21.11.2024, 21:09
AZ EN
25.01.2023, 09:06 321

Alban monastırlarının ən gözəl nümunəsi - Xudavəng

XƏBƏRLƏR
  • Alban monastırlarının ən gözəl nümunəsi Xudavəng monastır kompleksidir. Qafqaz Albaniyasının önəmli yadigarlarından olan monastır kompleksi Tərtərçayın başlanğıcında, Kəlbəcər rayonu ərazisində yerləşir. Monastır kompleksi Qafqaz Albaniyası dövlətinin Xaçın knyazlığında dini-siyasi mərkəz, bir müddət isə alban katolikosluğunun mərkəzi kimi fəaliyyət göstərib. XII əsrdə Xaçın knyazı Böyük Həsənin oğlu Vaxtanqın ailə vəsaiti hesabına yenilənib və əlavə tikililər inşa edilib. Diofizit xarakterli freska elementlərinə malik azsaylı memarlıq nümunəsi olan Xudavəng monastırına əsas bazilika, Arzu xatun və Həsən Cəlal kilsəsi olmaqla bir çox memarlıq nümunələri daxil olub.

Bu fikirləri AMEA Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələrinin və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirib. Onun sözlərinə görə, 1836-cı ildən Alban kilsəsi yeparxiyaya çevrilərək Üçmüədzin kilsəsinə tabe edildikdən sonra ermənilər alban kilsələrinə qarşı maddi və mənəvi terrora başlayıblar. Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən 1993-cü ildə işğalından sonra Xudavəng monastırı da onların tam nəzarəti altına keçib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1997-2011-ci illərdə ermənilər bu kompleksdə qanunsuz arxeoloji və təmir-bərpa işləri aparıb, bu dırnaqarası tədqiqatlar barəsində “Dadivəng monastırında bərpa 1997-2011” adlı erməni dilində kitab nəşr etdiriblər. Kitab üzərində aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, qeyri-qanuni arxeoloji qazıntı və bərpa işlərinə 1997-ci ildə Armen Şaxnazaryanın təşəbbüsü ilə Samvel Ayvazyanın rəhbərlik etdiyi qrup həyata keçirib. Abidədə qeyri-qanunu arxeoloji tədqiqat və bərpa prosesinə “Adrien Martirosyanın xatirəsinə nəməlum donor” və “Amerika erməni memarlığını öyrənən təşkilat” maliyyə dəstəyi verib.

Alim bildirib ki, qeyri-qanuni tədqiqatlar zamanı aşkar edilmiş epiqrafik abidələr Ermənistana daşınıb. Mövcud epiqrafik nümunələrin biri 1182-ci ildə hakimiyyətə gələn Vaxtanq tərəfindən öz əli ilə yazılmış daş abidədir. Epiqrafik yazıda onun 40 il müddətində apardığı müharibələr və Xudavəng monastırındakı fəaliyyətindən geniş şəkildə bəhs edilir. Burada aparılan arxeoloji qazıntılar və bərpa konservasiya işləri heç bir elmi konsepsiyaya uyğun görülməyib. Qeyri-qanuni tədqiqatlarla çoxlu sayda alban dövrünə aid məzarlıqlar talanıb. Bərpa işlərində Ermənistanda mövcud olan Ani karxanasındakı tuf daşlardan geniş şəkildə istifadə edilib. Arzu Xatun kilsəsi daxilində aparılan bərpa işləri zamanı kilsənin döşəməsində 20 santimetr dərinlikdə küpə daxilində Ağqoyunlu, 1524-1576-cı illərdə Azərbaycan Səfəvilər dövlətində hakimiyyətdə olmuş I Təhmasib və 1578-1587-ci illərdə hakimiyyətdə olmuş Məhəmməd Xudabəndə dövrlərində zərb edilmiş sikkələr aşkar edilib.

2020-ci ildə Azərbaycan Ordusu erməni işğalçılarını 44 gün ərzində Kəlbəcər rayonunu döyüşsüz tərk edilməyə məcbur edilərkən belə onlar kilsə ətrafında qeyri-qanuni fəaliyyətlərini davam etdiriblər. Belə ki verilmiş möhlətdən sui-istifadə edərək Arzu xatun kilsəsinin şərq divarındakı freskaların bir hissəsini xüsusi üsullarla xaricdən dəvət etdikləri mütəxəssislərin köməyi ilə kəsərək Ermənistana aparmaqla alban mədəni irsinə böyük zərbə vurublar.

Monastır kompleksində kortəbii aparılan qazıntı, təmir-bərpa işləri abidənin tarixi görkəminə ziyan vurmuşdur. Buna görə də abidədə kompleks şəkildə alban memarlığına uyğun konservasiya işləri görülməli, kompleksin inkişaf dinamikasının araşdırılması üçün görkəmli arxeoloq alim Rəşid Göyüşov tərəfindən başlanılan arxeoloji tədqiqatlar bərpa edilməlidir. Ermənilər bu əməlləri ilə kifayətlənməyərək Kəlbəcər rayonunun müasir inzibati ərazisinə daxil olan (Kolatağ kəndi) Böyük Arran monastır kompleksində öz saxtakar fəaliyyətlərini davam etdirməkdədirlər. (AZƏRTAC)

Oxşar xəbərlər