Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirdə Dövlət Himnimiz səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Pərviz Həmzəyev Xurşidbanu Natəvan irsinin öyrənilməsi və mənimsənilməsinin vacibliyindən danışıb və belə filmlərin çəkilməsinin əhəmiyyətini vurğulayıb.
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Etibar Məmmədov qeyd edib ki, layihə çərçivəsində hazırlanan “Xan qızı” sənədli filmi Azərbaycanın ədalətli, haqlı, tarixə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dünyaya səmərəli və başa düşülən şəkildə çatdıracaq.
Sonra “Xan qızı” filmi nümayiş etdirilib.
Milli Məclisin deputatı, Xurşidbanu Natəvanın kötücəsi Aqiyə Naxçıvanlı bildirib ki, Xan qızının irsini qorumaq, araşdırmaq və gələcək nəsillərə çatdırmaq milli-mənəvi dəyərlərimizin zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsi nəticəsində işğal altında olan tarixi torpaqlarımızı, o cümlədən mədəniyyətin beşiyi olan Şuşanı işğaldan azad etməsini “tarixi hadisə” adlandıran deputat bildirib ki, bu eyni zamanda Natəvan irsinin düşmən əsarətindən xilas olunması deməkdir. Xurşidbanu Natəvan haqqında bir sıra faktları açıqlayan Aqiyə Naxçıvanlı əminliklə bildirib ki, Azərbaycanın mənəvi dəyərlərini təbliğ edən belə filmlər bundan sonra da geniş ictimaiyyətə təqdim olunacaq və gənclərimizin vətənpərvərlik ruhunda maariflənməsində əhəmiyyətli yer tutacaq.
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova bildirib ki, vətənpərvərliyi, milli-mənəvi dəyərləri, xeyriyyəçilik ənənələrini təbliğ edən belə layihələr davam etdiriləcək. O həmçinin deyib ki, “Xan qızı” sənədli filminin ingilis dilində olan versiyası üzərində iş artıq yekunlaşmaq üzrədir və ən yaxın vaxtlarda işıq üzü görəcək.
Mina RƏŞİD