22.11.2024, 04:04
AZ EN
22.12.2022, 17:19 382

Bəstəkar Süleyman Ələsgərov

XƏBƏRLƏR
  • Azərbaycanın mədəniyyət paytaxtı Şuşa musiqi xəzinəmizə görkəmli  nümayəndələr bəxş edib. Onlardan biri də sevimli bəstəkar Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovdur.

O, 1924-cü il fevralın 22-də Şuşada anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən bəstəkar 2 opera (“Bahadır və Sona” və “Solğun çiçəklər”), 12 musiqili komediya, 2 simfoniya (“Gənclik” və “Vətən”),  “Bayatı-Şiraz” simfonik muğamı, violonçel, fortepiano və simfonik orkestr üçün “İkili konsert”, simfonik orkestr üçün uvertüralar, iki simfonik poema, 6 kantata, bir sıra kamera-instrumental əsərlər, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsert, xor, xalq çalğı alətləri orkestri üçün çoxsaylı əsərlərin müəllifidir. Sənətkarın 200-ə qədər mahnı və romansı bu gün də musiqisevərlərin qəlbini oxşayır.

S.Ələsgərovun geniş tamaşaçı, dinləyici kütləsi arasında tanınması 1940-cı illərin əvvəllərinə təsadüf edir. 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının incəsənət ongünlüyündə gənc bəstəkar S.Ələsgərov da iştirak edirdi. Tədbir çərçivəsində səsləndirilən bir çox mahnılar sırasında onun “Gözlə məni” mahnısı da vardı. O, bu mahnını 1942-ci ildə, 18 yaşında yazmışdı. İlk ifadan sonra mahnı dinləyicilər arasında geniş yayıldı, sevildi və müəllifə şöhrət gətirdi.

S.Ələsgərov hələ konservatoriyada məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən geniş yaradıcılıq fəaliyyətinə başlamışdı. Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik poema, “Məhəbbət gülü” musiqili komediyasını, simli kvartet, skripka, violonçel və fortepiano üçün “Trio”, “Xatirə” əsərlərini yazıb. III kursda oxuyarkən simfonik orkestr üçün “Bayram uvertürası”nı, violonçel, fortepiano və simfonik orkestr üçün ikili “Konsert”, nəhayət, diplom işi kimi “Vətən” simfoniyasını bəstələmişdi. Tələbə bəstəkarın bu əsərlərinin əksəriyyəti elə yazıldığı dövrdə musiqi ictimaiyyəti arasında rəğbətlə qarşılanmışdı və bu gün də konsertlərdə səsləndirilir.

Bəstəkarın simfonik muğam janrında “Bayatı-Şiraz əsəri bu janrda “Şur”, “Kürd-ovşarı” (F.Əmirov) və “Rast”dan (Niyazi) sonra yazılmış gözəl nümunələrdən hesab edilir. Sənətkarın kamera instrumental əsərləri də dəyərlidir. Bu əsərlərin bir çoxu ali və orta ixtisas musiqi məktəblərinin tədris proqramına da daxil edilib.

S.Ələsgərov yaradıcılığında musiqili səhnə əsərləri də xüsusi yer tutur. O, bütün yaradıcılığı boyu bu kimi əsərlərə müraciət edib. Bəstəkarın musiqili komediya janrına xüsusi münasibəti, marağı olub. “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Hardasan, ay subaylıq?”, “Sevindik qız axtarır”, “Həmişəxanım” kimi operettaları Musiqili Komediya Teatrının repertuarında uzun müddət yer tutan ən uğurlu tamaşalardan olub. Bu  gün də bu operettalara maraq azalmayıb.

İstedadlı bəstəkar həm də, Azərbaycan xalq musiqisinin toplanmasında, nota köçürülməsində böyük fədakarlıq göstərib. Musiqi fondunda saxlanılan bir sıra muğamlar, rənglər (“Qarabağ şikəstəsi”, “Segah rəngi” və s.), xalq mahnıları S.Ələsgərovun zəhmətinin bəhrəsidir. O, yurdumuzu qarış-qarış gəzərək yaddaşlarda yaşayan, el şənliklərində ifa olunan mahnıları seçərək nota köçürürdü.

S.Ələsgərov həmişə tamaşaçılar tərəfindən sevilən, alqışlarla qarşılanan bəstəkarlardan olub. Həm kinofilmlərə, həm tamaşalara yazdığı musiqilər film və səhnə əsərlərinin təsir gücünü daha da artırıb. Görkəmli bəstəkar Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də Bakı şəhərində vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR