26.02.2024, 10:39
AZ EN
07.01.2023, 17:45 154

Xan qızına həsr olunmuş sənədli filmin çəkilişləri başa çatıb

XƏBƏRLƏR
  • XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, Xan qızı Xurşidbanu Natəvana həsr olunmuş sənədli filmin çəkilişləri başa çatıb. Film Xurşidbanu Natəvanın anadan olmasının190 illiyinə həsr olunub. Filmin ideya müəllifi Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, ssenari müəllifi folklorşünas alim, şairə və dramaturq Fəridə Hicran Vəliyevadır. F.Xələfova həm də filmdə Xurşidbanu Natəvan obrazını canlandırıb.

Rəssam-modelyer Fəxriyə Xələfova filmin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşüb:

“Azərbaycan qadının parlaq nümunəsi Xurşidbanu Natəvan obrazı mənə təklif olunanda sevinc və qürur hissi ilə qəbul etdim. Film həm də Qarabağ hadisələrini, mənfur ermənilərin vandallığını, vəhşiliyini, tarixi abidələrimizi, şəhər və kəndlərimizi dağıdaraq viran qoymasını geniş ictimaiyyətə və gələcək nəsillərə çatdıracaq. Film üzərində işləyərkən Xan qızı haqqında bəzi yeni məlumatlar öyrəndik. Belə ki, onun əsl adı Xurşidbanu Bəyim olub, lakin yaradıcılığının ilk dövrlərində “Xurşid” təxəllüsü ilə yazsa da, sonradan özünə “Natəvan” təxəllüsünü götürüb. Hətta onun Şuşadakı evi özünün layihəsi əsasında inşa edilib. Çəkiliş zamanı evə daxil olarkən böyük bir risklə qarşılaşacağımı göz önünə almışdım. Dağıntılara məruz qalmış bu evin anındaca uçulub dağılmasından heç kim sığortalanmamışdı. Bununla belə həm Xurşidbanu Natəvanın evindən, həm də yaşadığı evin həyətindən çəkilişlər etdik. Daha maraqlısı isə odur ki, Şuşada olanda insan artıq heç nə düşünə bilmir, hər şeyi unudur. Bir anlıq nə riski, nə də özünü düşünürsən. Dağıntılara məruz qalsa da mən bu evi sevdim, füsunkar memarlıq üslubunda inşa edilmiş Xan qızının evinə heyran qaldım. Dünyanın bir çox ölkələrində olsam da hələ bu gözəllikdə keçidləri olan memarlıq abidəsi görməmişəm”.

F.Xələfova qeyd edib ki, işlərə yayda başlasalar da filmi soyuq və qarlı günlərdə Şuşada tamamlayıblar: “Filmin çəkilişləri Ağdamda, Şahbulaq qalasında, son kadrları isə mədəniyyət paytaxtımız Şuşamızda çəkildi. Natəvan xanımın obrazı üzərində işləyərkən, həm də məqsədimiz Qarabağ xanlığının geyim mədəniyyətinin tam elmi-etnoqrafik təsvirini yaratmaq olub. Bu işdə məsləhətçimiz AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, “Qarabağ geyimləri kataloqu” kitabının müəllifi Gülzadə Abdulova idi. Bu layihəni ərsəyə gətirdiyimizə görə çox xoşbəxtəm. Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş bu filmin bir sıra beynəlxalq kino festivallarına göndərilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, film yanvarın 8-də saat 22.00-da “Mədəniyyət” kanalında yayımlanacaq. (AZƏRTAC)

Oxşar xəbərlər