura bilərdi. Lakin üsyançılar məğlub oldular və bu nəticədə Əlcəzair üçün dağıdıcı zərbə oldu. Fransa paytaxtında isteblişmentin cəsarətli fəhlə sinfinin tələb etdiyi əmək hüququna münasibətdə tərcih olunan alternativ onların Əlcəzairə köçürülməsi və koloniyaçılara çevrilməsi oldu. 1850-ci ildə Fransa dövləti məhkum olunan iyun üsyançılarını Əlcəzairə deportasiya etməyə başladı", - məqalədə deyilir.
Müəllif qeyd edir ki, Fransa dövləti fəhlə və dissidentlərin bir hissəsini müstəmləkəçiyə çevirməklə ölkə daxilində və xaricdə öz hakimiyyətini möhkəmləndirib.
"Bunun uzunmüddətli nəticələrinə Fransa siyasətində ultrasağ qüvvələrin təşviqi, fransız respublikanizminin xüsusi islamafob formasının yaradılması və Əlcəzairdə yüz ildən çox davam edən müstəmləkə tabeçiliyinin təmin olunması daxil idi. İyun günləri bax belə acı nəticələr verdi", - materialda deyilir. (Trend)