13.02.2026, 17:35
AZ EN
13.02.2026, 14:50 215

İsgəndər Sərdarlı: "Biz hər kəsə Mirzə Qədim İrəvaninin vizual memar kimliyini kəşf etdiririk"

XƏBƏRLƏR
  • “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Mirzə Qədim irsinin işığını paylaşaq” layihəsi çərçivəsində dahi rəssamın yaradıcılığına tamamilə yeni, elmi baxış bucağı təqdim olunur.

Layihənin müəllifi, araşdırmaçı tətbiqi sənət ustası İsgəndər Sərdarlı açıqlamasında bildirib ki, layihənin hədəfi sadəcə ənənəvi təbliğat deyil, Mirzə Qədim İrəvani fenomenini yeni paradiqmada sənət dünyasına çatdırmaqdır.

O, İrəvaninin rəssamlıq tariximizdəki yerinin indiyədək daha çox lokallıq çərçivəsində qiymətləndirildiyini deyib: “Hər kəs Mirzə Qədim İrəvanini Azərbaycan rəssamlığında realizmin banisi kimi tanıyır. Lakin biz bu layihə ilə elmi əsaslarla sübut edirik ki, İrəvani özünəməxsus yaradıcılıq formatına görə nəinki ölkəmizdə, bütövlükdə bütün Şərq və İslam aləmində konstruktiv realizmin ilk pioneridir. Onun miniatür dekorativliyinin riyazi dəqiqlik və Avropa həcm-məkan anlayışı ilə birləşdirməsi təsadüfi bir üslub dəyişikliyi deyil, fundamental sənət inqilabıdır”.

Müəllif qeyd edib ki, layihə çərçivəsində ustadın irsini tərənnüm edən sənət nümunələrinin yaradılması ilə yanaşı, geniş maarifləndirmə missiyası da həyata keçirilir: “Bizim mənəvi borcumuzdur ki, sənətsevərlərə və sənətşünaslara İrəvaninin indiyədək diqqətdən kənarda qalan tərəflərini - onun sarsılmaz anatomik dürüstlük və optik həqiqətə söykənən “riyazi mühəndisliyini” nümayiş etdirək. Mirzə Qədimin naxış daxilində gizlətdiyi o ilk realizm qığılcımı, əslində milli ruhun tərəqqi formulasıdır. Biz hər kəsə bu dahi sənətkarın indiyədək görmədikləri möhtəşəmliyini, onun sənətdəki vizual memar kimliyini kəşf etdiririk”. (AZƏRTAC)

Oxşar xəbərlər